Unikal.org-un məlumatına görə, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləmiş Əli Təhməzov "Qafqazinfo”ya müraciət edərək icra başçısı Nizaməddin Quliyevlə aralarında yaranan konfliktə görə 2 ilə yaxındır ki, qanunsuzluqlara, böhtana məruz qaldığını bildirib.
O qeyd edib ki, bu münaqişə bu gün onun işdən azad olunması ilə nəticələnib:
"Mən 2003-cü ildən icra hakimiyyətində işə başlamışam. 2015-ci ildə icra başçısı Nizaməddin Quliyev məni Nərimananlı kəndinə nümayəndə əvəzi göndərdi, sonra məcbur etdi ki, orada da qalım. Mənim də anam xəstədir, ona görə həmin kənddə işləyə bilməyəcəyimi dedim. Buna görə də başçı mənimlə konfliktə girdi və "səni işdən çıxaracağam", dedi.
Bunun ardınca Xanqərvənd kənd nümayəndəsi Mücahid Dəmirovu mənim üzümə qoydu ki, guya ondan 55 manat rüşvət almışam. Ümumi şöbənin müdiri Sayad Quliyev və Ərazi İdarəetməsi şöbəsinin müdiri İlham Məmmədov məni çağırıb dedi ki, başçı deyir ya özü ərizəsini yazıb işdən çıxsın, ya da işi prokurorluğa göndəririk. Mən də dedim göndərin. Prokurorluq araşdırma apardı və cinayət işinin başlanılmasını rədd etdi.
Bundan sonra başçı Nizaməddin Quliyev daha 3 nəfəri öyrədib mənə şər-böhtan atdı. Əlirzalı kənd icra nümayəndəsi Faiq Quliyev, Goranlı nümayəndəsi Xəqani İsgəndərov və Tatarlı nümayəndəsi Ziya Şükürov məndən şikayət etdilər ki, guya mənə pul veriblər. Yazmışdılar ki, biri 20 manat, o biri 60 manat pul verib. Bu iş də prokurorluqda araşdırıldıqdan sonra rədd edildi. Mən də bu dörd nəfəri məhkəməyə verib maaşları qədər təzminat tələb etdim. Dekabrın 15-də məhkəmə mənim lehimə qərar qəbul etdi. Onlardan üçünün, Faiq Quliyev, Xəqani isgəndərov və Ziya Şükürovun iddiaları böhtan hesab edildi və hər biri 290 manat cərimələndi”.
Ə.Təhməzovun sözlərinə görə, məhkəmə qərarı başçını daha da qəzəbləndirib və onu işdən azad edib: "Məhkəmə qərar verəndən bir neçə gün sonra, yəni dekabrın 21-də icra başçısı özünün Şura İclasını topladı. O da qanunsuz oldu, çünki iclasda iştirak etməli olan hüquq-mühafizə orqanları orada yox idi. İclasda ancaq öz şöbə müdirləri və müavinləri idi. Mən də məhkəmə qətnaməsini iclasda icra başçısına təqdim etdim. Dedi ki, öz bildiyimi edəcəyəm. Bu gün əmr verib məni işdən azad etdi. İcra başçısı Nizaməddin Quliyevin bu qərarından məhkəməyə müraciət edəcəyəm”.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün Goranboy icra hakimiyyətinə, başçı Nizaməddin Quliyevə və icra hakimiyyətinin digər vəzifəli şəxslərinə etdiyimiz zənglər cavabsız qalıb.