Pərviz Həşimli və Əvəz Zeynallı əfv oluna bilər – Açıqlama
Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Yeni ildə əfv olunacaq jurnalistlər haqda fikirlərini bölüşərkən dedi. Deputatın sözlərinə görə, həbsdə olan iki jurnalist – Əvəz Zeynallı və Pərviz Həşimli əfv oluna bilər:
“Məndə olan məlumata görə, barəsində hökm oxunmuş hər iki jurnalist cənab prezidentə əfv olunmaları üçün müraciət edib. Biz də hüquq müdafiəçiləri olaraq arzu edirik ki, onlar azadlığa buraxılsın. Təbii ki, bu, cənab İlham Əliyevin iradəsinə aid olan qərardır. Lakin onu da qeyd edim ki, ölkə başçısının onların əfv müraciətlərinə müsbət cavab verəcəyinə şübhə etmirəm”.
Bildirək ki, hazırda həbsdə bir neçə jurnalist olsa da, onlardan yalnız ikisi – “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və “Moderator.az” saytının rəhbəri Pərviz Həşimli barəsində məhkəmə qərarı hüquqi qüvvəyə mindiyindən, yalnız onların əfvə düşmək ehtimalı var.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci ildən, “Bizim yol” qəzetinin əməkdaşı və “Moderator.az” saytının rəhbəri Pərviz Həşimli isə 2013-cü ildən həbsdədir.