"HEYDƏR ƏSƏDOV yeganə nazirlərdəndir ki, deputatların zənglərinə CAVAB VERİR"

"Son zamanlar parlamentə bəzi qanunlar gəlir, baxırıq, qəbul edirik, sonra da onları ləğv etmək zorunda qalırıq."
Bunu millət vəkili Qüdrət Həsənquliyev üzvü olduğu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 28-də keçirilən iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, deyib ki, müzakirəyə təqdim edilən qanun layihəsi də məhz həmin qəbildəndir:
"Düzdür, Azərbaycanda dövlət qulluğuna işə qəbulla bağlı prosedur, test imtahanı çox şəffaf və mütərəqqidir, amma ikinci mərhələ - müsahibə haqqında bunu demək olmaz.
Bu mərhələ hər zaman problem, narazılıq yaradıb. Odur ki, bu gün müzakirəyə çıxarılan variant həmin narazılığı bir qədər də artırmış olacaq".
Millət vəkili həmçinin deyib ki, məmurlar, vəzifəli şəxslər var ki, işlədikcə, yaşlaşdıqca parıldayır, müdrikləşir:
"Yəni, kotan işlədikcə parıldadığı kimi, bəzi məmurlar da işlədikcə parıldayır, müdrikləşir. Amma bəzi vəzifə sahibləri də var ki, loru dillə desək, yaşlaşdıqca xərifləyir, paslanırlar. 
İndi bizim qanun yaradıcılığı ilə məşğul olan bəzi məmurlarımız da var ki, artıq paslanıblar, yorulublar, bir neçə dövlər rəhbəri dəyişiblər. Ona görə həmin şəxslərin də yenilənməsi, əvəzlənməsi lazımdır".
O, eyni zamanda deyib ki, dövlət qulluğuna qəbulla bağlı test imtahanından sonra sertifikat almağa da ehtiyac yoxdur.
"Əvvəllər, attestasiya var idi, indi isə məmur sertifikat almalıdır. Biz axı, nəyə görə məmurları bu qədər yük altında saxlayırıq? Onların ürək xəstəsi, şəkər xəstəsi olanı var. Onlara əksinə, sərbəstlik vermək lazımdır. Kimlərsə əgər öz işlərini düzgün qurmasa, nöqsana yol verərsə, işindən çıxarılar, amma onları bu qədər yükləmək nəyə gərəkdir, heç anlamıram. 
Yenə də müsahibə məsələsinə qayıdaraq bir faktı demək istəyirəm. Bir xanım mənə müraciət etmişdi ki, bəs həm imtahandan, həm müsahibədən keçib, hətta, ona deyiblər ki, vəzifəyə də təyin olunacaqsan, ancaq sonra deyiblər ki, başqasını götürmüşük. 
Mən bu məsələ ilə bağlı kənd təsərrüfatı naziri Heydər Əsədovla danışdım, o da sağ olsun, yeganə nazirlərdəndir ki, deputatların zənglərinə cavab verir. Amma mənə cavabı bu oldu ki, müsahibədən 5 nəfər keçmişdi, biz də onlardan birini seçdik. 
Ona görə də müzakirəyə çıxarılan sənədi elə hazırlamalı və qəbul etməliyik ki, bir müddət sonra onu ləğv etməyək" - deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.






Fikirlər