Jurnalist Əvəz Zeynallı 4-cü Polis Bölməsində keçən söhbəti açıqladı: "Mesajlarımı aldım"
Polis "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya xəbərdarlıq edib. O, bu gün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağrılıb. Ə.Zeynallı sahə müvəkkili Nadir Abbasovla görüşüb. Sahə müvəkkili jurnalistə fəaliyyəti ilə bağlı xəbərdarlıq edib. Strateq.az bu gün baş verənlərlə bağlı jurnalist Əvəz Zeynallının şəxsi facebook səhifəsində paylaşdığı təəssüratlarını oxuculara təqdim edir: "4-cü polis bölməsinin sahə müvəkkili Nadir Abbasovla görüşdüm. Sakit, sadə, səsinin tonu aşağı bir polis mayorudur. Mənə elə gəldi ki, məni niyə çağırdığını unudub. Nə soruşdum, "özün bilirsən" dedi. Mənə bir daha həbsxanaya düşməməyi, bir də elə işlərlə məşğul olmamağı tövsiyə etdi. "Hansı işlərlə" dedim, "yox, elə-belə dedim" dedi. Söz adamı olduğumu, sözlə mübarizə apardığımı dedim. "Söz adamları da gedirlər" dedi. "Hara" dedim, Nəcəf Nəcəfovun, Elmar Hüseynovun adını çəkdi. "Məni təhdidmi edirsiniz?" dedim, "yox, mən sadəcə səninlə tanış oluram" dedi. Beləcə, niyə çağırıldığımı bilmədim, amma çox ciddi mesajlar aldım. Deməli, niyə çağırıldığımı, nə düşündüklərini, nə etdiyimi – hamısını özüm bilməliyəm. Ziyalı olduğumdan, heç kimə bənzəmədiyimdən, hər şeyi özümün anlamalı olduğumdan danışdı və… çıxdım.
Bunu çox ciddi mesaj və xəbərdarlıq olaraq qəbul edirəm. Hətta mərhumların adlarının çəkilməsini təsadüf hesab etmirəm. Mən hər şeyi anladım. Mesajlarımı aldım.
Dostlar, hamınıza təşəkkür edirəm. Bütün duyarlı həmkarlarıma, saytlara, xəbər portallarına, dostlara, mənimlə polis bölməsinə qədər qələm adamlarına – Ramin Dekoya, Ilkin Pirəliyə – , narahatçılıq keçirən, mənimlə o narahatçılığı bölüşən hər kəsə mütəşəkkirəm. Var olun! "