Namiq Həsənovun EVİ əlindən alınıb
Paytaxtda yüzlərlə şəxs ev dəllallarının, tikinti şirkətlərinin dələduzluqlarının qurbanına çevrilib. Bu məsələlərlə bağlı Azərbaycan məhkəmələrində saysız-hesabsız proseslər davam edir. AzerTaym.az xəbər verir ki, Aznews.az-ın yazdığına görə, 200 saylı MTK-da qeydə alınan dələduzluğa məhkəmə hakimləri də qoşulub. Belə ki, MTK-nın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 60-da yerləşən binasından mənzil alan 4 ailə məhkəmənin heç bir məntiqə sığmayan qərarıyla evindən çıxarılır. Bu barədə həmin mənzillərdən birinin sahibi olan Fuad Hüseynzadə məlumat verib. O bildirib ki, 2007-ci ilin iyun ayının 25-də sözügedən binanın 66 nömrəli mənzilini alıb. Mənzil üçün MTK-ya 48 800 manat pul ödəyib və sənəd alıb. Maliyyə problemi olduğundan evi hissə-hissə təmir edib və 2013-cü ildə ailəsi birlikdə evə köçüb: “Bu müddət ərzində isə mənzilin bütün kommunal xərcləri ödənib və qəbzlərimiz də var. Maliyyə arayışımız da var. Lakin birdən-birə bir nəfər çıxıb və deyir ki, bu mənzil mənimdir. Əlində də bir saxta müqaviləsi. Mən evi 2007-ci ilin iyulunda almışam, müqaviləm də o tarixədir. Mənim Mənzilimə iddialı olan adam isə müqaviləni məndən bir ay sonra – avqustda imzalayıb”. F.Hüseynzadənin sözlərinə görə, eyni problemlə həmin binadan mənzil alan daha 3 ailə də qarşılaşıb: “Biz 4 ailə hər birimiz onlardan qabaq, müxtəlif tarixlərdə almışıq. Onlar isə hamısı bizdən sonra və eyni gündə alıblar. Elə saxtakarlıq olduğu, dələduzluq edildiyi buradan bilinir”. Ailələr məsələ ilə bağlı Binəqədi rayon məhkəməsinə müraciət edib. 2014-cü ilin oktyabrın 3-də keçirilən ilk instansiya məhkəməsi mənzildə yaşayan ailələrin xeyrinə qərar çıxarıb. Mənzilə iddialı olan şəxslər isə qərardan apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi Binəqədi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. İş Ali Məhkəməyə gedib. Ali Məhkəmə isə işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb. Apellyasiya Məhkəməsi isə mənzildə yaşayan ailələrə məxsus sənədlərdəki möhürün saxta olduğunu bildirib və iddialı şəxslərin xeyrinə qərar çıxarıb. Ali Məhkəmə də sözügedən qərarı qüvvədə saxlayıb. İşlə bağlı istintaq aparılıb və 200 saylı MTK-nın sədri Etibar Fərzəliyev həbs edilib. Bundan sonra həmin 4 ailənin mənzilləri boşaldılması barədə qərar qəbul edilib: “Məhkəmə icraçıları gəldilər və məhkəmə qərarıyla evdən çıxmağımızı tələb edirlər. Mən bu evə öz qiymətindən əlavə, 33 min də təmir pulu qoymuşam. 2007-ci ildən 2013-cü ilə kimi heç yox idilər, indi gəliblər ki, ev bizimdir. Bu qədər də saxtakarlıq olmaz axı. Biz birinci və ikinci məhkəmə instansiyalarını udmuşduq. Hakimlər iddiaçılara açıq şəkildə bildirirdilər ki, siz camaatı şantaj edirsiniz. Sonra həmin adamlar məhkəməyə yol tapdılar. Hakimlər açıq şəkildə bizə bildirirlər ki, siz düz deyirsiniz, ev sizindir, amma qərar başqa cür verilir. Mən həkim adamam, həmişə qanunlara sayqıyla yanaşmışam. Ölkəmizin hüquqi dövlət olmasına inanaraq, Türkiyədə təhsil almağıma baxmayaraq, öz ölkəmdə, öz vətəndaşlarımıza xidmət etməyi üstün tutmuşam. Burada isə halal zəhmətimlə, min bir əzabla aldığım evi əlimdən alırlar. Mən bütün sənədlərlə, şahidlərlə haqlı olduğumu göstərirəm, amma hakimlər hansısa maraqlarına görə açıq şəkildə dələduzluq etdiyi görünən şəxslərin xeyrinə qərar qəbul edir. Qalmışıq biçarə!” Dadaş Bünyadzadə keçəsi 60-dakı binadan ev alaraq dələduzluqla üzləşən ailələrin siyahısını təqdim edirik: Mənzil 2 - Həsənov Namiq; Məlum olub ki, sözügedən binanın 2-ci mənzilinə sahib olan şəxs Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənovdur. Məhkəmə onun da mənzilinin əlindən alınması barədə qərar çıxarıb. *** Məsələ ilə bağlı Namiq Həsənov sözügedən binada həqiqətən də qeyd olunan problemin mövcudluğunu bildirib: “Lakin mən problemimi həll etmişəm. Bu məsələlərdə adımın keçməsini istəmirəm. Doğrudur, həmin binada evim olub, amma indi bu qalmaqalın mənə aidiyyəti qalmayıb”.
Mənzil 37 - Bəşirova Məmləkət;
Mənzil 54 - Ağaməmmədov Elman
Mənzil 66 - Xədicə Hüseynzadə (şikayət edən Fuad Həsənzadənin həyat yoldaşı).