Avropa Məhkəməsi daha bir müxalifətçinin xeyrinə qərar çıxarıb
Şikayət 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olarkən onun hüquqlarının pozulması ilə bağlı olub.Yaqub Babalı 87 saylı Ağsu-İsmayıllı DSK-dan namizəd olub. O deyir ki, Avropa Məhkəməsi həmin dairədə keçirilən seçkilərin saxtalaşdırılması barədə qərar çıxarıb.
Yaqub Babalı deyir ki, bundan əlavə məhkəmənin qərarı ilə Azərbaycan Hakimiyyəti dəymiş ziyana görə, ona 7500 avro ödəməlidir:“ Azərbaycan hakimiyyəti seçkini saxtalaşdıraraq mənim hüququmu pozmuşdu. Bununla bağlı yerli məhkəmələrə müraciət etdim lakin, şikayətimə ədalətli baxılmadı. Bundan sonar Avropa Məhkəməsinə müraciət etməyə məcbur oldum. Ötən ilin axırlarında Azərbaycan hakimiyyəti ilə barışmaqla bağlı məhkəmədən təklif göndərmişdilər. Bu təklifi qəbul etmədim. Bundan bir müddət sonar mənim xeyrimə qərar çıxarılıb. Mənim qələbəmdə hüquqşünas İntiqam Əliyevin böyük xidməti olub. Ona təşəkkürlərimi çatdırıram”.
Bu, 2015-ci ildə AİHM-nin Azərbaycanla bağlı ikinci belə qərarıdır. İlin əvvəlində bu məhkəmə jurnalist Üzeyir Cəfərlinin xeyirinə qərar çıxarmışdı. AİHM “Cəfərov Azərbaycana qarşı” işində Konvensiyanın 3-cü (işgəncələrin qadağan olunması) maddəsinin pozulduğu qənaətinə gəlib. Qərar görə, Azərbayan hakimiyyəti onu hüquqlarını bərpa etməklə yanaşı 14 min avro cərimə də ödəməlidir.