"Azərbaycanda universitetlərdə ödənişli təhsil sistemin ləğvi təhsilin inkişafına yüksək səmərə verəcək".
Bunu Sherg.az-a ödənişli təhsilin ləğv edilməsi planından danışarkən təhsil eksperti, professor
Füzuli Məhəmməd söyləyib.
O bildirib ki, ali məktəblərə qəbul məsələlərində Nazirlər Kabinetinin səlahiyyətlərinin artırılması dövlətin bu sahəyə daha diqqətlə yanaşmasına səbəb olacaq:
"Təhsil prosesi yeni texnologiya və proqramlara yönələn səviyyədə təşkil edilməlidir. Yaranan yeni sahələrdə çalışa biləcək potensiallı kadrların yetişdirilməsinə önəm vermək lazımdır ki, burada sovet üsullarından qaçmaq və Avropa ölkələrinin, Koreya, Yaponiya, Almaniya, İngiltərə kimi sivilizasiyaların təcrübəsindən yararlanmaq daha çox fayda verər. Ödənişsiz təhsilin tətbiq edilməsinin də məktəblərin səviyyəsinin artırılması və ali təhsilin üstünlüyü istiqamətində müsbət təsirləri olacaq. Maddi imkanlarından, ailə durumundan, yaşadığı regiondan asılı olmayaraq bütün gənclər təhsildə bərabər hüquqlara malik olmalıdır. Nümunə üçün Avropa ölkələrinin təcrübəsindən geniş danışmaq olar ki, bir çoxunda təhsil pulsuzdur və nəticə göz qabağındadır. Azərbaycanda da qabiliyyəti və savadı olan şagirdlərə ali təhsil almaq üçün şərait yaradılmasına imkan verən bu proqramın tam şəkildə hazırlanıb, qəbul edilməsi birmənalı şəkildə müsbət hadisədir”.
Yeni layihənin diqqət edilməli məqamlarından danışan F. Məhəmməd deyib ki, elə obyektiv, çevik mexanizm qurmaq lazımdır ki, bir-neçə il sonra yenidən dəyişiklik etmək məcburiyyəti yaranmasın:
"Düzdür, bir ölkədə hər kəsin alim olması, yüksək biliyə yiyələnməsi mümkün deyil, buna baxmayaraq maddi durumundan asılı olmayaraq istedadlıların üzə çıxarılması, dövlət təminatı sayəsində onlara dəstək göstərilməsi gələcək üçün çox xeyirli olacaq. Oksford Universitetində belə bir sistem var ki, məsələn, ildə 30 min tələbə qəbul olursa onlardan yalnız 30 nəfər təhsilini fərqlənmə ilə bitirə bilir. Görün, nə qədər obyektiv və güclü təhsildən söhbət gedir ki, həmin 30 nəfərin də ən azı 20-si Nobel mükafatı alır və ya dünya şöhrətli alim, professorlara çevrilir. Ali təhsilin yüksək səviyyədə təşkil edilməsi üçün bu kimi məsələlərə diqqət etmək lazımdır ki, həmin hazırlanan proqram da tam həyata keçirilsin”.
Qeyd edək ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da mülkiyyət formasından asılı olmayaraq ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və qəbulun yalnız dövlət sifarişli ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizmlərinin hazırlanmasının nəzərdə tutulduğunu deyib.