“Vergilər Nazirliyi məlumat versin”

“Bu yaxınlarda Milli Məclis Vergilər Məcəlləsinə 201 dəyişikliyi qəbul etdi. Ancaq təəssüflər olsun ki, bu qanunun təbliğatı getmir.

Bizə çoxlu müraciətlər olur. Xahiş edirəm ki, Vergilər Nazirliyi vergi qanunvericiliyindəki dəyişikliklərlə bağlı mətbuatda geniş məlumat versin”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

 Deputat “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin vacib olduğuna da diqqət çəkib: 

“Bu, faktiki olaraq vergi yükünün azaldılmasına, vergi borclarının azaldılması üçün atılan addımdır. Burada təxminən 600 milyon manatdan söhbət gedir”. 
Vahid Əhmədov vergi amnistiyası üçün təyin olunan vaxtın uzadılmasını da təklif edib: “Qanun layihəsində 3 ay nəzərdə tutulub: yanvar, fevral, mart. Bu üç ay maliyyə bazarlarında ən ağır aylardır. Bir çox dövlət büdcəsindən maliyyələşən təşkilatlara vəsait mart ayının 10-dan sonra ayrılır. Buna görə də, sanksiyaların ödənilməsində müəyyən problemlər yarana bilər. Vaxt məsələsinə baxılsa, yaxşı olar. Təklif edirəm ki, bu müddəti 6 aya qədər uzadaq”. 
Deputat qeyri-dövlət təşkilatlarının vergi borcunun daha çox olmasına da diqqət çəkib: “Buna görə də, əsasən qeyri-dövlət qurumlarına baxmaq lazımdır”.

 






Fikirlər