Nuri Paşanın qəbirüstü abidəsi abadlaşdırıldı – FOTO

“Dəyərli qardaşım Akif Aşırlı ilə birlikdə bir neçə ay əvvəl İstanbul Ədirnə Qapı Şəhidliyində Nuri Paşanın qəbrini axtarmışdıq.

Qəbirstanlıq görəvliləri axtardığımız Nuri Paşanın kim olduğunu bilmirdilər. Yağışlı havada ayaqlarımız tamam palçıq içində təmizlədik Nuri Paşanın kollar içərisində gizlənib qalmış balaca məzar daşını. Üstündə sadəcə kollar içində gizlənmiş “Nuri Killigil” yazılmış balaca bir qəbir daşı vardı. İkimiz də üzüntü içərisində idik. Çünki bu ona layiq bir qəbirüstü deyildi. Bayraq qoyduq üzərinə. Uğrunda böyük əziyyətlər çəkdiyi Türkiyə və Azərbaycan bayrağı”. Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.

 

Q.Paşayeva qeyd edib ki, o zaman A.Aşırlı ilə birlikdə Türkiyə və Azərbaycana çağırış edən bir yazı ilə çıxış edərək Nuri Paşanın qəbirüstü abidəsinin ona layiq şəkildə düzəldilməsinə çağırış ediblər: “Səsimizə səs verənlər oldu. Türk Silahlı Qüvvələri reaksiya verdi yazıya. Zəng etdilər. İstanbul Böyükşəhər bələdiyyəsində Ramazan Minder bəyə isə çox təşəkkür edirik. Dəyərli qardaşımız Mayis Əlizadə və Nuri Paşa kitabının yazarı Atilla Oralla birlikdə Ramazan bəylə görüşdük. “Qısa zamanda yüsək səviyyədə düzələcək qəbirüstü abidə də, ətrafı da” dedi Ramazan bəy. Sonra qəbirüstü abidənin layihəsinə baxdıq birlikdə, təkliflərimizi soruşdu Ramazan bəy. Biz də bəzi əlavə fikirlərimizi, təkliflərimizi söylədik. “Azərbaycan və Türkiyə bayrağı bərabər dalğalansın” diləyimizə isə “başqa cür ola da bilməz” cavabı verdi Ramazan bəy. Və artıq abidə açılışa hazırdır. Türkiyə və Azərbaycan bayraqları bərabər dalğalanacaq abidədə. Akif bəylə aylar əvvəl qəbir üstünə bayraq qoyanda bu günü arzulamışdıq”.

 

Deputat bu işdə əməyi keçən hər kəsə təşəkkürlərini çatdırıb: “Ramazan Minder bəyə, Akif Aşırlı bəyə, Mayis bəyə, Nuri Paşa kitabının yazarı Atilla Oral bəyə və bütün əməyi keçənlərə. Nur içində yat Nuri Paşa. Haqqın olan qəbirüstü abidə budur və inşallah inanırıq ki, 28 sentyabrda keçiriləcək açılış da yüksək səviyyədə olacaq və hamımız birlikdə ruhuna dualar oxuyub, sevgi və sayğı ilə anacağıq səni. Nur içində yat qəhrəman Nuri Paşa. Qəbirüstü abidənin yeni fotolarını göndərən dəyərli dost Mayis Əlizadəyə təşəkkürlər”.       

 






Fikirlər