Şahlar Əsgərov: “Dövlət türmədəki vətəndaşın da təhsil almasında maraqlı olmalıdır”
Cənubi Afrika Respublikasının keçmiş prezidenti və bütövlükdə dünyanın barmaqla sayılacaq canlı əfsanələrindən biri olan Nelson Mandela artıq həyatda yoxdur və obrazlı desək bəşəriyyət, sülhpərvər dünya onun 95 yaşında olsa belə, ölümünə yas saxlayır. Təsadüfi deyil ki, ABŞ prezidenti Barak Obama da onun dəfn mərasimində iştirak edəcək...
Nelson Mandela ilə bağlı bir maraqlı xəbər də onun uzun illər həbsxanada olmasına baxmayaraq Cənubi Afrika Universitetində qiyabi oxumasıyla bağlı məlumatların mətbuatda yayılması olub. Maraqlıdır, bu necə mümkün olub və Azərbaycanda bu sahədə vəziyyət necədir? Həbsxanada ola-ola təhsili davam etdirmək mümkündürmü?
Tanınmış təhsil eksperti, parlamentin təhsil komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov Moderator.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda cəzaçəkmə müəssisəsində cəza çəkən insanın hansısa universitetdə qiyabi təhsil alması mümkün deyil və qanunda bununla bağlı birmənalı məhdudiyyət var: “Ancaq mən təhsil komitəsinin sədri olduğum dövrlərdə dəfələrlə bu məsələni qaldırmışam ki, dövlət hər bir vətəndaşının təhsil almasında nəinki maraqlı olmalıdır, buna çalışmalıdır.İstəyir həmin vətəndaş tarlada olsun, yaxud da şəhərdə və ya türmədə. Ona görə də türmədə oturanın da təhsil almasına şərait yaratmaq lazımdır. İnanıram ki, gələcəkdə bizdə də belə bir imkan yaradılacaq. Tutaq ki, bir universitet tələbəsi təsadüfən maşınla bir adam vurub türməyə düşür, o niyə təhsilini hansısa formada davam etdirməsin? O azadlıqdan məhrum edilir, təhsildən niyə məhrum edilir?
Fürsətdən istifadə edərək Ş. Əsgərovdan neçə illərdi ki, bəxti açılmayan “Elm haqqında” Qanunun qəbulunun gecikmə səbəblərini də soruşduq. Bildirdi ki, bu təkcə Azərbaycanda deyil, bütün Şərqin özünəməxsus bəlasıdır: “Bütün dünyanı xəyali olaraq iki yerə bölsək, görərik ki, Qərb dövlətlərində istehsal güclüdür. Tutaq ki, maşın, təyyarə, tibbi avadanlıqlar, hərbi təyinatlı məhsullar və s. Şərq ölkələrində isə ticarət və biznes güclüdür. Unudulmamalıdır ki, istehsal həmişə elmin himayədarı rolunda çıxış edir. Ticarətsə heç zaman elmə fikir verməz. Məhz ona görə Qərb ölkələrində elm bu qədər güclüdür. Yəni elmi nəticəni həzm edən müəssisə olmalıdır. Bizdə ancaq neft və kənd təsərrüfatı sahəsində elmi nəticənin həzm olunması imkanları var. Elmin yerdə qalan çoxsaylı sahələri çox mürəkkəb məsələ olduğundan bu cür vəziyyət yaranır. Əlbəttə, “Elm haqqında” qanun da qəbul olunacaq. Amma onun tətbiqi və elmin inkişafına xüsusi diqqət yetirilməsi təkcə bu qanunun qəbulu ilə bağlı olmamalıdır. Bir müddət öncə saytınıza bu barədə demişdim. Sövet dövründə ən nüfuzlu elmi zirvə SSRİ Elmlər Akademiyasının üzv, yaxud müxbir üzv olmaq idi. Bu akademiyanın ilk müxbr üzvü olan soydaşımızı Azərbaycan xalqı tanımır. Amma ondan sonrakı ikincini, üçüncünü, dördüncünü hamı tanıyır. Bu da onu göstərir ki, bizdə elmə münasibət heç vaxt səmimi olmayıb. Səmimi olmuş olsaydı Əli Əmiraslanovun adına bu şəhərdə ya bir küçə, heç olmasa bir barelyef olardı. Ondan sonrakılara küçə adı da veriblər, heykəl də qoyublar. Yaxud Bakıda orta məktəb bitirmiş üç dəfə Stalin mükafatı alan alimimiz Emin Tağıyevi cəmiyyətdə çoxmu adam tanıyır?”