05.09.2014- Abel Məhərrəmov xaricdə təhsil alan bəzi gənclərdən şikayətləndi

05.09.2014- Abel Məhərrəmov xaricdə təhsil alan bəzi gənclərdən şikayətləndiBakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov xaricdə təhsil alan gənclərin bəzilərindən şikayətlənib.

APA-nın xəbərinə görə, A.Məhərrəmov “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) Bakıda keçirilən XII Forumu çərçivəsində keçirilən panel müzakirələrdə çıxış edərək bildirib ki, ölkənin xaricdə təhsil alan gənclərə çox böyük ehtiyacı var. Onları Bakı Dövlət Universitetində gözlədiyini deyən rektorun sözlərinə görə, əfsuslar olsun ki, tələbələr xaricdə oxumağa göndərilir, amma geri qayıtmırlar: “Biz sizi göndərmişik ki, sonradan gəlib universitetləri gücləndirəsiniz. Biz sizə görün nə qədər pullar xərcləmişik, 20, 50, 80 min pul vermişik. Bu pulları nəyə görə vermişik? Ona görə vermişik ki, siz orada oxuyub, mütəxəssis olub, gəlib öz universitetlərimizdə işləyəsiniz, universitetlərdə elmi məktəbləri formalaşdırasınız. Universitetlər, akademiyalar elmi məktəblərlə güclənir. Açıq danışaq, bu gün sizdən yaxşı dövrdə yaşayan yoxdur. Sizi göndərmişik ki, uzun illər təcrübəsi olan universitetlərdən elmi mühiti Azərbaycana gətirəsiniz.

Əfsuslar olsun ki, mən bir rektor kimi deyirəm, universitetimizdə ingilis qruplar var və xaricdə təhsil alıb gələn gənclərin az bir qismi bu qruplara müraciət edir. Biz sizi universitetə dəvət edirik, xaricdə təhsil alandan sonra geri qayıdın və ali məktəblərlə əməkdaşlıq edin”.






Fikirlər