Milyonlar xərclənən parkı zəbt edib hissə-hissə satırlar - FOTOLAR
Binəqədi rayonu, "Azadlıq" metrosunun yaxınlığında salınan park tədricən yoxa çıxır. Sonuncu dəfə ötən il bu park haqqında saytımızda yazı dərc etmiş və parkın baxımsızlığından bəhs etmişdik. Bir il keçməsinə baxmayaraq bir xeyli "dəyişiklik" nəzərə çarpır. Parkın ərazisi bir qədər də kiçilib. Musavat.com-um əməkdaşı "Azadlıq" parkında olub, dəhşətli faktların şahidi olub. Bir müddət əvvəl parkın ətrafında 2-3 tikinti aparılsa da, indi bu tikintilərin sayı 10-nu ötüb. "Azadlıq parkı"nın dörd bir yanında ticarət mərkəzləri, yaşayış binaları, supermarketlər, dayanacaqlar tikilib. Kənardan baxanda burada park olduğunu görmək mümkün deyil Artıq bu cür obyektlər parkın içərilərinə doğru gedir və sanki onu hissə-hissə udur. Bu istirahət məkanının magistral yola yaxın olan böyük bir ərazisi hasara alınıb, hansısa tikinti üçün hazırlıq işləri aparılır. Ərazidə olduğumuz zaman öyrəndik ki, parkın ətrafında 1 sot torpağın qiyməti 100 min manatdan satılır. Adının çəkilməsini istəməyən Binəqədi sakini parkın oliqarxlar tərəfindən zəbt olunduğunu bildirib: "Bu park əhalinin gediş-gəlişi üçün, dincəlmək üçün çox yaxşı idi. Həm də əlverişli yerdə idi. Yay aylarında metrodan çıxan vətəndaşlar burada dincəlirdilər. Gördüyünüz kimi park baxımsız qalıb. Bütün yaşıllıqlar məhv edilir. Oturacaqlar bərbad vəziyyətə düşüb. Bu parkı tikəndə hamımız sevindik ki, istirahət üçün yerimiz olacaq. İndi parkın ətrafında o qədər tikinti var ki, hava almaq belə olmur". Metro stansiyası istifadəyə veriləndən sonra parkda bir neçə dəfə çöküntü baş verib. Daha sonra yenidən təmir olunsa da nəticə verməyib. Sonda aidiyyatı qurumlar parkı hasara alıb əsaslı təmir etmək qərarına gəliblər. Lakin ortaya çıxan nəticə bundan ibarətdir ki, parkı təmir etmək əvəzinə ərazini hissə-hissə zəbt edərək satıb, yerində ticarət mərkəzi ucaldıblar. Sakinlərin istirahət hüququnun pozulmasından başqa, burada dəhşətli məqamlardan biri də parkın metro tunelinin üzərində yerləşməsidir. Sözügedən tikililər də məhz həmin ərazidə aparıldığına görə metro tunelinin çökməsi üçün təhlükə yaranıb. Mətbuatda gedən məlumatlara görə, parkın salınması ilə “Körpübinatikinti” ASC məşğul olub. Stansiyanı “Azərtunelmetrotikinti” ASC tiksə də, yerüstü ərazinin təxminən 10 min kv/m olan park hissəsinin layihəsini “Bakıdövlətlayihə” İnstitutu tərtib edib. İki ilə ərsəyə gələn metrostansiya və park cəmi iki ay davam gətirdi. Onu bildirək ki, parkın inşasına 2009-cu ildə 2,5 milyon manat xərc çəkilmişdi. Qeyd edək ki, 14 metr dərinlikdə yerləşən bu stansiyada ilk dəfə olaraq sütunsuz tağvari platforma quraşdırılıb. Nəticədə stansiyanın üstündə aparılan tikinti işləri stansiyanın təhlükəsizliyinə təhdid hesab olunur. Metro stansiyalarının üstünə hər hansı tikinti işinin aparılması, hündürmərtəbəli binaların, ticarət mərkəzlərinin tikilməsinin tikinti normalarına nə dərəcədə uyğun olması isə mütəxəssislərin müzakirəsinə verilməli bir məsələdir.