Əli İnsanovun 50 mini batdı - “qaraj söhbəti” bağlandı

Əli İnsanovun 50 mini batdı - “qaraj söhbəti” bağlandı

Keçmiş "Basin" küçəsində ona məxsus qarajı qeyr-qanuni satan qadın tanınmış məmurun qızıdır. 

 

Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Kəmalə Abiyeva sədrlik edib. Sabiq nazirin apelyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, bir müddət əvvəl 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Əli İnsanovun Nəsimi Rayon İcra Şöbəsinə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə iddianı təmin etməyib.
Əli İnsanovun qarajı vəkilin dediyinə görə, keçmiş “Basin”(indiki Fizuli küçəsi) tərəfdə olub. İcra hakimiyyətinin sərəncamı ilə tikilmiş qaraja nazirin həbsindən sonra oğlu arabir gedib baxırmış. “Günlərin birində gedib görüb ki, qaraj sökülüb. Aydınlaşıb ki, kooperativ söküb və həmin əmlaka görə 50 min manat pul ödənilib. Kooperativ qarajı satanın kimliyini bizə demədi. Məhkəmə yolu ilə müəyyənləşdirdik ki, Əli İnsanovun əmlakını Əlizadə Vəfa Tariyel qızı satıb. Bu şəxs məhkəmə vasitəsilə Əli İnsanovun qarajına sahiblənib və onu satıb. Əslində bu əməl kriminaldı. 
Biz şikayət verdik və Apelyasiya Məhkəməsinin qərarı ilə ona mülkiyyət hüququ verən qətnamə ləğv olundu. Mülkiyyət hüququ ləğv olunandan sonra məhkəmə qərar verdi ki, Vəfa Əlizadənin aldığı 50 min manat da Əli İnsanova qaytarılsın” deyə, vəkil bildirib.  Lakin qətnamə uzun müddət icra olunmayıb və Əli İnsanovun müdafiəçiləri öz mənbələri vasitəsilə Vəfa Əlizadənin “DekaBank”da dəyəri 50 min manatdan da xeyli çox olan payı olduğunu müəyyənləşdiriblər. 
Image result for Dekabank
Ardınca da qətnamənin icrasının təmin olunması üsulu kimi, onun bankdakı payının üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət ediblər. Məhkəmə səhmlərin üzərinə həbs qoyulması barədə qərardad çıxarıb. Amma qərardad icra olunmayıb.  Əli İnsanov bu dəfə də Nəsimi Rayon İcra Şöbəsinin rəisi və sözügedən qərarın icrasına məsul olan Ramin Muradova qarşı iddia qaldırıb. İddiada bu vəzifəli şəxslərin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və bu qanunsuzluq nəticəsində dəyən mənəvi ziyana görə 50 min manat təzminat ödənilməsi tələbi qoyulub. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi iddianı qismən təmin edib. Belə ki, yalnız icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilib. Son məhkəmə iclasında isə sabiq nazirin pulunu geri almaq istəyinə nöqtə qoyub.  
 
Image result for Məhkəmə
Bununla bağlı Ə. İnsanov 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Ə.İnsanovun müdafiəçisi bir müddət əvvəl mediaya açıqlamasında bildirib ki,  Vəfa Əlizadə vaxtilə prezident köməkçisi işləmiş Tariyel Ağayevin qızıdır.
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
Bu il avqust ayının 24-də isə Ə. İnsanova yeni cinayət işi açılıb. Sabiq nazir CM-in 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.






Fikirlər