Professor Elxan Əzizovun 70 illik yubileyi keçirilib
Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizovun 70 illik yubileyi keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov professorun ömür yolundan, elmi-pedaqoji fəaliyyətindən bəhs edib. Bildirib ki, 1970-ci ildə universitetin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirən Elxan müəllim tələbə ikən 1968-1969-cu illərdə Misirdə hərbi tərcüməçi işləyib. 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edib, ərəb dili kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrini tutub. 1978-1982-ci illərdə Kuveytdə baş mütərcim olduğu zaman onun tərcüməsi ilə İran körfəzinin balıq sərvətinə dair ərəb dilində iki kitab nəşr edilib. Çıxışının sonunda yubilyara BDU-nun Fəxri fərmanını və xatirə hədiyyələrini təqdim edən rektor, ona uğurlar və daha böyük nailiyyətlər arzu edib. Sonra Şərqşünaslıq fakültəsinin məzunu, millət vəkili Rəfael Hüseynov Elxan Əzizovla dostluq əlaqələrindən danışıb və elmi fəaliyyətinin bəzi məqamlarına diqqət çəkib. Yubiley tədbirində BDU-nun Tədris-Metodiki Şurasının sədri, akademik Vasif Babazadə, akademik Vasim Məmmədəliyev, professor Əsgər Rəsulov, Əyyub Əzizov, Zeynal Həsənalıyev, Fikrət Şiriyev və başqaları çıxış edərək Elxan müəllimi xeyirxah insan, gözəl alim kimi xarakterizə edib, uğurlar arzulayıblar. Qeyd edək ki, uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı və «Əməkdar müəllim» fəxri adlarına layiq görülən Elxan müəllim Azərbaycan tarixi və ədəbiyyatı, ərəb dili və ədəbiyyatı, Azərbaycan-ərəb ədəbi əlaqələri ilə bağlı 60-dan çox elmi əsərin, həmçinin 1 monoqrafiya və 6 kitabın müəllifidir.