Yeni ticarət mərkəzləri “Fəvvarələr” meydanını boşaldır - REPORTAJ, FOTOLAR

Yeni ticarət mərkəzləri “Fəvvarələr” meydanını boşaldır - REPORTAJ, FOTOLAR

Bakıda iri ticarət mərkəzləri açıldıqca, mərkəzi küçələrdə brend geyim mağazalarının, tanınmış kafelərin bağlandığı müşahidə olunur. Lakin bu hal manatın ikinci devalvasiyasından sonra mərkəzdə mağazaların kütləvi şəkildə fəaliyyətlərini dayandırmasından  bir qədər fərqlənir.  
Belə ki, Bakının “Fəvvarələr” meydanı kimi tanınan Nizami küçəsində yerləşən mağaza və iaşə obyektlərinin bəziləri paytaxtda yeni açılan ticarət mərkəzlərinə köçürlər. Səbəb kimi isə son zamanlar həmin mağazalardan alış-veriş edən müştərilərin sayının xeyli azaldığı göstərilir. Bunu həmin ərazidə yerləşən mağaza satıcılarının özləri də təsdiq etdilər. 
Brend geyim mağazalarının birində çalışan Vüsalə Rzayeva musavat.com-a bildirdi ki, insanlar mağazaya daxil olub, geyimlərə baxsalar da sonda heç nə almadan çıxırlar. 
Satıcı bu halın son zamanlar daha çox müşahidə olunduğunu bildirdi: “Buna görə də yanvar ayından sonra əksər mağazalar buradan getdilər. Eyni zamanda icarə haqqı da bu ərazidə çox bahadır. Brend geyim mağazaları üçün də bu, problemlər yaradır. Əvvəlki aylarla müqayisədə deyərdim ki, satış 2-3 dəfə aşağı düşüb”.
“Fəvvarələr” meydanı ərazisində son zamanlar bağlanan brend geyim mağazasına nümunə kimi “Mango”nu göstərmək olar. Belə ki, adıçəkilən geyim mağazasının “Fəvvarələr” meydanı ərazisində yerləşən məşhur filialının artıq necə deyərlər, izi-tozu da qalmayıb. Mağazanın yeni açılan “Gənclik Mall”da öz fəaliyyətinə davam edəcəyi bildirilir. Bununla bağlı ticarət mərkəzində elan lövhəsi də vurulub.  
Bundan başqa bir zamanlar həmin ərazidə fəaliyyət göstərən “Next” geyim mağazası da bir müddətdir ki, artıq bağlanıb. Həmin mağazanın da “Gənclik Mall”da açılacağı ilə bağlı elan verilib. Nizami küçəsində “Grandezza” geyim mağazası da fəaliyyətini dayandırıb.
 
Eyni zamanda bu ərazidə bir çox kafelərin, müxtəlif növ geyim satışı ilə məşğul olan xırda mağazaların da bağlanmasının şahidi olduq.
 
Ekspertlər hesab edirlər ki, mərkəzdəki mağazaların bağlanmasının iki önəmli səbəbi var. Birinci səbəb kimi icarə haqlarının həddindən artıq baha olması, ikinci səbəb kimi isə hazırda ticarət dövriyyəsinin azalması və insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi göstərilir. 
Yeni açılan ticarət mərkəzlərində isə icarə haqqının mərkəzi küçələrdəki xüsusi obyektlərlə müqayisədə daha ucuz olduğu bildirilir. Bu baxımdan mərkəzdə yerləşən bir çox brend mağazalarının da ticarət mərkəzlərinə köçəcəkləri istisna edilmir.
 












Fikirlər