Ağdamda parkların arasında “ögey-doğmaları” var...Raqub Məmmədov Böyük Vətən Müharibəsində həlak olanları niyə unudub? - ÖZƏL

  

Ağdam rayon, Quzanlı qəsəbəsi, Akademik Zərifə Əliyeva adına küçədə yerləşən Böyük Vətən Müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidə və abidənin yerləşdiyi park baxımszlıq ucbatından məhv olur.

Bu park 2008-2009-cu illərdə, Ağdam rayon icra hakimiyyətinə Həsən Sarıyevin rəhbərlik etdiyi dövrdə salınıb. Parkın salınmasına o zaman bir neçə yüz min manat büdcə vəsaiti də xərclənib. Həsən Sarıyevdən sonra Ağdam rayon icra hakimiyyətinə başçılıq edən Nizami Sadıqovun zamanında parkın qorunmasına, səliqə-səhmanına nəzarət edildiyi üçün 7 il əvvəl əkilən ağaçlar boy atmışdılar. Ancaq Raqub Məmmədov icra başçısı təyin edildikdən sonra Akademik Zərifə Əliyeva adına küçədə yerləşən Böyük Vətən Müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidə bu gün baxımsız qalıb. Bunun nəticəsində abidə dağılmağa başlayıb, parkdakı ağaclar qurumağa başlayıb. Parkın girişini kol-kos tutduğundan içəri keçmək çətinləşib. Park indi zibilliyi xatırladır. Abidə dağılır, ağaclar quruyur, zibillər ətraf aləmə üfunət saçır.

Ağdam rayonuun mərkəzi hesab olunan Quzanlı qəsəbəsində, Akademik Zərifə Əliyeva adına küçədəə yerləşən parkın niyə baxımsız qalması ilə maraqlananda yerli sakinlər hazırkı icra başçısı Raqub Məmmədovun özündən əvvəl rayona rəhbərlik edənlərin vaxtında inşa edilən parkları baxımsız hala salındığını  qeyd edirlər. Əks halda gün ərzində ən azı iki dəfə yanından keçdiyi parkın bu vəziyyətə düşməsinə imkan verməzdi. Ağdam rayon sakinləri isə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət edərək, yerləşən Böyük Vətən Müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidə və abidənin yerləşdiyi parkın məhv olunmasının qarşısını almaq üçün dövlət rəsmiləri ilə görüşündə bu məsələni qaldırmasını xahiş etmək istəyirlər. Çünki, bununla bağlı dəfələrlə Prezident Adminstarsiyasına və Nazirlər Kabinetinə müraciətlər edilsə də, heç bir tədbir görülmür. Halbuki, Raqub Məmmədov özünün zamanında salınmış parkda hər gün bir neçə dəfə olur, hansısa bir nöqsan olanda dərhal onun aradan qaldırılmasını təmin edir. İcra başçısının parklara münasibətdə göstərdiyi “ögey-doğmalıq” isə artıq bir parkı məhv olmaq həddinə gətirib.

P.S. Məsələ ilə bağlı Ağdam rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışacağıq. Parkın inşaasının təşəbbüskarı olmuş sabiq icra başçısı Həsən Sarıyevlə əlaqə yarada bilmədik. Ancaq onun da mövqeyini öyrənməyə çalışacağıq.

"AzerTaym.az"

 

 






Fikirlər