Qafqaz Universitetinin yeni rektoru HAVAR Məmmədovun rüşvət və biznes dünyası

rr

Qafqaz Universiteti ətrafında hələ də sular durulmur. Universitetə yeni rektorun-Havar Məmmədovun da təyin olunması bu ali təhsil ocağı ətrafında söz-söhbətlərin səngiməsinə gətirib çıxarmır.

Çünki ortada hələ də cavabsız suallar qalmaqdadır. Xüsusilə də,  “Qafqaz”-ın özəl ali təhsil müəssisəsi olmasını nəzərə alsaq, o zaman ümumiyyətlə, bu ali məktəbə rektor təyinatının hansı formada və necə həyata keçirilməsi sual olaraq qalır.Məsələyə aydınlıq gətirən  Havar Məmmədov onun rektor təyinatı hakimiyyət tərəfindən deyil, Azərbaycan Beynəlxalq Tədris Mərkəzi tərəfindən həyata keçirilib:  “Bəli, Qafqaz Universiteti özəl ali təhsil müəssisəsidir, mən də bura universitetin təsisçiləri tərəfindən təyinat almışam”.

H.Məmmədovun Texniki Universitetdəki rüşvətxorluq hallarını Qafqaz Universitetində də  təkrarlayacağı barədə sosial şəbəkələrdə yazılanlara gəlincə,  o,  bunları deyib:“Mən özüm rüşvətə qarşı barışmaz adamam, heç vaxt Qafqaz Universitetində belə bir hal ola bilməz. Qafqaz Universiteti əvvəlkindən də daha yaxşı, daha uğurlu fəaliyyət göstərəcək, çox ciddi islahatlar aparılacaq, yeniliklərimiz olacaq. Siz özünüz də bunun şahidi olacaqsınız.  Heç kəs burada hansısa rüşvətxorluq hallarının olması barədə düşünə bilməz”. Rüşvətə qarşı amansız olduğunu deyən Qafqaz universitetinin yeni rektoru Havar Məmmədov haqda arayış hazırlamışıq.
Kiçik bir ekskursiya zamanı onun fəaliyyətinin leytmotivi hazırlanıb. Aydın olub ki, Azərbaycan Texniki Universitetində (AzTU) rektor olmuş H.Məmmədovun öz idarəçilik üslubu var imiş. “3” qiymətinin 50, dövlət imtahanlarının 500 manata yazıldığı Texniki Universitetdə rüşvət demək olar ki, rəsmiləşdirilib.
Hələ ötən ay Media Təqib Mərkəzi apardığı monitorinqin nəticələrini açıqlayarkən məlum olmuşdu ki, Texniki Universitet haqqında ən çox neqativ yazılan universitetlərdəndir. Məlumatlara görə, Texniki Universitetdə tələbələrdən yığılan rüşvətlər hər ayın axırı rəhbərlik tərəfindən “maddi yardım” adı ilə paketlərdə “fəal” müəllimlərə paylanılır.
Bəlli olub ki, Havar Məmmədovun böyük biznes şəbəkəsi var. Həmin şəbəkənin işlədilməsi isə universitetin inzibati təsərrüfat işləri üzrə prorektor Abuzər Mirzəyevə tapşırılıb. Ona görə ki, Mirzəyev həm biznes sahəsində bacarıqlıdır, həm də rektorun qohumudur.
Araşdırmalar zamanı Havar Məmmədovun zavodlarından biri aşkarlanıb. Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. İllik dövriyyəsi orta səviyyədə olan, lakin tikinti bazarında tanınmış olan bu zavodun illik bir neçə milyon manat gəlir gətirdiyi deyilir. Həmin zavodda hər şey normal olsa da, təhlükəsizlik qaydalarına riyayət edilmədiyindən tez-tez qəzalar baş verir.
Rektor Havar Məmmədovun “Saba Gars” avtomobil mərkəzinə və “MakroMarket” mağazalar şəbəkəsinə şərik olduğu xəbəri də var.
Onu da deyək ki, universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Havar Məmmədovun daha bir villasını aşkarlamaq mümkün olub. Belə ki, bu dəfə Heydər məscidinin yaxınlığında, «milyonçular məhəlləsi» deyilən ərazidə rektorun 3 mərtəbəli villası var. Xatırladaq ki, bir müddət əvvəl Havar Məmmədovun adı MTN işində keçmişdi.
Onun tələbələrdən imtahanlar üçün pul yığılmasına göstəriş verdiyi deyilirdi. Keçid balı üçün tələbələrdən 200 manat alındığı iddiası vardı. Rektorun böyük biznesə girişdiyi, ləğv olunmuş MTN-in keçmiş generalları ilə əlaqələri oldğu xəbərlərdə yer alıb. Saytlar yazmışdı ki, rektor Çovdarova 3 milyon dollar ödəmək məcburiyyətində qalmışdı.(politika.az)  






Fikirlər