“Gənc sahibkarların 1-ci İnkişaf Məktəbi” LAYİHƏSİ həyata keçirilib.

22-27 iyul 2016- cı il tarixlərində “PremierExpo” otelində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Avropa Tələbələr Forumu-Sumqayıt” İctimai Birliyi tərəfindən “Gənc sahibkarların 1-ci İnkişaf Məktəbi” layihəsi keçirilib.

Layihəsinin əsas məqsədi sahibkarlıqla məşğul olan gəncləri bir araya toplamaq, onlar arasında şəbəkələşmə yaratmaq və fərdi bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdən ibarət olmuşdur.

5 gün ərzində keçirilmiş İnkişaf Məktəbində 95 nəfər gənc sahibkar və sahibkarlığa iddialı olan gənclər həm yeni məlumatlar əldə etmişlər, həm də bir-birlərinin təcrübələrindən faydalanıblar. Bununla yanaşı iştirakçılara professional təlimçilər və mütəxəssislər tərəfindən təlimlər keçirilib. Layihəyə partnyorluq edən aparıcı şirkətlərin biznes üzrə mütəxəssisləri iştirakçılara praktiki master klasslar keçiblər. Ekspertlər iştirakçılara sahibkarlıq fəaliyyətinin qurulması haqqında detallı bilgilər verib, gənclərimizə ideyalarını reallaşdırmaları üçün biznes planın yazılma sirrlərini aşılayıblar.

Hər birimiz üçün danılmaz olan yeganə fakt ölkəmizin sürətlə inkişaf etməsidir. Bu sürət tempi son illərdə özünü daha bariz şəkildə göstərir. Belə ki, Vətənimizin hər yerində quruculuq, abadlıq işləri görülür, son texnologiyalara əsaslanan sənaye obyektləri tikilir, insanlarımızın məşğulluğunu təmin etmək üçün əmək müəssisələri yaradılır. Bundan əlavə həmçinin dünya arenasında da müsbət imicimizin formalaşdırılması istiqamətində işlər aparılır. Dünya səviyyəli tədbirlərə ev sahibliyi etməklə bir daha ölkəmizin qüdrətini sərgiləmiş oluruq. Onu da qeyd etmək lazımdır ki, dövlətimizin ən önəmli prioritet sahəsi gənc nəslin sağlam ruhda yetişməsi və məşğulluqla təmin edilməsidir. Ölkə çapında aparılan islahatların böyük əksəriyyəti gənc nəslin inkişafına yönəlib. Dövlətimiz sahibkarlığın inkişafı ilə bağlı strateji ve uzunmüddətli proqramlar həyata keçirir. Sahibkarlığın inkişafı ilk növbədə xalqın inkişafıdır. Qeyd etdiyimiz kimi gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması xüsusi olaraq təqdirə layidir. Artıq müasir dövrdə gənclərin böyük hissəsi iş axtaran qismində deyil, məhz digər gəncləri işlə təmin edən qismində çıxış edir. Gənc yaşlardan sahibkarlığa başlamaq xüsusi risk tələb edir, eyni zamanda insana unudulmaz təcrübə qazandırır. Biz belə düşünürük ki, qazanılmış dəyərli təcrübəni gənc sahibkarlar bir-birləri ilə paylaşsalar və sahibkarlığa iddialı olan gənclərlə fikir mübadiləsi aparsalar, onların şəxsi inkişafı baxımından çox faydalı olacaqdır.

Sonda gəncləri maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmış və işirakçılara bukletlər paylanılmışdır.

AzerTaym.az






Fikirlər