Bank kredit zaminlərinin HƏBSİ qanunsuz sayıldı...

Əkrəm Həsənov: "Müqavilənin müddətinin bitməsindən 1 ildən çox vaxt keçibsə, artıq zamindən məhkəmə yolu ilə heç nə tələb edilə bilməz"
 
"Bankda kredit müqaviləsi imzalananda zaminə demirlər ki, sənin belə bir hüququn var"
Devalvasiyadan sonra əhalinin banklardan götürdüyü kreditləri qaytarmasında problemlər yaranıb. Özü də bu, kütləvi xarakter daşıyır. Müxtəlif çıxış yolları təklif edilsə də, hələ ki, banklar buna getmək istəmir. Əksinə, son vaxtlar bankların daha sərt addımlar atdığının şahidi oluruq.
Bu günlərdə hüquqşünaslardan biri maraqlı fakt açıqladı. Bildirilirdi ki, bir vətəndaşın "Rabitəbank"dan götürdüyü kreditə görə 7225,7 manat borcu qalıb: "Həmin kredit üzrə banka girov qoyulub və 3 nəfər zamin olub. Martın 11-də Səbail Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov zaminlərdən biri olan 28 yaşlı Vahid Kərimovun həbs edilməsi barədə qərar verib. Ə.Həsənov bildirib ki, V.Kərimov və həyat yoldaşı işsizdir, 2 və 3 yaşlarında iki övladı var. Hazırda həbsdə olan V.Kərimov banka olan borcdan 200 manat ödəyib. Krediti götürən şəxs və digər zaminlər heç bir ödəniş etməyib və onlara qarşı heç bir addım atılmayıb.
Borclu və digər zaminləri isə narahat edən də yoxdur. İcra məmurları girova da tutma yönəltməyə tələsmir. Yalnız fağır gördükləri Kərimovu təqib edirlər ki, gəl ödə filankəsin borcunu".
Kredit borcuna görə zaminlərin bu şəkildə məsuliyyətə cəlb olunması doğrudurmu?
Hüquqşünas Əkrəm Həsənovun fikrincə, qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu "Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt"ın 11-ci maddəsinin və "Avropa İnsan Hüquqları Konvensiyası"nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır: "Həmin sənədlərə görə, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Buna görə də iş Avropa Məhkəməsinə getsə, məsələ birmənalı olaraq zaminin xeyrinə həll olunacaq. Qanunla zamin durmağın 2 forması mövcuddur: birgə zaminlik və əlavə zaminlik. 1-ci halda zamin kreditin qaytarılmasına görə borclu ilə paralel məsuliyyət daşıyır. Yəni kredit ödənilməsə, bank həm borcludan, həm də zamindən eyni vaxtda pulu tələb edə, onları məhkəməyə verə bilər. Əlavə zaminlikdə isə vəziyyət fərqlidir. Bank ilk növbədə borclunu məhkəməyə verməli, borcun qaytarılması ilə bağlı qərarın çıxarılmasına nail olmalı və icra məmuru vasitəsilə borcu tələb etməlidir. Əgər borcalan imkanı ola-ola borcu ödəmirsə, o halda bank zamindən pulu tələb edə bilməz. Zamin yalnız o vaxt krediti qaytarmalıdır ki, borclunun ödəniş qabiliyyəti olmasın. Əks təqdirdə, bankın zamindən nə isə tələb etməyə hüququ yoxdur və pulu elə borcludan almalıdır. Bank lap borclunu tapa bilməsə belə, onu zamin tapıb banka göstərməli deyil. Çünki söhbət əlavə məsuliyyətdən gedir".
Əkrəm Həsənov deyir ki, zaminlər zaminliyin forması ilə bağlı bəri başdan seçim etməli və bunun kredit müqaviləsində qeyd olunmasına çalışmalıdır. Yalnız bu yolla məsuliyyəti minimum həddə endirmək olar. Azərbaycan təcrübəsində müqavilələrin 99%-də zaminlər birgə məsuliyyətə imza atır: "Zaminliyin forması barədə vətəndaşların çoxunun məlumatı yoxdur. Bankda isə kredit müqaviləsi imzalananda zaminə demirlər ki, sənin belə bir hüququn var. Çünki banklar birgə zaminlikdə maraqlıdır. Son nəticədə müqavilələrin, demək olar ki, heç birində əlavə zaminlik yoxdur. Son vaxtlar müştərilərindən dollar kreditlərini vaxtında ala bilməyən banklar kredit müqaviləsinin müddətini artırır. Bu isə avtomatik olaraq zaminliyin qüvvədən düşməsi deməkdir.
Vətəndaş konkret müddət üzrə zamin durub. Əgər müqavilə zaminin xəbər olmadan dəyişdirilirsə, müddət artırılırsa, bu o deməkdir ki, artıq zamin məsuliyyətdən yaxa qurtarır. Bundan başqa, hüquqşünas deyir ki, borcun ödənilməməsinə görə borclu 3 il ərzində məhkəməyə verilə bilərsə, zaminlər üçün bu müddət 1 ildir. Müqavilənin müddətinin bitməsindən 1 ildən çox vaxt keçibsə, artıq zamindən məhkəmə yolu ilə heç nə tələb edilə bilməz".






Fikirlər