“Parabank” məhkəmədə uduzdu – 200 minlik ev qalmaqalı



 

“Parabank” ASC-nin Apelyasiya şikayəti rədd edilib. 

AzNews.az xəbər verir ki, dünən hakim Aygün Abdullayevanın sədrliyi ilə keçirilən prosesdə evi qanunsuz olaraq əlindən alınan Bakı şəhər sakinin Tamella Mahmudovanın leyhinə qərar qəbul olunub. 

“Parabank” Tamella Mahmudovanın Xəzər rayonunda yerləşən və hazırda maya dəyəri təxminən 200 min dollar civarında olan evini fırıldaqla, tamamilə qanunsuz yollarla əlindən alıb. İndi o, evsiz-eşiksiz, acınacaqlı vəziyyətdə kirayələrdə yaşayır. Hansı ki, məhkəmə T.Mahmudovanın xeyrinə qərar çıxarıb. Qərara görə, bank tərəfindən mənimsənilmiş ev təcili şəkildə boşaldılmalı və yiyəsinə qaytarılmalıdır. Ancaq “Parabank” yalnız müştərilərinin haqlarını, hüquqlarını deyil, dövlət qanunlarını, qanunların aliliyini belə tapdalamağa davam edir.

Hazırda zərərçəkmişin evində qanunsuz şəkildə yaşayan İlqar adlı şəxs də məhkəmə qərarına baxmayaraq, evdən çıxmaq üçün evin qanuni sahibəsindən 200 min manat pul tələb edir.

Şikayətçinin sözlərinə görə, evinə girən şəxs onu hədələyir, “Parabank” rəhbərliyinin ona məhkəmə qərarını dəyişdirəcəkləri barədə söz verdiklərini deyir. Buna görə də bank birinci instansiya məhkəməsinin çıxardığı qərardan Apelyasiya Məhkəməsinə müraciət etmişdi. Məhkəmə isə bankın iddiasını rədd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.






Fikirlər