SOCAR-dan AÇIQLAMA: Xəzərdəki hadisə ilə bağlı qərargah yaradılıb

Bu gün N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar "Azneft" İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılıb. Bu barədə "APA-Economics"ə SOCAR-dan məlumat verilib.

Qərargahın əlaqə telefonları:

+994 50 841 10 62

+994 50 841 12 09

Hadisə ilə əlaqədar 15 dekabr saat 15:00-da qərargahda jurnalistlər üçün açıqlama veriləcək.

Bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

Qeyd edək ki, Cavid Bəhrəmovun cəsədi sudan çıxarılıb.  

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.






Fikirlər