Kamran Həsənlinin bacısı istintaqa cəlb edildi - Ölkədən ÇIXIŞINA qadağa qoyuldu
Müğənni Samir Piriyevdən külli-miqdarda pul alıb qaytarmadığı üçün dələduzluqda ittiham edilən aparıcı Kamran Həsənlinin bacısı Gülər Həsənli də istintaqa cəlb edilib. S.Piriyevin vəkili Ceyhun Yusifov bildirib ki, G.Həsənli Bakı şəhər Baş Polis İdarəsində zərərçəkmişlərlə üzləşdirilib.
Samir Piriyev istintaqda Kamran Həsəli, Gülər Həsənli və özünün keçmiş həyat yoldaşı Yeganə Mansurova ilə üzləşdirilib: “Üzləşmə zamanı aydın olub ki, Kamran Həsənlinin Gülər Həsənli ilə əlbir olaraq əvvəlcədən planlı şəkildə Samir Piriyevin 115 min dollarını ələ keçirmək niyyətləri olub”.
Vəkil qeyd edib ki, G.Həsənli istintaqa ifadə verdikdən sonra ölkəni tərk etmək istəyib: “O, Heydər Əliyev adına Hava Limanında saxlanılıb və xəbərdarlıq edilib ki, ölkədən çıxışına qadağa qoyulub. Cinayət işi başa çatana kimi G.Həsənli ölkəni tərk edə bilməz.
Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.