“Azərbaycana İrəvanı güzəştə getmək şərti qoyulmuşdu” – 1918-Cİ İLİN GİZLİNLƏRİ

“Azərbaycana İrəvanı güzəştə getmək şərti qoyulmuşdu” – 1918-ci ilin gizlinləri

Dövlət İdarəçilik Akademiyası tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova teleqraf.com-a müsahibə verib: 
- Azərbaycan Cümhuriyyəti cəmi 23 ay yaşasa da, həddən artıq böyük irs qoydu, Avropa ölkələrində də böyük arxivlər qalmaqdadır. Mənim üçün maraqlıdır, bizim hələ də tədqiq olunmamış, ölkəyə gətirilməmiş, alimlərimizin tanış olmadıqları hansı sənədlər, arxivlər var?
- Təbii, arxivlər hələ də tam olaraq Azərbaycan tədqiqatçılarının əlində deyil. Tədqiqatçılarımız son 25 ildə Azərbaycanda olan arxivlərdən faydalanıblar. Bizdəki arxivlər tədqiqatçılar üçün demək olar ki, tam açıqdır. Yeganə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin arxivinə konkret sənədlərlə bağlı rəsmi müraciət etmək lazımdır, bu halda həmin sənədlər də təqdim olunur. Qalan arxivlərdə belə bir qapalılıq, yasaq yoxdur. Ancaq həmin arxivlərin də sənədləri kifayət qədər işıqlandırılıbmı? Ən böyük iş 1998-ci ildə görülüb. Həmin il Prezidentin sərəncamına əsasən Milli Arxiv İdarəsi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin sənədlərini əks etdirən 7 cildlik nəşr olunub. Sənədlər toplusu istər tədqiqatçılar, istərsə də mətni orijinaldan oxumaq üçün son dərəcə qiymətlidir.
 
Xaricdə olan arxivlər məsələsi isə bizim bir qədər yaralı yerimizdir. Düzdür, Əlimərdan bəy Topçubaşovun arxivi ilə bağlı daha fəal işlər görülüb. Ayrı-ayrı tədqiqatçılar və AMEA-nın Tarix İnstitutu tərəfindən Hindistandan, Rusiya, Fransa, İngiltərə, Almaniya arxivlərindən Azərbaycanla bağlı sənədlərin gətirilməsi yönündə intensiv iş aparılır. Amma onların toplu halında nəşr olunması xüsusi elmi aparat tələb edən bir işdir. Mənim üçün maraqlısı şəxsi arxivlərdir. Mühacirətdə olan insanların təbii ki, çoxu artıq dünyasını dəyişib. Müstəqilliyin ilk illərində bizim tədqiqatçıların əksəriyyəti həmin ailələrdə olmuş, şəxsi arxivlərlə maraqlanmışdılar. Tədqiqatçılar həmin arxivlərin bir qismindən faydalansalar da, təəssüf ki, həmin arxivlərin bir hissəsi yenə də şəxslərdə qalmaqdadır. Bu, xoşagəlməz haldır. Çünki şəxslərdə, ailələrdə qalan arxivlərin gələcək taleyinə dair heç bir sığorta yoxdur.
“BU MƏSƏLƏDƏ ZAMAN XEYRİMİZƏ İŞLƏMİR”
- Mən öz şəxsi hesabıma Türkiyədən çoxlu arxiv materialları almışam. Türkiyədə bunlar həm də satılır. Necə düşünürsünüz, Türkiyədə auksiona çıxarılan sənədlərin alınaraq dövlət arxivinə verilməsi üçün hansı rəsmi quruma müraciət olunmalıdır?
 
- Bu işlər sistem şəklində həyata keçirilməlidir. Əgər satışa çıxarılıbsa, milli təəssübkeşliyi olan iş adamları varsa, onlara müraciət edib bu materialları əldə etmək olar. Amma mənə elə gəlir, bu iş dövlət səviyyəsində sistemli şəkildə təşkil edilməli, arxivlərin rəsmi şəkildə Azərbaycana gətirilməsi üçün müraciət olunmalıdır. Əgər mümkün deyilsə, onların surətləri gətirilə bilər. Bu sənədləri Milli Arxiv İdarəsinə, Prezident Administrasiyasının İşlər İdarəsinin siyasi sənədlər arxivinə vermək olar. Amma bu iş rəsmi səviyyədə aparılmalıdır. 
 
Çünki əldən-ələ verməklə o sənədlər həm məhv olur, həm də itib-batır. Xaricdə dövlət arxivlərində qorunan sənədlərə zaval yoxdur. Onlar qalacaq. Amma şəxsi əllərdə olan sənədlərin aqibəti baxımından zaman bizim xeyrimizə işləmir.
 
- Sizcə, Azərbaycanın 1918-20-ci illər tarixinin az öyrənilmiş və ya heç tədqiq olunmamış sahələri hansılardır?
- Aktual məsələyə toxundunuz. Xalq Cümhuriyyətinin ümumi siyasi tarixi bəllidir, ordu quruculuğu, parlament fəaliyyəti, iqtisadi, mədəni həyatı ilə bağlı kifayət qədər monoqrafiyalar yazılıb. Amma konkret istiqamətləri dərindən araşdırmağın vaxtı çoxdan yetişib. Məsələn, cümhuriyyət dövrünün sosial tarixi yetərincə araşdırılmayıb. Düzdür, AXC-də sosial-iqtisadi vəziyyət barədə yazılıb, amma sosial zümrələr, təbəqələr, onların hakimiyyətlə münasibətləri, psixoloji yaşamları, məişət səviyyəsində güzəranları demək olar ki, tədqiq olunmayıb. 
 
Biz xaricdə konfranslarda olanda, əcnəbi tədqiqatçılarla görüşəndə görürük ki, onların tədqiqatları daha konkret məqamlara yönəlib. Məsələn, bir tacir ailəsinin siyasi proseslərdə iştirakı ayrıca bir tədqiqat istiqamətidir. Bizdə isə məsələlər ümumi götürülür. Alt qatlar öyrənilməyəndə ümumi təəssürat da mənzərəni açmağa kifayət qədər imkan vermir. Bu baxımdan bizim AXC-nin sosial tarixini öyrənməyə ehtiyacımız böyükdür. 
 
Bir məqam da var ki, arxivlər açıldıqca, imkanlar da böyüyür. Ola bilər, bir arxiv sənədi illərlə oturuşmuş müddəanı alt-üst etsin. Bu baxımdan hesab edirəm ki, biz nəinki AXC ilə bağlı, ümumiyyətlə, Azərbaycan tarixinin başqa sahələrinin də daha problemli, konkret məsələlərin dərininə araşdırılması istiqamətini seçməliyik. Buna ehtiyac var. Amma AXC-nin tarixinin 80 faizdən çox hissəsi sənədlər əsasında demək olar ki, bəllidir.
 
“CÜMHURİYYƏTİN SÜQUTU BİRMƏNALI OLARAQ XARİCİ İŞĞALA BAĞLIDIR”
 
- Bəzən belə fikirlər eşidirik ki, 1920-ci il aprel işğalı həm də AXC hökumətinin xalqdan ayrı düşməsi, bolşeviklərin bundan sui-istifadə etməsi səbəbindən baş verib...
 
- Bütün faktorları ayrı-ayrılıqda tədqiq etsək də, nəticə etibarilə Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi birmənalı olaraq xarici işğal faktoru ilə bağlıdır. Hakimiyyət böhranı, siyasi partiyalar arasında münasibətlər, əhalinin yanaşması, sosial vəziyyət – bunların hamısı bir yerdə həmin dövlətin süqut etməsi üçün yetərli deyildi. Bu, birmənalıdır. Azərbaycan dövlətinin süqut etməsi yaranmış yeni siyasi və beynəlxalq konyunktura ilə əlaqəli məsələ idi. AXC üçün vahid, bölünməz Rusiya tərəfdarı olan Denikin ordusundan təhdid var idi. Denikin ordusu Antanta dövlətləri tərəfindən maliyyələşirdi. 1919-cu ilin payızında Avropa, konkret olaraq Böyük Britaniya Denikini maliyyələşdirməkdən əl çəkdi. Çünki artıq onun uğur qazanmasına onlarda heç bir inam qalmamışdı. Bu, bolşevik Rusiyasının Cənubi Qafqazda üstünlük qazanması demək idi. 
 
Belə olan təqdirdə Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması məsələsi gündəmə gəldi. Həmin vaxtadək Avropa ölkələri bu fikirdən çox uzaq idilər. Baxmayaraq ki, bizim Parisdəki nümayəndə heyəti bütün imkanları ilə Azərbaycanın müstəqilliyini tanınması yönündə iş aparırdı və Azərbaycan 1920-ci il yanvarın 11-də Antanta dövlətləri tərəfindən Gürcüstanla birlikdə de-fakto tanındı. Lakin ona heç bir hərbi yardım göstərilmədi. Köməksiz Azərbaycan Denikin ordusunu məğlub edib cənuba doğru irəliləyən Sovet Rusiyası qarşısında heç bir halda duruş gətirə bilməzdi.
 
Bundan əlavə, bilirsiniz ki, 1920-ci ilin martında ermənilər Dağlıq Qarabağda qiyam qaldırdılar. Bu qiyamın mart ayında olması da təsadüfi deyildi. Çünki ermənilər, onların sosial-demokratları Rusiya ilə danışıqlar aparmışdılar ki, ərazi müqabilində Azərbaycan dövlətinin devrilməsində Rusiyaya öz yardımlarını göstərəcəklər. Şimal sərhədində olmalı qüvvələrin əksəriyyəti Qarabağ cəbhəsinə cəlb olundu. Bu da bir faktor idi. 
 
Yəni bolşevik Rusiyası müxtəlif faktorlardan istifadə etmişdi. İngilis əsgərləri arasında təbliğat aparırdılar ki, vətəninizə dönün, dəniz vasitəsilə Həştərxandan siyasi ədəbiyyat və pul gətirilir, burdan isə neft daşınırdı. Bolşevik dairələrinə işləyən siyasi qüvvələr Azərbaycanda fəaliyyət göstərirdi. Bunlar hamısı öz yerində. Lakin Azərbaycan Cümhuriyyətinin obyektiv şəkildə süquta məhkum olması üçün sadalananlar yetərli deyildi. Sadəcə, hərbi baxımdan heç bir köməklik göstərilmədi. Yeganə köməyimizə gələ biləcək qüvvə Osmanlı dövləti ola bilərdi. 1918-ci ildə bu dövlət Azərbaycana yardım göstərdi. Lakin 1920-ci ildə situasiya tamam başqa idi. Məğlub olmuş Osmanlı dövləti və onu parçalamaqda maraqlı dövlətlər vardı. Osmanlı dövlətinə yardım edə biləcək qüvvə Rusiya ola bilərdi. Rusiya ilə Türkiyə milli-azadlıq hərəkatının maraqları uzlaşırdı. Belə bir məqamda psixoloji faktor kimi biz Türkiyədən də yardım ala bilmədik.
 
Sosial məsələ, əhalinin siyasi aktivliyi məsələsinə gəldikdə, bir misal gətirmək istəyirəm. 1920-ci ilin payızında Azərbaycan İctimai Şura Cümhuriyyətinin başçısı Nərimanov qəzalara səfər edir. Bu səfərlər zamanı məlum olur ki, əhali 4-5 ay əvvəl Bakıda çevriliş baş verməsindən xəbərsizdir. Əsasən Sovet Rusiyasının siyasətini dəstəkləyən qeyri-müsəlman xalqlar aktiv idilər. Müsəlman deyərkən dini etiqada mənsubluq kimi başa düşməyək. Burda müsəlman ifadəsi milli kimliyi ifadə edir. 
 
Digər tərəfdən, XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin çox az hissəsi savadlı idi və Azərbaycan xalqının tarixində nadir hadisələrdən biri idi ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının bütöv bir parlaq nəsli yetişmişdi. Buna həqiqətən də intibah dövrü demək olar. Həmin azsaylı ziyalılar bu cümhuriyyəti qurdular, milli hərəkatın önündə getdilər. Amma bunun kütləvi şəkildə cəmiyyəti əhatə etməsi o dövrdə mümkün deyildi. 1917-ci ildə Rusiyada mütləqiyyət rejimi devriləndən sonra Azərbaycan ziyalıları Azərbaycanın istiqlaliyyətinə qərar vermədilər. Onlar Rusiya Demokratik Federativ Respublikası tərkibində digər Rusiya müsəlmanlarına olduğu kimi Azərbaycan xalqına da ərazi muxtariyyəti tələb edirdilər. 
 
1918-ci ilin yazındakı qırğınlar muxtariyyət tələbini irəli sürən Müsavat Partiyasını sosial bazadan məhrum etmək məqsədi daşıyırdı. Lakin muxtariyyət tələbi ilə çıxış edən qüvvələr real situasiyada – may ayının 28-də Azərbaycanın müstəqilliyini elan etdilər. Bu, böyük bir məsuliyyət idi. Çünki Tiflisdə oturublar, əllərində nə ordu, nə maliyyə var, nə də əraziyə nəzarət edə bilirlər. Bu baxımdan çiyinlərinə böyük bir məsuliyyət götürərək mayın 28-də Azərbaycanın istiqlaliyyətini bəyan etdilər. Yəni artıq situasiya bir istəkdən, niyyətdən irəli gəlmirdi. 
 
Proseslərin çevik hərəkət etməsindən doğaraq onlar addımlar atmağa məcburdular və bu addımlar son dərəcə gərgin, eyni zamanda düşünülmüş müzakirələrdən keçərək atılırdı. Onlar hər şeyi istədikləri kimi planlaşdırsalar da, buna nail ola bilmirdilər. Çox çətinliklə başa gəlirdi. Ona görə AXC xadimlərinə qiymət verərkən konkret situasiyanı, dövrü nəzərə almalıyıq. Bu günün gerçəkliyindən baxıb, “belə olsaydı, ya başqa cür olsaydı” kimi yanaşma lazım deyil. Ümumiyyətlə, tarixə şərtilik anlayışı ilə qiymət verilmir. 
 
“İRƏVAN MƏSƏLƏSİNDƏ AXC-ni GÜNAHLANDIRMAQ...”
- Bu günün suallarından biri də İrəvan məsələsi, bu ərazinin ermənilərə verilməsidir. İstərdik məsələyə peşəkar tarixçi kimi qiymət verəsiniz...
 
- İrəvan məsələsinin gündəmə gəlməsi təbiidir. Çünki Azərbaycanın ərazi bütövlüyü hələ də təmin olunmayıb. Bu problemin kökündə dayanan 1918-ci ilin mayın 29-da Azərbaycan Milli Şurasının İrəvanı bir siyasi mərkəz olaraq güzəştə getməsi məsələsi hələ uzun müddət gündəmdə qalacaq. Biz mövzuya birmənalı münasibət bildirməklə onu gündəmdən çıxara bilmərik. Amma münasibət bildirərkən tədqiqatçılar eyni zamanda məsuliyyəti dərk etməlidirlər. Belə ciddi məsələlərdə siyasi konyukturuya rəvac vermək olmaz. 
İrəvanın verilməsi ilə bağlı  bir məqamı qeyd etmək istəyirəm. Bilirsiniz ki, İrəvan və Naxçıvan xanlığı İran, Türkiyə və Rusiya sərhədlərində yerləşən bir ərazi idi. Ən son işğal edilən də İrəvan xanlığının ərazisi olub. Strateji nöqtədə yerləşdiyi üçün Rusiya burada özü üçün bir platsdarm, tompon ərazi yaratmaq istəyirdi. Beləliklə, erməni vilayəti yaradıldı. Amma erməni vilayətinin ömrü uzun çəkmədi, 1850-ci ildə İrəvan quberniyası yaradıldı. Rusiyaya onun maraqlarını təmin edəcək qüvvə lazım idi. Bu məsələdə ruslarla ermənilərin maraqları uzlaşırdı. 
Şərqə doğru irəliləmək, Osmanlı dövlətini parçalamaq üçün hələ XVIII əsrdə Rusiya öz ərazisində erməni məktəbləri açmışdı. O məktəblərin yetişdirdiyi kadrlardan sonralar məharətlə istifadə elədi. XIX əsrdə ermənilərin Azərbaycana köçürülmə siyasətinə rəhbərlik edən, onu gerçəkləşdirən şəxslər faktiki ermənilər idi. Ermənilər köçürüldükləri ərazilərdə çar Rusiyasının onlara bir siyasi statusu olan qurum verəcəyini gözləyirdilər. XIX əsrin sonunda siyasi partiyalarda təşkilatlanmış ermənilər proqramlarına terroru da daxil etməklə öz maraqlarını həyata keçirmək üçün real vəziyyətdə idilər. Birinci dünya müharibəsi bunun üçün əlverişli fürsət oldu. 
 
Rusiya tərəfdən Osmanlı dövlətinə qarşı mübarizədə Qafqaz cəbhəsinin əksər hissəsini ermənilər təşkil edirdi, dünya erməniləri Osmanlı dövləti ilə könüllü vuruşmaq üçün Rusiyaya müraciət edirdilər. Digər tərəfdən, Osmanlı ərazisində 6 əyalətdə kompakt halda yaşayan ermənilər də təbəəsi olduqları dövlətə qarşı çıxdılar və daxildə ikinci cəbhə açdılar. Belə bir situasiyada 1915-ci il hadisələri başladı. 1918-c il qırğınlarının amansız olmasının bir səbəbi də Andranik Ozanyan kimi peşəkar hərbçi və canilərin öz planlarını 1915-ci ildə həyata keçirə bilməməsi idi. Onlar Osmanlı dövlətində məqsədlərinə çatmadıqda Cənubi Qafqaza gəldilər. Özləri də etiraf edirdilər ki, 1918-ci il qırğınları ilə 1915-ci ilin qisasını alırlar. Köçürülmə nəticəsində ermənilər Cənubi Qafqazda əhali faktoruna çevrilmişdilər. Bu, qaçılmazdır. Azərbaycanlılardan çox olmasalar da, hesablaşılmalı faktora çevrildilər.
 
Bəzən deyirlər ki, Azərbaycan tərəfi İrəvan məsələsində niyə loyal, liberal mövqe tutdu, niyə güzəştə gedildi və sair. Osmanlı dövlətinin planı belə idi: Cənubi Qafqazda gürcü və müsəlman kontonları yaradılsın. Amma 1918-c ilin yaz qırğınlarını nəzərə alaraq deyirdilər ki, qoy üçüncü konton da olsun. Çünki üçüncü – erməni kontonunun mövcudluğu sabitliyin bərqərar olması demək idi. Onlar artıq əhali faktoruna çevrilmişdi və qırğınlar baş verirdi. 
 
Osmanlının hərbi naziri Ənvər Paşa və baş nazir Tələt Paşanın birmənalı mövqeyi ondan ibarət idi ki, Cənubi Qafqazda erməni dövləti yaradılmasın. Onlar bildirirdilər ki, çibanı kökündən təmizləmək lazımdır və bizə şərqdə ikinci Bolqarıstan lazım deyil. Bu gün Cənubi Qafqazdakı 400-500 erməni Amerika pulları hesabına gələcəkdə 4-5 milyona çevriləcək və bizim üçün problem yaradacaqlar. 
 
1918-ci ilin 11 may-4 iyun tarixlərində keçirilən Batum konfransında isə Osmanlı tərəfindən danışıqları Xəlil Menteşe və Vehib Paşa aparırdı. Azərbaycan tərəfdən Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski təmsil olunurdu. Gürcü və erməni nümayəndələri də öz yerində... Danışıqlar prosesi çox gərgin keçirdi. Təbii ki, Osmanlı rəsmilərinin mövqeyi erməni dövlətinin yaradılması əleyhinə idi. Azərbaycan tərəfinin də arqumenti beləydi ki, erməni kontonu olsa, problem aradan qalxa bilər. Çünki onsuz erməniləri burdan köçürmək də mümkün deyil. Sayları kifayət qədərdir, silahlıdırlar. Xəlil Paşa ilə Vehib Paşa da erməni dövlətinin yaranmasına tərəfdar idilər. Onlar da deyirdilər ki, bu gün Cənubi Qafqazdakı 400-500 erməni köçkün Osmanlı ərazisinə gələcək və bizim üçün əlavə problemə çevriləcəklər. Burda kiçik, zəif, gücsüz erməni dövləti yaratmaqla problemi yoluna qoymaq mümkündür. 
Danışıqlar prosesində erməni heyəti israrla böyük bir ərazi istəyirdi. Onlar “Böyük Ermənistan” proqramı ilə çıxış edirdilər, əsas hədəf Türkiyə ərazisində “Böyük Ermənistan” qurmaq idi. Bu situasiyada Ənvər Paşanın mövqeyi erməni dövlətinin yaradılması əleyhinə idi. O, istəyirdi ki, yaradılsa, yəni məsələ qaçılmaz olsa, çox zəif, gücsüz, yaşamaq iqtidarında olmayan kiçik bir ərazidə yaradılsın. Ona görə də İrəvan quberniyasının 7 qəzasından ikisində erməni dövlətinin yaradılması qərarı alındı. Amma indi erməni dövlətinə bir mərkəz də lazımdı axı... O ərazidə paytaxt ola biləcək şəhərlər Qars, Gümrü və İrəvan idi. Qars və Gümrü artıq Osmanlının ərazisində idi. Yeganə İrəvan şəhəri qalırdı. 
 
Burda artıq Azərbaycan nümayəndə heyəti çox güclü təzyiqlə üzləşdi. Hətta Xəlil Menteşe belə bir ifadə işlətdi ki, Bakının azad olunması İrəvandan keçir. Yəni İrəvanı güzəştə getmək Azərbaycan nümayəndə heyəti qarşısında şərt kimi qoyuldu. Deməli, burda bir erməni dövləti varsa, onun siyasi mərkəzi də olmalıdır. Çox gərgin situasiya idi. Azərbaycan Milli Şurasının üzvləri də bunu birmənalı qarşılaya bilməzdi. Hələ 1917-ci ilin dekabrında Məhəmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetində yazdığı məqalədə qeyd edirdi ki, “biz Azərbaycan muxtariyyatı deyəndə həmən İrəvan quberniyası, Bakı quverniyası, Yelizavetpol quberniyası və Zaqafqaziyanın bir sıra digər qəza və sahələrini nəzərdə tuturuq”. 
 
Görürsünüz, siyahıda birinci yerdə İrəvan quberniyası dayanır. Bu, birmənalı şəkildə Azərbaycan muxtariyyatı üçün nəzərdə tutulmuş ərazi idi. 1918-ci ilin mayı tamam başqa bir geosiyasi vəziyyət ortaya qoydu. Bu baxımdan İrəvan quberniyasının güzəştə gedilməsindən söhbət getmir... Bəzən qarışdırılır ki, bütün İrəvan quberniyası güzəştə gedilib. Burada İrəvan şəhərinin siyasi mərkəz kimi verilməsindən söhbət gedir. Bəzən də yazırlar ki, müqavilə ilə 99 illiyə icarəyə verilib. Bunlar əsassız iddialardır. 
 
Azərbaycan Milli Şurası ilə Erməni Milli Şurası arasında danışıqlar olub. O danışıqlarda qərara alınıb ki, gələcəkdə bu xalqların Zaqafqaziya Konfederasiyası şəklində yaşamasını nəzərə alaraq, ermənilərin Yelizavetpol quberniyasının dağlıq hissəsinə iddia etməyəcəkləri şərti ilə İrəvan şəhəri siyasi mərkəz kimi güzəştə gedilir. İrəvanın güzəşti ilə bağlı Erməni Milli Şurasının götürdüyü öhdəlik bundan ibarət olub ki, bunlar gələcəkdə siyasi quruluş baxımından konfederasiya şəklində bir yerdə yaşayacaqlar və artıq Yelizavetpol quberniyasının dağlıq hissəsinə iddia etməyəcəklər. Bu da qeyd etdiyim kimi, Azərbaycan Milli Şurasının üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Fətəli xan Xoyski məsələni iclasda müzakirəyə çıxaranda “vacib bir zərurət” kimi bu addımı atdıqlarını bildirib. 
Zaqafqaziya Seyminin İrəvan quberniyasından olan üzvləri bunu daha ağrılı qarsalayıblar. Çünki bu, artıq həmin ərazidə yaşayan müsəlmanların aqibəti demək idi. Azərbaycan hakimiyyəti altında olan ermənilər azərbaycanlılara divan tutursa, artıq erməni idarəçiliyinə keçən azərbaycanlıların aqibəti daha məşum ola bilərdi. Bu baxımdan Batum konfransında Osmanlı dövləti gürcü və erməni dövlətləri ilə müqavilə imzalayanda o müqavilələrə bu şərtlər daxil olmuşdu ki, istər Gürcüstanda, istərsə də Ararat Respublikasında yaşayan müsəlmanların təhsili, adət-ənənələri, toxunulmazlığı ilə bağlı həmin dövlətlər məsuliyyət daşıyacaqlar. Ermənilər belə bir öhdəlik götürmüşdülər. Az sonra təcrübə bunun heç də belə olmadığı göstərdi.
 
Yeri gəlmişkən, Azərbaycan Milli Şurasının protokollarına nəzər salsaq, sənədlərdə “erməni federasiyası” yazıldığını görərik. İrəvanın güzəşt edilməsi sənədində də yazılır: “İrəvan siyasi mərkəz kimi erməni federasiyasına verilir”. Sənəddə federasiya sözü varsa, bu, hələ tam, birmənalı erməni dövləti demək deyil. Amma sonrakı sənədlərdə biz “Ararat Respublikası” və ya “Ermənistan dövləti” kimi ifadələri görürük. 
Bəs ermənilərin buna münasibəti necə idi? Düşünə bilərsiniz ki, çox sevincək qarşıladılar. Heç də elə deyil. Birincisi, Azərbaycan Milli Şurasının mayın 28-də keçirəcəyi iclasını ermənilər də, gürcülər də həyəcanla gözləyirdilər. Onlar düşünürdülər ki, Azərbaycan Milli Şurası birdən Osmanlı dövləti ilə ilhaq qərarı verər. Onlar bundan çox ehtiyat edirdilər. Eşidəndə ki, müstəqil olmağa qərar veriblər, onların ürəyincə oldu. 
 
İkincisi, Rusiyanın iri siyasi mərkəzlərində – Kiyevdə, Moskvada, Xarkovda erməni milli şuraları etiraz nümayişləri keçirdilər. Onlar etiraz edirdilər ki, niyə Cənubi Qafqazda “Armeniya” adlı dövlət yaradılıb. Erməni milli şuraları hesab edirdilər ki, bu, Osmanlı dövlətinin əli ilə kiçik, yarasız, yaşamağa qadir olmayan bir ərazidə yaradılıb və bununla beynəlxalq gündəmdən erməni məsələsi çıxıb. Onu Osmanlı dövlətinin kiçik, yararsız törəməsi hesab edirdilər. Çünki hədəf Türkiyə Ermənistanı, Qafqaz Ermənistanı və xəyali “Böyük Ermənistan” yaratmaq idi. İrəvanın güzəştə gedilməsi bu cür müstəvidə gerçəkləşmişdi. Bunu Azərbaycan cümhuriyyət xadimlərinin düşünülməmiş addımı kimi qiymətləndirmək olmaz. Bunu gerçəkdən ağrılı, bəlalı bir proses kimi qarşılamaq lazımdır.
 
“MÜNASİBƏTİM NEQATİV...”
 
- Nəyisə tədqiq edəndə o sahə insana doğmalaşır. Bir neçə tarixçi müsavatçılıq yolu deyib siyasi partiyalara üzv olur, onun ideyalarını təbliğ edirlər. Sizdə nə vaxtsa elə bir istək olmayıb?
 
- Biz əgər elmdən söhbət ediriksə, onun qəbul olunması üçün mütləq obyektivlik, tarixilik şərtlərinə əməl etməliyik. Əks təqdirdə o, bizim özümüzün konyuktur, populist yanaşmamızdan başqa bir şey olmayacaq və dünya elmi tərəfindən ciddiyə alınmayacaq. Əgər elm xadimlərimiz belə qüsura yol verərlərsə, onda bizim Qarabağ problemi ilə bağlı siyasətimiz də, diplomatiyamız da uduzmuş bir vəziyyətə düşər. Bu baxımdan mübarizə ideoloji, siyasi və elmi müstəvidə gedə bilər. Biz elmi müstəvidə müzakirəni başlayıb onu ideoloji müstəviyə çevirəndə bu, artıq yanlış müddəalara gətirib çıxaracaq.
- Firdovsiyyə xanım, hazırda “Sovetski”də bəzi abidələrin sökülməsi prosesi gedir. Bir tarixçi kimi buna münasibətiniz necədir?
- Çox neqativ... Başa düşürəm ki, şəhəri gözəlləşdirmək lazımdır. Tarixi əhəmiyyəti olmayan, antisanitar, insanların yaşaması baxımından dözülməz olan evlərin sökülməsi məqbuldur. Hərçənd o evlər də insanların, nəsillərin tarixidir, xatirəsidir. Burda psixoloji-mənəvi kompensasiyanın əvəzi ola bilməz. Maddiyyat onu əvəzləməkdə acizdir. Əgər orda yaşayan insanlar kompensasiya baxımından razı qalırlarsa və bina tarixi əhəmiyyət daşımırsa, onu sökmək olar. Amma salınacaq kompleksin içərisində tarixi əhəmiyyətli məkanları bərpa edib, onu o cür saxlamaq Azərbaycan xalqına daha başucalığı gətirər. 
 
İstanbulda köhnə dövrdən qalmış divarların, daşların bir qarış qalxan yerləri də var, iki metr olan yerləri də. Şəhərin içərisindədir, toxunulmayıb. Olduğu kimi qalıb. İndi bizim XIX əsr hamamlarımıza, məşhur şəxsiyyətlərimizin yaşadıqları evlərə nəinki toxunmaq olmaz, əksinə lövhələr vurulmalıdır ki, bu insanlar bu evlərdə yaşayıblar. Gələn qonaqlar da bu xalq haqqında yüksək fikirdə olacaqlar. 
İndi dünyanı modernləşmiş mənzərə ilə təəccübləndirmək olmaz. Bu, hər yerdə mümkün olan bir şeydir. Azərbaycana gələn qonaqların və bir-birimizə hörmətimiz tariximizə, mədəniyyətimizə qayğı ilə yanaşdığımız vaxt artacaq. Vaxtilə Marqaret Tetçer Bakıya gələndə “İçərişəhər”lə tanış olarkən çox təəccüblənmişdi ki, orta əsr şəhəri necə olub belə qalıb?! Görün, bu fikir insanlarda necə gözəl fikir yaradır. Amma indi “İçərişəhər”də necə gəldi ofislər açılıb, səfirliklər yerləşdirilib. Ümumiyyətlə, mən hesab edirəm ki, Bakıdakı və bölgələrdəki memarlıq abidələri indiyə gəlib çatan qiymətli incilərdir. Onlar toxunulmaz olmalıdır! 
Mən bu yaxınlarda Bitlisdə tarixi abidələri baxımsız görəndə ürək ağrısı keçirmişdim. Çünki bu, geri qayıtmaz bir prosesdir. Tarixə abidələrə bəşəri münasibət olmalıdır. Bunun milliyyəti, xalqı olmur. Bu, tarixi abidədir, üstəlik də sənin öz tarixini yaşadırsa, deməli, vətəndaşlıq pasportundur. Türkiyədə Səlcuq məzarlığında olanda bələdiyyə başqanı dedi ki, bu məzarlığın özü bizim əmlak vəsiqəmizdir. Tarixi məkanlar, yerlər də Azərbaycan xalqının da vizit kartıdır. Onu məhv edəndən sonra sən dünyaya sübut et ki, bu var idi, o var idi... Mənəvi irsimizi məhv ediriksə, ona qarşı sayğısızlıq göstəririksə, bəs biz onda qarşı tərəfdən nə umaq?! 
Tiflisdə Azərbaycan teatrı var. Amma deyirlər, çox baxımsız vəziyyətdədir və mən bunu sosial şəbəkələrdən izləmişəm. Amma düzgündürmü ki, şəhərin mərkəzində Azərbaycan mədəniyyətinin ocağı sayılan bir bina baxımsız vəziyyətdə qalıb məhvə məhkum olsun?! Onu sonra biz geri qaytara bilərikmi? Necə ki Nəriman Nərimanovun Tiflisdə XVIII əsrdən qalma ata-baba mülkü vardı, söküldü. İndi ondan aralıda Nərimanovun xatirə muzeyi inşa olunub. Amma bu onun ata-baba mülki deyil axı... Kənar bir yerdə tikilən bir muzeydir. Ona görə də elə məsələlərə çevik reaksiya verilməli, ictimai qınaq güclü olmalıdır ki, dövlət səviyyəsində də diqqətə alınsın və vaxtında tədbir görülsün. Məhv olandan sonra daha nə deməyi xeyri olacaq, nə yazmağın, nə də təəssüflənməyin... 






Fikirlər