Ermənilərlə dostluq edən diaspor rəhbərimizlə bağlı şok faktlar - Açıqlama/ FOTOLAR

İbrahimovun biznes ortağı Ukraynada ermənilərlə necə kef çəkir?

Kiyevdəki Azərbaycan Cəmiyyətinin sədri Rövşən Tağıyevlə bağlı mətbuatda sensasion məlumat və fotolar yayılıb.

AzerTaym.az  BakiPost.az-a istinadən xəbər verir ki, R. Tağıyev və dostları 2017-ci ili Ukraynada erməni diasporunun nümayəndəriylə birlikdə qarşılayıb. Təşkil olunan tədbirdə Ukrayna Erməniləri Konqresinin sədri Aşot Avanesyan da iştirak edib. Hətta Tağıyevlə Avanesyanın şənlikdə birlikdə fotosu da var.

 

 BakiPost.az Kiyevdəki Azərbaycan Cəmiyyətinin sədri Rövşən Tağıyevin erməni dostu Aşot Avanesyanın kimliyi və onların münasibətləri barədə ilginc məlumatlar əldə edib.

Məlumata görə, Avanesyan erməni diasporunun əsas simalarından biridir. Ukrayna parlamentinə qondarma erməni soyqırımının tanınmasıyla bağlı layihə göndərən şəxs də məhz Avanesyandır. Erməni lobbisinin gücü və böyük biznesi ilə o, Kiyevdə Azərbaycana qarşı olan bütün layihələrin önündə gedir. Bu ölkənin daxili işlər naziri erməni əsilli Arsen Avakovla dost olması onun imkanlarını daha da genişləndirir.

Belə bir adamın azərbaycanlılarla, xüsusən də ölkəmizin diaspor rəhbərləri, təmsilçiləri ilə sıcaq münasibəti əlbəttə kifayət qədər maraqlıdır. Araşdırma zamanı məlum olur ki, Azərbaycanın Ukraynadakı ən böyük diaspor qurumlarından birinin rəhbəri Rövşən Tağıyevin belə bir şəxslə dostluq etməsinin əsas səbəbi biznes ortaqlığıdır. Mənbə bildirir ki, R.Tağıyev ortağının əlaqələrindən istifadə edərək, imkanlarını xeyli genişləndirə bilib.

Maraqlıdır ki, diaspora rəhbərimizin erməni ilə dost olması faktının gündəmə gəlməsi ilk dəfə deyil.

Onların dost olması ilə bağlı ötən il də məlumat yayılmış və birgə fotoları tirajlanmışdı. 

 

 

Məlumatda bildirirdi ki, yəhudilərin və ermənilərin birgə yaratdığı Ukrayna Millətlər Assambleyası adlı qeyri - hökumət təşkilatı azərbaycanlı qismində Rövşən Tağıyevin adına qeydiyyatdan keçib. Bu assambleyada ermənilər rəsmi olaraq da təmsil olunurlar və burada müxtəlif layihələrə R. Tağıyevlə birgə müəlliflik ediblər. 

Yayılan fotolarda isə R. Tağıyev erməni icması ilə birgə tədbirlərdə və Kiyevdə özünə məxsus "Marinski” restoranında ermənilərə verilən ziyafətdə A. Avanesyanla birgə əks olunmuşdu.

 

Rövşən Tağıyev və Aşot Avanesyan 2016-cı ildə yeni il münasibətilə təşkil olunan tədbirdə

Məsələnin ilginc tərəfi isə odur ki, Azərbaycan Diaspor Komitəsinin sədri Nazim İbrahimov bütün bunlardan sonra R.Tağıyevi vəzifəsindən uzaqlaşdırmaq əvəzinə, ona əlavə səlahiyyətlər verib, onun Ukraynadakı fəaliyyətini daha da genişləndirib. Belə ki, komitə sədri Ukraynaya yeni təyin olunmuş səfirimizə əsas diaspor rəhbəri kimi məhz R.Tağıyevi təqdim edib. Elə buna görə də, bu ölkəyə təyin edilmiş yeni səfir qatıldığı bütün tədbirlərə özüylə məhz R.Tağıyevi aparır.

 

Rövşən Tağıyev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev

Bundan başqa, Rövşən Tağıyev dünya azərbaycanlılarının qurultayında N. İbrahimovun tövsiyəsi ilə "Tərəqqi” medalı ilə təltif olunub.

BakiPost.az-ın əldə etdiyi məlumatlara görə, Nazim İbarhimovun R.Tağıyevə belə sıcaq münasibət göstərməsinin də özəl səbəbləri var. Məlum olub ki, komitə sədri Ukraynadakı biznesini həmin adamın köməyi ilə inkişaf etdirib. Rövşən Tağıyevin İbrahimovun balaca qardaşı, iş adamı Sahib İbrahimovla çox yaxın dost olduğu da deyilir.

 

Rövşən Tağıyev Nazim İbrahimovla birlikdə

Məhz bu əlaqələrin mövcudluğu Rövşən Tağıyevin ermənilərlə yaxınlığına rəğmən, Kiyevdə azərbaycanlıların təmsilçisi kimi tanınmasında böyük rol oynayıb.

 Məsələ ilə bağlı Rövşən Tağıyev BakiPost.az-a açıqlamasında Aşot Avanesyanla yaxın münasibətlərinin olduğunu təkzib etməyib. Bildirib ki, Aşot Bakıda anadan olub və onunla eyni beynəlxalq təşkilatda təmsil olunur.

 Qeyd edək ki, R.Tağıyev bu məsələlərlə bağlı, eləcə də İbrahimovlarla dostluğu barədə geniş danışıb, sensasiya hesab olunacaq açıqlamalar verib. Həmin yazını ayrıca müsahibə kimi təqdim edəcəyik.

 






Fikirlər