29.03.2014. - Başçı məmuru iclasda işdən qovdu (VİDEO)

29.03.2014. -   Başçı məmuru iclasda işdən qovdu (VİDEO)Bu gün Balaxanı qəsəbəsi sakinləri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə görüş keçiriblər.

AzerTaym.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, qəsəbə sakinləri verilən, amma tutulmayan sözlərdən bezdiklərini deyiblər.

Qəsəbə sakinləri uzun zamandır həll olunmayan problemlərindən gileylənirlər. Onlar əsasən qəsəbənin yollarının bərbad halda olmasından, kanalizasiya xəttinin olmamasından və bəzi sənədləri almaq üçün onlardan rüşvət tələb olunduğundan şikayətləniblər.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev onlarla martın 29-da görüşəcəyinə söz vermişdi və buna da əməl etdi. İcra başçısı sakinləri 69 nömrəli orta məktəbin idman salonunda qəbul etdi. Görüşün öncə daha kiçik zalda olacağı deyilmişdi. Amma sakinlər buna etiraz etdilər və görüşün yerini dəyişərək məktəbin idman salonuna keçirdilər.

Görüşdə əvvəlcə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış etdi. O sakinlərə bildirdi ki, onların bütün problemlərini dinləmək və həll etmək üçün gəlib: “Mən buraya sizin bütün problemlərini, dərdinizi dinləməyə və həll etməyə gəlmişəm. Hər kəs bir-bir öz sualını, problemini desin. Biz də həll yolunu tapmağa çalışaq”.

Bundan sonra sakinlər öz suallarını, iradlarını və problemlərini səsləndirməyə başladılar. İcra başçısı bütün bu problemlərin qısa müddətdə həll olunacağına söz verdi. Sakinlər işsizliklə bağlı müraciət etdilər. İcra başçısı söz verdi ki, onların bəzilərini işlə təmin olunmasında yardımçı olacaq.

Sakinlər əsasən qəsəbə icra nüməyəndəsi olan Fərhad Qurbanovdan şikayətçi idilər. Onların sözlərinə görə, F.Qurbanov onlardan rüşvət tələb edib və bəzi sakinlər də məcbur qalıb bu pulları veriblər: “Fərhad Qurbanov özbaşına hərəkətlər edir. Çox adamdan onların sənədlərini həll etmək üçün pul istəyib. Bəzən də məcbur qalıb tələb etdiyi pulları vermişik. Başqa yolumuz yox idi. Amma artıq boğaza yığılmışıq. Hamımız ondan narazıyıq və dəyişdirilməsini istəyirik”.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bu sözlərdən sonra, Fərhad Qurbanovdan açıqlama tələb etdi. O isə bu iddiaların yalan olduğunu bildirdi.

A.Vəliyev:Bu iddialara nə cavab verəcəksən?

F.Qurbanov: – Hamısı yalandır, böhtandır. Mən heç kəsdən pul tələb etməmişəm.

A.Vəliyev:Od olmayan yerdən tüstü çıxmaz. Mən bu məsələni araşdıraram.

Görüşün sonunda qərar qəbul olunub ki, qəsəbə icra nüməyəndəsi vəzifəsini daşıyan Fərhad Qurbanovun müavini vəzifəsinə 1 aylıq müddətinə qəsəbə sakini olan Bəybala Kərimov gətirilib. B.Kərimov əgər 1 ay müddətində öz vəzifəsini layiqincə yerinə yetirərsə, yeni icra nüməyəndəsi onun olacağı bildirilib. Bundan başqa, ağsaqqalar şurasının sədri də vəzifəsindən uzaqlaşdırılıb.







Fikirlər