“Mənə dedilər ki, siz bilmirsiz o adam nə işlərlə məşğuldur....”
Avqustun 18-də NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər təşkilatının həbsdə olan üzvü Elgiz Qəhrəman barəsində verilən apelyasiya şikayəti üzrə təyin edilən məhkəmə iclasına gedərkən həbs olunub və bir neçə saat sonra sərbəst buraxılıb.
Musavat.com-a açıqlamasında T.Qəmbər niyə saxlandığını və saxlanma müddətində baş verənləri danışdı. Dedi ki, E.Qəhrəmanla bağlı keçirilən apelyasiya məhkəməsində iştirak etmək üçün orda olub. Binanın qabağında gözləyəndə bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, Bakı Şəhər Baş Polis İdarəsinə getməyini deyiblər: “Vəkilim Nemət Kərimlinin mənimlə getməsinə icazə vermədilər. Orda isə mənimlə danışıq apardılar, Elgiz Qəhrəmanı niyə müdafiə etdiyim soruşuldu. Daha sonra isə dedilər ki, siz bilmirsiz o adam nə işlərlə məşğuldur, narkotiklə bağlı tutulub və sair. Bunu onun üzərində narkotik ittihamı var deyə dedilər”.
T.Qəmbər bildirdi ki, ona bundan sonra hakimiyyəti tənqid edəcəyi halda həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib. Müsahibimiz bu xəbərdarlıq müəllifinin kimliyi ilə bağlı konkret məlumata malik olmadığını dedi: “Təbii ki, adını bilmədim o adamın. Amma məlum oldu ki, bizim fəaliyyətimizi izləyirlər və bundan sonra da izləyəcəklər. İzahat aldılar və daha sonra buraxdılar”.