Azərbaycan XİN Türkiyədə olan azərbaycanlılara ÇAGIRIŞ etdi

rrrrr

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən hadisələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarına maksimum diqqətli olmağa və Türkiyə hakimiyyətinin qoyduğu qayda və qanunlara ciddi əməl etməyə çağırış edilib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarına vəziyyət normallaşana qədər əhalinin kütləvi yığışdığı yerlərdən uzaq durmaq, xüsusi ehtiyac olmadan küçəyə çıxmamaq, hər hansı bir problem yarandığı halda tez bir zamanda Azərbaycanın Türkiyədəki diplomatik missiyasına müraciət etmək və öz vəziyyəti barədə yaxınlarına və qohumlarına məlumat vermək tövsiyə olunur.
Azərbaycanın Türkiyədəki diplomatik missiyası gücləndirilmiş rejimdə işləyir.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhddə 1300-dən artıq hərbçinin həbs olunduğu bildirilir.
Bu gün Bakıdan Türkiyəyə yola düşməli olan bütün təyyarə reysləri də ləğv edilib.
ANS PRESS-in məlumatına görə, bu barədə AZAL-ın mətbuat xidmətinin başçısı Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, reyslər bu gün səhər Bakıdan İstanbula və Ankaraya həyata keçirilməli idi. Qurum rəsmisi deyir ki, reyslərin nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil.
Türkiyənin Azərbaycandakı səfirliyi isə son hadisələrlə bağlı açıqlama yayıb.
Səfirlikdən İnterAz-a verilən məlumata görə, Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir.
“Millətimiz birlik və bərabərlik nümayiş etdirərək, buna qarşı çıxıb. Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir.”, – məlumatda deyilir.
Səfirliyin açıqlamasında bunun Türkiyə Silahlı Qüvvələri üzvlərinin hamısının iştirak etdiyi hadisə olmadığı da qeyd edilir: “Türkiyə Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verilib.”






Fikirlər