KREDİTƏ GÖRƏ İNTİHAR EDƏNLƏRİN BORCUNU KİM ödəyəcək? — EKSPERTLƏR danışır
Ə.Həsənovun sözlərinə görə, borcu olanlar intihar və bu kimi fikilərə düşməsinlər. Çünki borca görə həbs və ya digər cəza tətbiq edilə bilməz. Yalnız məhkəmə qərarı olduğu halda qərəzli və üzrlü səbəb olmadan borcu ödəməkdən imtina edənlər həbs edilə bilərlər. Çünki bu, Cinayət Məcəlləsinin 306-cı və İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddələri ilə tənzimlənir. “Təəssüf ki, çox zaman banklar vətəndaşları bu maddələrlə qorxudur. Halbuki borclu yalnız əmlakı ilə məsuliyyət daşıyır. Amma burada da müəyyən istisnalar var. Məsələn, Nazirlər Kabinetinin 5 iyun, 2002-ci il tarixli, 89 saylı qərarı ilə girovda olmayan bir ev,ümebel, paltar, uşaq ləvazimatı borcludan alına bilməz. Məhkəmə qərarı ilə borclunun aylıq gəlirinin, o cümlədən maaş və ya pensiyasının maksimum 50 faizi tutula bilər. Bu zaman borclunun və himayəsində olan şəxslərin yaşayış minimumu toxunulmazdır. Yəni borclunun gəlirinin yalnız sözügedən yaşayış minimumundan artıq hissəsi tutula bilər” - Ə.Həsənov əlavə edir. Kreditlərin əsas hissəsindən başqa faiz borcunun məbləği də şişirdilir. Vəkil isə qanuna əsasən kredit üzrə faizlərin ildə bir dəfə tutulmalı olduğunu deyir. Ancaq onun sözlərin görə, təcrübə göstərir ki, bəzi banklar ayda bir dəfə faiz tutur və bununla da borcu şişirdirlər. Borclular isə bankdan, məhkəmədən əvvəl və ya məhkəmə prosesi əsnasında, indiyədək edilən ödənişlərin yenidən hesablanmasını tələb edə bilərlər. “Onlar əmin olsunlar ki, ödənişlər yenidən hesablandıqda əsas borc azalacaq. Bundan əlavə, borcun ödənilməsini gecikdirdikdə, bank ödənişdən cərimə tutur. Amma bu cərimələr qanunsuzdur. Buna görə də cərimənin tutulmayacağı haqda bankdan yazılı iltizam alınmalıdır, əks halda borclu krediti ödəməkdən imtina etsin. Dollarla krediti olanlar isə Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar kredit müqaviləsinin dəyişdirilməsini, o cümlədən kreditin valyutasının manata çevrilməsini tələb edə bilərlər”-hüquqşünas deyir. Ə.Həsənov intihar etmək fikrinə düşənlərə daha bir məsləhət verir. Onun sözlərinə görə, ümumiyyətlə, borclular məhkəmə prosesindən qorxmamalıdır. Əksinə, çoxsaylı və uzunmüddətli (borclu istəsə məhkəmə prosesini 2-3 il uzada bilər) məhkəmə proseslərindən banklar qorxur. Əvvəla, ona görə ki, məhkəmə proseslərini aparmaq üçün maddi və kadr resursları azdır. Digər tərəfdən isə belə proseslər zamanı kreditlər heç ödənilmir və bankın müflisliyi reallaşır. Daha sonra, bir qayda olaraq, faizlərin hesablanması dayandırılır. “Başqa bir məqam. Məhkəmə prosesi nə qədər çox çəkirsə, bankın da girovu satıb pulunu götürməsi təxirə salınır. Böyük ehtimalla məhkəmə prosesi bitəndə girovun da dəyəri xeyli azalmış olacaq. Nəhayət, məhkəmə prosesi əsnasında borclu da faizlərin yenidən hesablanması, güzəştlərin tətbiqi, cərimələrin silinməsi və digər tələblərlə banka qarşı iddialar irəli sürə bilər”-hüquqşünas bildirir.