Şəhid ailəsinin KREDİT BORCU ilə bağlı problem həll olunub - Deputatdan açıqlama

Şəhid ailəsinin kredit borcu ilə bağlı problem həll olunub - Deputatdan açıqlama

Aydın Mirzəzadə: “Şəhid ailəsinin onlara heç bir borcu yoxdur” 

 

Aprel döyüşlərində 17 erməni əsgərini öldürən Mingəçevir şəhidi Adil Adilzadənin adına olan kreditə görə ailəsinin məhkəmə ilə hədələnməsi barədə xəbər vermişdik. Yazı dərc olunduqdan dərhal sonra Mingəçevirdən deputat seçilən YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə redaksiyamıza müraciət etdi.
Deputat musavat.com-a bu məsələnin artıq günlər öncədən həll olunduğunu bildirdi: “Ötən həftə Mingəçevirdən olan 3 şəhiddən birinin atasının banka borcunun olması ilə bağlı xəbər çıxdı. Dərhal Mingəçevir İcra Hakimiyyəti ilə əlaqə saxladım. Məsələni tam aydınlaşdırdım. Məlum oldu ki, bu bank deyil, kredit təşkilatıdır. Bunların verdiyi vəsait əsas kapital deyildi. Qanunla xaricdən götürülmüş vəsaitlə kredit təşkilatı yaradıblar. Aydın məsələdir ki, vəsait bunların olmadığına görə silinə bilməzlər. Onların kreditin şəhidin adına olması ilə bağlı ilkin məlumatları olmayıb. Mən kredit təşkilatı ilə danışdım. Məsələni biləndən sonra dedilər ki, artıq şəhid ailəsinin onlara heç bir borcu yoxdur. Məbləğ bir o qədər də çox deyildi. Bundan sonra kredit borcuna görə şəhid ailəsini heç kəs narahat etmədi. 
Mənə xoş gəldi ki, bu məsələ ilə bağlı danışıq aparanda kredit təşkilatından kömək etmək istədiklərini bildirdilər. Şəhid atasının məhkəməyə veriləcəyi barədə deyilənlərin heç bir əsası yoxdur. Bir faktı da qeyd edim ki, Mingəçevirdən olan gizir Rəhman Tağıyev aprelin 2-də ilk döyüşdə başından ağır yaralanıb və hazırda komadadır. Onun bir banka kredit borcu, digər banka isə ipoteka borcu var idi. Hər iki bankla danışdım. Birinci bank ona kreditini keçdi. İpoteka Fondu isə bildirdi ki, həmin ailənin ödənişləri artıq dayandırılıb. Onlar müalicənin sonunu gözləyirlər. Yaralı gizir hazırda müalicə olunur. Onun müalicəsinin sonunda məsələ yaralı gizirimizin xeyrinə həll olunacaq. Ümumən danışıq apardığım bankların məsələni həll etməkdə maraqlı olduqlarını gördüm. 
Mingəçevir İcra Hakimiyyətindən xahiş etdim ki, şəhid ailələri ilə bağlı bir problem yaranarsa, dərhal mənə xəbər versinlər. Aprel ayında 3 mingəçevirli şəhid oldu. Onların hər üçü yüksək səviyyədə doğma rayonlarında dəfn edildilər. Hər üçünün yasında iştirak etdim. Onların ailələrində telefonum var. Üç şəhid ailəsi də istədikləri vaxt mənə zəng edirlər. Onların problemləri icra hakimiyyətinin diqqətindədir. Qəzetinizdə bu xəbəri oxudum və ona görə narahatlıq olmasın deyə dərhal reaksiya verdim”.
AzerTaym.az






Fikirlər