Abel Məhərrəmovdan ilginc açıqlama
“Təhsil haqqında” qanun qüvvəyə minib, bu, çərçivə qanunudur. Ancaq təhsil sahəsində “Ali təhsil haqqında”, “Elm haqqında” və digər qanunlar, normativ sənədlər işlənilməlidir. Əslində parlamentin iş planına əsasən payız sessiyasında müzakirəyə çıxarılacaq “Elm haqqında” qanunun qəbulunu hamımız gözləyirik”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. A. Məhərrəmov bildirib ki, “Elm haqqında” “Ali təhsil haqqında” qanunlar arasında əlaqə var, ancaq əvvəlcə “Elm haqqında” qanunu işləmək lazımdır. Eyni zamanda “Elm haqqında” qanun layihəsini işləyib hazırlayarkən bu, “Ali təhsil haqqında” qanunla uzlaşmalıdır, “Ali təhsil haqqında” qanunu yazanda isə onun “Elm haqqında” qanundakı müəyyən müddəalarla uzlaşmasını gözləmək lazımdır. Onun sözlərinə görə, “Elm haqqında” qanunun özünəməxsus xüsusiyyəti odur ki, orada cəmiyyətin bütün təbəqələrinin dərk etmədiyi, bəlkə də başa düşmədiyi məqamlar çoxdur: “Məsələn, bura elmin maliyyələşməsi daxildir. Xüsusən bizi bir məsələ çox maraqlandırır. Hesab edirik ki, ali təhsildə elm maliyyələşməlidir. Bu, nə deməkdir? Əgər Azərbaycanda təqribən 1800 elmlər doktoru, professor varsa, bunun 1200 nəfəri ali məktəblərdədir. Elmlər doktoru, professor ilk növbədə elmlə, sonra isə təhsillə məşğul olmalıdır. Hər il Bakı Dövlət Universitetinin müəllimləri həm elmi hesabat verir, həm də təhsil prosesində çalışır. Hər bir alim elmi tədqiqat işi apararkən onun maliyyə dəstəyi olmalıdır. Bu məsələlər dərindən öyrənilməlidir. Biz bu məsələni qaldırmışıq, “Elm haqqında” qanun layihəsində bu müddəalar var. Ancaq qanun layihəsində nəzərdə tutulan bu məsələlərin müzakirəsinə də ehtiyac duyulur. Birmənalı deyə bilmərik ki, ali təhsildə elmin maliyyələşməsi məsələsi həll olunub. Sadəcə, bu, qanun layihəsində nəzərdə tutulub, müzakirəsinə ehtiyac var. Yəni müvafiq nazirliklər bu istiqamətdə öz razılıqlarını verməlidirlər. Biz bunu çox səbirsizliklə gözləyirik”.
A. Məhərrəmov qeyd edib ki, Azərbaycanda tarixən universitetlər yarananda məqsəd ölkədə maarifçiliyi inkişaf etdirmək, elm və təhsilin səviyyəsini qaldırmaq olub. Ancaq hazırda universitetlərə qoyulan tələb tamamilə başqadır: “İndi isə tələb odur ki, universitetlər ilk növbədə elmi mərkəz olmalı, sonra təhsil ocağı olmalıdır. İndi Azərbaycanda Milli Elmlər Akademiyası olduğu üçün belə düşüncə var ki, elmlə Milli Elmlər Akademiyası məşğul olmalıdır, elə deyil. Xaricdə Elmlər Akademiyası yoxdur, elm universitetlərdədir. Məsələn, hazırda Bakı Dövlət Universitetinə bir qonaq gələrkən ilk növbədə universitetin elmi məktəbləri, hansı elmi uğurlarımız olduğunu, sonra təhsili soruşur. Elm olmayan yerdə təhsil ola bilməz. Yəni “Elm haqqında” qanun daha ciddi, lazımlı qanundur, bütün elm adamları bunu gözləyir”.