Azərbaycanda ad-soyad dəyişimi: Prosedur necədir?

Картинки по запросу şəxsiyyət vəsiqəsi

Anar Hüseynov: “Sorğulara müsbət cavab aldıqdan sonra vətəndaşın müraciəti təmin olunur”; Müzəffər Baxış: “Bu məsələ Ailə Məcəlləsi ilə tənzimlənir” 

 

Azərbaycan 26 ildir müstəqil olsa da hələ də milli sonluqlu soyadlar problemi həllini tapmayıb. 
Bunun bir səbəbi prosedurun və seçimin çətinliyi ilə əlaqələndirilir. Təbii ki, məsələdə insanların laqeydliyi də az rol oynamır. Bəs prosedur, qaydalar  necədir? 
“ASAN xidmət”in ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov bildirdi ki, VAQF müvafiq qurumlardan müsbət cavab aldıqdan sonra şəxsin adı, soyadı və ya ata adı dəyişdirilə bilər: “Müvafiq sənədlər toplanır və müraciət etmək istəyən şəxslər "ASAN xidmət" mərkəzlərində Vətəndaşlıq vəziyyəti Aktları Dövlət Qeydiyyat (VAQF) şöbəsinin xidmət pəncərəsinə yaxınlaşır. Şəxs həmin sənədləri təqdim etdikdən sonra VAQF özü müvafiq qurumlara sorğu göndərir. Həmin sorğulara müsbət cavab aldıqdan sonra vətəndaşın həmin müraciəti təmin olunur”.
Lazım olan sənədlərə gəlincə isə onlar aşağıdakılardır:
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;
Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;
Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Qeyd: hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. İştirak etməli olan şəxslər isə uşaq 18 yaşına çatanadək onun valideynləri, ərizə verən şəxsin özü, notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslərdir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilir.
Hüquqşünas Müzəffər Baxış bunun xüsusi qaydaları olduğunu dedi: “Məsələ ”Ailə Məcəlləsi" ilə tənzimlənir. Bunun Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi qaydaları var. Xüsusi qaydalara əsasən soyadların dəyişilməsi proseduru nəzərdə tutulub. Azərbaycan Respublikasının vətəndaşlarının öz adını, soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 18 yaşına çatmamışların soyadının dəyişdirilməsi isə valideynlərin razılığı ilə müvafiq icra hakimiyyətinin və yerli icra hakimiyyətinin qəyyumluğu və himayə orqanının razılığı ilə həyata keçirilə bilər. Soyad sonluğuna dəyişiklik edilməsi, soyadın özünün dəyişdirilməsi prosedurları Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaşın ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. Azərbaycan vətəndaşlarının adının, ata adının və soyadının dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə ər arvadın bir birinin soyadına keçməsi və ya əvvəlki soyadına qayıtması halları istisna olmaqla, həmin qaydalarda müəyyən olunmuş hallara yol verilir. Ərizə verən şəxsin ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Əslində soyadın, adın dəyişdirilməsində bir problem olmamalıdır".
Ad-soyadını dəyişdirmək istəyənlər bunu elektron qaydada da edə bilər. Belə ki, 2016-cı ilin sentyabrında Ədliyyə Nazirliyinin Kollegiyası “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib. Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən (http://www.e-gov.az; http://exidmet.justice.gov.az) bu elektron xidmətin digər icraçıları Daxili İşlər Nazirliyinin rayon və şəhər polis orqanlarıdır. Elektron xidmət qismən avtomatlaşdırılıb. Elektron xidmətin icra müddəti 25 gündür. Ancaq polis orqanı tərəfindən rəyin verilməsi üçün tələb olunan müddət və xarici dövlətlərdə doğulmuş Azərbaycan vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında müraciət üzrə müvafiq akt qeydlərinin xarici ölkələrin səlahiyyətli orqanlarından əldə edilməsi müddəti istisna edilir. 18 yaşına çatmış fiziki şəxslərin istifadəçisi ola biləcəyi elektron xidmət üzrə ödənişə 10 manat dövlət rüsumu daxildir.(musavat.com)






Fikirlər