AZƏRTAC-ın baş direktoru BDU-da mühazirə oxudu

Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində mühazirə oxuyub. 

 AzerTaym.az xəbər verir ki, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi mühazirədən əvvəl dekan Cahangir Məmmədli Aslan Aslanovu məzunu olduğu fakültədə görməkdən məmnunluğunu ifadə edib.

 “AZƏRTAC-ın beynəlxalq əlaqələri” mövzusunda mühazirə oxuyan Aslan Aslanov rəhbərlik etdiyi qurumun yaranması, təşəkkül tarixi və inkişaf mərhələləri, agentliyin yenidən təşkili və fəaliyyətinin təkmilləşdirilməsindən söz açıb. Həmçinin AZƏRTAC-ın beynəlxalq əlaqələrinə, tanınmış informasiya agentlikləri ilə işbirliyi və beynəlxalq jurnalist təşkilatlarında fəaliyyətinə diqqət yönəldib.

Baş direktor bildirib ki, ölkə həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri operativ işıqlandıran AZƏRTAC, eyni zamanda, informasiyanın qloballaşdığı dövrümüzdə müstəqil Azərbaycanın uğurlarının daha geniş miqyasda təbliğinə nail olub. Agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsinə yayılır. AZƏRTAC-a bu işdə həm xaricdə fəaliyyət göstərən müxbir məntəqələri, həm də təmsil olunduğu beynəlxalq media qurumları, əməkdaşlıq etdiyi xarici informasiya agentlikləri dəstək olur. Dünyanın 45 agentliyi ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumları imzalayan AZƏRTAC 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA), 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilib. AZƏRTAC Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir.

Bu ilin noyabrında Azərbaycanın Dünya Xəbər Agentliklərinin V Konqresinə və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasına uğurla ev sahibliyi etdiyini xatırladan Aslan Aslanov qeyd edib ki, Prezident İlham Əliyevin bu tədbirlərin birgə açılış mərasimindəki parlaq nitqi, Konqres iştirakçılarından bir qrupu ilə görüşü çox böyük rezonans doğurub. Dünyanın informasiya siyasətini müəyyənləşdirən peşəkarlar dövlətimizin başçısının erudisiyasını, sərrast məntiqini, cəmiyyət-dövlət-media münasibətlərinə kreativ yanaşmasını olduqca yüksək qiymətləndiriblər.

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, OANA-nın XVI Baş Assambleyasının əhəmiyyətindən danışan baş direktor bu tədbirlərdə 80 ölkədən 130 xəbər agentliyinin 200-dək rəhbəri və təmsilçisinin, media üzrə beynəlxalq ekspertlərin, BMT-UNESCO-nun rəsmi nümayəndəsinin, həmçinin regional media qurumlarının əməkdaşlarının iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, AZƏRTAC 2016-2019-cu illərdə həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik edəcək.

Sonra müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.






Fikirlər