“İMKAN YOXDURSA,banka olan BORCUNUZU ÖDƏMƏYİN!”
Mərkəzi Bankın üzən məzənnə bəhanəsi ilə tətbiq etdiyi ikinci devalvasiyanın fəsadları artıq hiss olunmaqdadır. İş yerlərinin qapadılması, ixtisarlar, bahalaşma, xüsusilə kommersiya banklarına borclu olan insanları çıxılmaz vəziyyətə salıb. Qeyd edək ki, ikinci devalvasiyadan sonra dollarla götürülən kreditlərin ödənilməsi zamanı əsas borcun üzərinə əlavə olaraq 47,6 faiz də gəlib. Naxçıvan Muxtar Respublikasında “Naxçıvan Bank” ASC kreditlərin əvvəlki məzənnə -1 manat 5 qəpiklə ödənilməsi qərarını verdikdən sonra bunun bütün ölkə üzrə tətbiq ediləcəyi gözlənilir, hətta Mərkəzi Bankın məsələyə baxdığı da qeyd olunurdu. Amma gözlənilən baş vermədi. Azərbaycan Mərkəzi Bankı “Naxçıvanbank” ASC-nin dollarla borcu olanlara etdiyi güzəştin bütün banklarda tətbiq oluna biləcəyinin mümkünsüzlüyünü açıqladı. Hazırda 6 milyona yaxın insanın banklarda bu və digər formada əmanətləri var. Hələ 21 fevral devalvasiyasından sonra kreditlərin geri ödənilməsində kifayət qədər problemlər yaranmışdı. 21 dekabr devalvasiyası isə bu sahədə “partlayış” olması üçün sonuncu barıt effektini verdi. Hələ 21 fevral devalvasiyasında sonra maliyyə sahəsi üzə ekspert, IJS Hüquq Firmasinin direktoru, vəkil Əkrəm Həsənov krediti ödəyə bilməyənlərə məsləhət vermiş, insalara buna görə hüquq mühafizə orqanlarından qorxmağın yersiz olduğunu izah etmişdi. Həmkarları isə bu açıqlamaya görə onu haqsız sayıb, onun çıxışının pafosdan ibarət olduğunu bildiriblər. İnsanların əleyhinə danışanlar banklara xidmət edənlərdir Əkrəm Həsənov Modern.az saytına növbəti açıqlamasında deyib ki, həmin hüquqşünaslar, əsasən banklara xidmət göstərən şəxslərdir: “Mövqeləri aydındır və başa düşüləndir. Əvvəla, mən heç vaxt deməmişəm ki, borc alan qaytarmamalıdır. Lakin iki şərtlə! Əvvəla, qanuna əsasən. Yəni əgər kredit müqaviləsində qanunvericiliyə zidd müddəa varsa, kredit müqavilənin həmin şərtinə uyğun deyil, qanuna uyğun qaytarılmalıdır. Məsələn, qanun deyir ki, kredit üzrə faizlər ildə bir dəfə ödənilməlidir. Kredit müqavilələrində isə ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Əlbəttə, belə müqavilə şərti qanuna ziddir və etibarsızdır. Borc alanın onu imzalaması əhəmiyyətli deyil. Müqavilə qanuna zidd ola bilməz”. Ə.Həsənov bildirib ki, əsas şərtlərdən biri də kredit borc alanın imkanı daxilində ödənilməsidir: “Şəxsin imkanı varsa, götürdüyü krediti, əlbəttə, ödəməlidir. Mən heç vaxt bunun əksini deməmişəm. Amma imkanı yoxdursa, ödəmir və ona heç nə edə bilməzlər. İmkan nədir? İmkan odur ki, borc alanın adına ondan alına bilən əmlak, (məsələn, ikinci ev və s.) və özünün və himayəsində olan şəxslərin yaşayış minimumunu təmin edən məbləğdən aylıq gəliri var. Bunlar yoxdursa, kredit ödənilmir. Opponentlərim deyir ki, bu halda borc alan azadlıqdan məhrum edilə bilər. Əslində, onlar qanunun müddəasını təhrif edir, onu tam izah etmilər. Qanun deyir ki, bəli, məhkəmə qərarını üzrsüz, qərəzli icra etməyən, o cümlədən borcu ödəməyən şəxslər həbs edilə bilər. Opponentlərim üzrsüz və qərəzli meyarlarının üstündən sükutla keçir. Nədir bu meyarlar? Elə bayaq dediyimdir: yəni vətəndaşın yaşayış minimumundan yuxarı gəliri ola-ola, məhkəmə qərarını icra etməyərək krediti ödəmir. Bəli, bu halda o qərəzəlidir, ona üzr yoxdur. Amma vətəndaşın sözügedən gəliri yoxdursa, o qərəzli deyil və ödəməməsi üzrlüdür. Sonda onu da deyim ki, mən indiyədək bu mövzuda bir sıra yazı yazmışam. Hər dəfə də qanuna əsaslanmışam və ətraflı izah vermişəm. Mənim guya yanlış mövqedə olduğumu deyənlərdən isə indiyədək bir dənə olsun belə hərtərəfli yazılı izah olmayıb. Ümumi sözlər deyiblər. Bu, ümumiyyətlə hüquqşünas mövqeyi deyil əlbəttə. Ola da bilməz. Çünki onlar haqsız olduqlarını bilirlər. Sadəcə bankları müdafiə etmək üçün belə deyirlər”.