“GÖZƏGÖRÜNMƏZ” qırıcıların 2-si artıq hazırdı…
100 “F-35” təyyarəsindən ikisi gələn il təhvil veriləcək. Türkiyə yeni F-35 təyyarələrini yaxın zamanda qəbul edəcək. Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin də aralarında olduğu 9 ölkə tərəfindən təşkil edilən ortaq konsorsium tərəfindən istehsal edilən F-35 təyyarələrinin 2018-ci ilə qədər bütün üzvlərə təslim ediləcəyi bildirilir. Türkiyə 100 təyyarə sifariş verib. Onlardan ilk ikisi 2017-ci ildə təhvil veriləcək. “F-35″lərin proqramından məsul olan amerikalı kapitan Kristofer Boqdan Senatın silah xidmətləri komitəsində çıxışı zamanı hərbi təyyarələrin çatdırılma müddətindən danışıb. Boqdan ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilən və 9 ölkənin qatıldığı ortaq layihə çərçivəsində 2005-ci ildən hazırlanması davam edən təyyarələrin təslimatının davam etdiyini bildirib. Ötən il 45 ədəd “F-35” layihəyə qatılan ölkələrə təhvil verilib. 2018-ci ilə qədər isə 100-dən çox təyyarə konsorsium ortaqlarına çatdırılacaq. “2018-2020-ci illər arasında 145 ədəd “F-35″in istehsalı bitəcək. Yaxın 4 il ərzində 17 nöqtədə “F-35″ xidmət bazaları da qurulacaq”.
“F-16” və “F-18” kimi dördüncü nəsil döyüş təyyarələrindən 4 dəfə daha təsirli olduğu bildirilən “F-35″lər həm havadan havaya, həm də havadan quruya hücum imkanlarına malikdir. Radarlara düşməmək xüsusiyyəti ilə seçilən bu yeni nəsil təyyarələr 1990-cı ildə layihələndirildikdən sonra ABŞ və Böyük Britaniyanın rəhbərliyi ilə istehsalı həyata keçirilib. Türkiyənin isə 2002-ci ildə daxil olduğu layihənin digər ortaqları Avstraliya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Böyük Britaniyadır. Eləcə də İsrail, Yaponiya, Cənubi Koreya da bu konsorsiumdan təyyarələr alacaq. /Bizimxeber.az/