ASK – hər zaman SAHİBKARların yanında!

Son vaxtlar dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi fonunda meydana çıxan iqtisadi çətinliklər və bununla bağlı Azərbaycanda manatın iki ardıcıl devalvasiyası nəticəsində yaranmış vəziyyət hazırda həm dövlət orqanları, həm də ölkəmizdə fəaliyyət göstərən iş adamları və geniş ictimaiyyətin müzakirə etdikləri əsas mövzulardandır.

Təbii ki, ölkəmizin inkişaf etmiş iqtisadiyyatı və güclü potensialı bu vəziyyətdən minimum itkilərlə çıxmağa imkan verir. Lakin bunun üçün ilk növbədə bütün imkanlar səfərbər olunmalıdır. Həmçinin yaranmış vəziyyətdə özəl sektorun, sahibkarlıq fəaliyyətilə məşğul olan insanların xüsusi dəstəyə ehtiyacı vardır ki, bu da son nəticədə ümumilikdə ölkə iqtisadiyyatının mənafeləri baxımından olduqca vacib bir məqamdır. Əlbəttə ki, bu gün Azərbaycanda sahibkarlığın inkişafı yönümündə dövlət tərəfindən son dərəcə əhəmiyyətli tədbirlər həyata keçirilib və bu indi də davam edir. Ölkə prezidenti cənab İlham Əliyev yanvar ayının 26-da Heydər Əliyev Mərkəzində keçirilmiş və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda etdiyi çıxışında da bunu xüsusi olaraq qeyd etmişdir. Dövlət başçısı demişdir: “Sahibkarlığın inkişafı üçün çox işlər görülübdür. Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir. Ancaq yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Mən artıq müvafiq dövlət qurumlarına göstəriş vermişəm. Ancaq çox istəyirəm ki, yerlərdən sahibkarlar özləri də o problemləri dilə gətirsinlər, ortaya qoysunlar ki, onlar tezliklə öz həllini tapsın”.

Əlbəttə ki, sahibkarlığın inkişaf etdirilməsi yönümündə iş adamlarımızın qarşılaşdıqları müxtəlif problemlərin aidiyyatı üzrə dövlət qurumlarının diqqətivə çatdırılmasında, eləcə də bu problemlərin həlli yollarının tapılmasında ölkə sahibkarlarının, iş adamlarının ümumi maraqlarını təmsil edən bir qurum kimi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) olduqca mühüm bir funksiya daşımaqdadır. Məlumat üçün bildirək ki, ASK 5 mart 1999-cu ildə təsis edilmiş, 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir. Konfederasiya bu gün müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə etmək, Sahibkarlığa Kömək Dövlət Proqramlarının istiqamətlərinə müvafiq olaraq, bazar infrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək etmək kimi vacib funksiyaları həyata keçirir. Hazırda manatın devalvasiyası ilə bağlı son vaxtlar ölkə iqtisadiyyatında yaranmış vəziyyət də ASK-nın rəhbərliyi və mütəxəssisləri tərəfindən diqqətlə izlənilir, öyrənilir və bu proseslərin sahibkarlığın inkişafına ziyanlı təsirini minimuma endirmək məqsədilə müvafiq addımlar atılır. Bir neçə gün bundan öncə Azərbaycan Sahibkarlar Konfederasiyasının və bir sıra digər iqtisadi yönümlü Qeyri Hökumət Təşkilatlarının təşəbbüsü ilə keçirilmiş görüşdə də məhz bu məsələlər müzakirə olunmuşdu. Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun ofisində reallaşmış həmin görüşdə “İqtisadi İnkişaf” Ekspert Şurası yaradılmış və sözügedən tədbir də şuranın ilk iclası kimi qeydə alınmışdır.

 

Məlum olduğu kimi hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti iqtisadi elmlər namizədi Məmməd Musayevdir. Qeyd edək ki, Məmməd Musayev həm də 2001-ci ildən hal-hazıradək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır. Məhz onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan “Zilaat” Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə “Azər-Türk Bank” Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan “Başak” Sığorta Şirkəti ilə birgə “Başak-İnam” Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılmışdır.

Hazırda Məmməd müəllimin rəhbərlik etdiyi “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, “Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya” (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası, “Bakı Banklararası Valyuta Birjası”, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür.

Ayrıca olaraq qeyd etmək istərdik ki, Məmməd Musayev bu sahədə fəaliyyət göstərdiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür.

Lakin bir reallığı da danmaq olmaz ki, bu gün istər Azərbaycan Sahibkarlar Konfederasiyasının, istərsə də bu quruma rəhbərlik edən Məmməd Musayevin uğurlu və səmərəli fəaliyyəti, təəssüflər olsun ki, bəzi qüvvələr tərəfindən qısqanclıq və qara həsəd hissi ilə qarşılanır. Məhz elə bu münasibətin də nəticəsi olaraq, ara-sıra ölkə mətbuatının səhifələrində Məmməd Musayevə qarşı “anti-təbliğat” kampaniyalarının aparılmasına cəhdlər göstərilir. Ən maraqlısı isə, budur ki, bu kimi cəhdlərə səy göstərən şəxslərin özləri nə xalqa, nə dövlətə indiyədək heç bir xeyri dəyməmiş insanlar olur. Əlbəttə, biz başa düşürük ki, yalnız işləyən, uğurlu nəticələr əldə edə bilən insanlar digərlərində həsəd hissi oyada bilərlər. Bəlkə də məhz bu baxımdan Məmməd müəllimin şansı daha çox üzünə gülmüşdür.

Amma istənilən halda, bugünkü günümüzün hər kəsin qarşısına qoyduğu tələb bütün gücləri və imkanları birləşdirməkdən ibarətdir, onları parçalamaqdan yox! Və zənnimizcə bunu artıq hamılıqla başa düşməyin tam zamanıdır.

Azər Abdul.

  

 

 

 






Fikirlər