"Xalqın yumruq kimi birləşdiyi məqamda LƏYAQƏTSİZ SÖZLƏRİ ilə..."

"Torpağı, milləti qorumaq, müharibədə şəhid olmaq hamımızın müqəddəs vəzifəsidir. Hər kəs gördü ki, millət bir gündə, bir saatda yumruq kimi birləşdi. Heç vaxt, 1992-ci ildə də belə coşqu olmamışdı. Bu hamının içindən gələn Qarabağ yanğısı idi. Müxalifət heç bir təziq olmadan bəyanat verdi. Qeyrətli, namuslu, ehtiyac içində yaşayan, bəzi məmurlar tərəfindən “səni müharibəyə mən göndərmişdimmi?” deyilərək təhqir olunan Qarabağ qazilərinin hamısı bir nəfər kimi dedilər ki, biz ölümə gedirik. Onların dedikləri sözdə deyildi, gerçəkdən də ölümə hazır idilər. Çünki onlar müharibə dəhşətlərinə şahid olublar, dostları, yoldaşları gözlərinin qabağında şəhid olub, ev-eşikləri dağılıb, sağlamlıqlarını itiriblər”. 
Bunu Moderator.az-a açıqlamasında keçmiş müdafiə naziri Rəhim Qazıyev bildirib. 
 
Sabiq müdafiə naziri döyüşlər zamanı şəhidlərimizin çox olması ilə bağlı fikirlərə belə münasibət bildirib: “Atəşkəsin nəyə görə elan olunduğunu dövlət səviyyəsində oturanlar yaxşı bilir. Ancaq mən verdiyimiz şəhidlərdən, yaralılardan danışmaq istəyirəm. 70-ə yaxşın şəhid verdik, nə qədər də yaralılarımız var, hələ onlardan neçəsinin sağ qalacağını bilmirik. Burada çox taktiki və böyük diqqət çəkən bir çox məqamlar var. İlk öncə vertolyotumuzun vurulmasına diqqət çəkmək istəyirəm. Bizim bu qədər reaktiv atəş sistemimiz olduğu halda düşmən səngərinə nəyə görə vertolyotumuz yaxınlaşırdı və vurulurdu, qarşı tərəf reaktiv atəş sistemi ilə susdurulmurdu? Ali baş komandanımız cavabdeh şəxslərdən bütün bunların açıqlamasını tələb etməlidir. Ön cəbhədə baş verənlər dövlət səviyyəsində, təhlükəsizlik şurasının iclasında kəskin müzakirə olunmalı, günahkarlar cəzalandırımalıdır. Biz də sevinirik ki, torpaqlarımızın bir hissəsi alındı, amma 1992-ci ildə biz o təpələri almışdıq axı”. 
R.Qazıyev daha sonra deputatların şəhidlərin dəfn mərasimində iştirakı ilə bağlı da fikirlərini bölüşüb: “Aprelin 4-də bir neçə deputat İTV-də çıxış edirdi. Deputatın biri qeyd etdi ki, bu şəhidlər o şəhidlərdən deyil. Yaxşı bizi böldünüz, bəs torpaqdan ötrü canını qurban verənləri niyə bölürsünüz?! Bəs yaxşı Ağdərəni, Gülüstanı, Şamuyankəndi, Sərsəng su anbarını qoruyan, Kəlbəcər yolunu açıb can verən şəhidlərimiz kimlər idi? Xalqın yumruq kimi birləşdiyi bir məqamda ləyaqətsiz sözləri ilə insanları iyrəndirən adamların qarşısı alınmalıdır. 
Birincisi, ön cəbhədə son baş verənlər Ali Baş Komandanımızın yanında Təhlükəsizlik Şurası tərəfindən dəqiq analiz olunub qiymət verilməli hadisədir. İkincisi, deputatların şəhidlərin dəfn mərasiminə getməsini yazırlar, göstərirlər. Həmin deputatlar, eləcə də ən böyük vəzifəli şəxslər kreslolarında sakit otura bildikləri üçün canını verən şəhidlərin dəfnində, yas məclisində iştirak etmələrini özlərinə fəxr bilməlidirlər. Şəhid ailələrinin, şəhid atalarının çiyinlərinə minnət qoymamalıdırlar”. 

 






Fikirlər