“Sərdar Cəlaloğlu Xomeyninin tör-töküntüsüdür” - Fazil MUSTAFA

““Sərdar Cəlaloğlu Xomeyninin tör-töküntüsüdür” - Fazil Mustafa

Millət vəkili Fazil Mustafa ADP sədri Sərdar Cəlaloğlunun barəsində səsləndirdiyi ittihamlarla bağlı “Qafqazinfo” ya müsahibə verib:

- Sərdar Cəlaloğlu sizi ölkədə sünni-şiə davası salmaqda ittiham edir və vurğulayır ki, bu, Azərbaycan üçün çox təhlükəli məsələdir...

- Biz Azərbaycanın dövlət və tarix maraqlarını müdafiə edirik. Sadəcə Sərdar Cəlaloğlunun da tərkibində olduğu xomeyniçi tör-töküntülərin bizə qarşı müxtəlif əsassız ittihamları ilə qarşılaşırıq. Belə vəziyyətdə onların cavablarını verib yerində oturtmaq həm də Azərbaycana xidmət məsələsidir. Çünki bunlar tariximizi saxtalaşdırmaqla, onu irançı istiqamətə yönəltməklə onu türk zəminindən qopartmağa çalışırlar. Ona görə də bu ünsürlərin qabağından qaçmaq olmaz. Azərbaycanı gerçək Məmməd Əmin Rəsulzadənin müəyyən etdiyi istiqamətdə həm tarix şüurunu, həm də dövlət şüurunu insanlara aşılamağımız vacibdir. Bu istiqamətdə də bu cür bəsit primitiv şəkillərlə qarşımıza çıxanlara cavab veririk. "Azərbaycan türkünün iman davası", "Azərbaycanda türk kimliyi və saxta tarix problemi" kimi geniş araşdırma əsərləri ilə də mövqeyimizi ifadə etmişik. Bu mövzuda dissertasiya da müdafiə etmişik. Biz Azərbaycan cəmiyyətini gözləyən təhlükədən cəmiyyətimizi xəbərdar edirik. Ona görə də bizi bu məsələdə həyasızcasına hansısa bir məzhəbdə, nurçuluqda, sünnilikdə ittiham edənlər bilirlər ki, həmin cinahların da hücumlarına məruz qalırıq. Sərdar Cəlaloğlu düşüncə olaraq özünü məzhəb arealı içində görürsə, demək ki, İslamın mahiyyətini anlamayıb. Bilmir ki, bu dinin əsas vizionu nədir. Bu cür adamlarla mübahisənin də yeri yoxdur.

Məsələn, o deyir ki Fazil Mustafanın fikirləri tipik Jirinovski fikrindən fərqlənmir. Mən də Sərdar Cəlaloğlunu tipik bir Xomeyni tör-töküntüsü hesab edirəm. O İrançı zehniyyəti Azərbaycanda təbliğ edənlərdən biridir. Hərdən təəccüblənirəm ki, bu Hacı Əbdül niyə Sərdar Cəlaloğlunu şallaqlamaq barədə qərara gəlmişdi? Onun nəyini şallaqlayırsan ki? İran nə deyirsə, elə bu da onu deyir da.

- O da qeyd edir ki, insanın təriqətinin nə olmasının milli kimliyə aidiyyatı yoxdur. Məsələn, qeyd edir ki, Məmməd Əmin Rəsulzadə də şiə olub, ancaq yaratdığı dövlət türk dövlətidir...

- Yalan deyir, Məmməd Əmin Rəsulzadə şiə olmayıb. Rəsulzadə müsəlman olub. Onun bircə görüşünü belə şiəlik və ya sünniliyə aid ola biləcəyini ayırsaz, onda deyər ki Rəsulzadə şiə olub. Rəsulzadə Azərbaycan dövlətini bu dini yanlışlar üzündən məzhəb bölücülüyündən uzaq bütöv bir Azərbaycan dövləti qurub. İslamı da bütünləşdirib. Rəsulzadəyə bu böhtanı atmasın. Onu özünə bərabər səviyyədə tutmasın.

- İndiki halda dövlət idarəçiliyində də, ölkədə də şiə məzhəbinə məxsus olan adamlardan söhbət açır. Buna görə dövlətimizi türkçülükdən uzaq hesab etməyin düzgün olmadığını vurğulayır. Bu nəyisə dəyişirmi?

- Ümumiyyətlə hansısa bir məsuliyyətsiz formada Azərbaycanda şiələrin 90 faiz, sünnilərin 5 faiz olmasını demək özü bir bölücülükdür. Şeyxülislam belə hələ bu rəqəmi deməyib. Azərbaycanda müsəlmanlardan söhbət getməlidir. Sünnilərdən də ayrı-ayrı ölkələrin şeyxlərinin iradəsinə tabe olan antiazərbaycan qüvvələr var. Şiələrin içində də İranda hansısa bir ayətullaha tabe olanlar var. Onlar da sabah Azərbaycan maraqlarına qarşı çıxa bilərlər. Hər iki cinahda özünü hiss edən insanların içərisində başqa ölkəyə bağlı olmayan, öz ölkəsinə bağlı olan çox sayda insanlar var. Onlar bizim hamımızın vətəndaşıdır. Biz sadəcə başqa ölkədən təlimat alanlar barədə danışırıq. Bu təlimat alanların içərisində də Sərdar Cəlaloğlu özünü görmürsə, o zaman narahat olmağa dəyməz. Həm də onun tarixə, dinə yanaşması tamamilə cəfəngiyyatdan ibarətdir. Hələ anlamır ki, hansı məkanda nə işlərlə məşğuldur. Deyir ki, o dövrdə olsaydı həm Şah İsmayılın, həm də Nadir şahın yanında olardı. Ancaq Nadir şah bilsəydi ki, sən Şah İsmayılın yanındasan, qapısından qovardı. Onlar eyni missiyanımı aparıblar? Nadir şah antisəfəvi mövqedə duran adam olub. Şah İsmayıla köməklik edib neyləcəyəkdin ki ? Daha on min adamın da boynunu sən vuracaqdın? Bu cür səviyyəsiz, problemi anlamadan danışan insanlarla hər hansı müzakirəni genişləndirmək doğru deyil. Abırsız formada cavab verəndə eynilə cavab alacaqsan. Mən siyasətdə mədəni üslubun tərəfdarıyam. Ancaq onların da cavabını vermək lazımdır ki, yerlərini bilsinlər.

- Siz ümumiyyətlə, Səfəviləri türk dövləti olaraq birmənalı şəkildə qəbul etmirsinizmi?

- O da bizim türk tariximizdir. Ancaq səfəviliyin əsas məhsulu irançılıqdır. Bu gün səfəviliyin yetişdirdiyi ünsür Sərdar Cəlaloğludur. Bu tipajlarla Azərbaycan dövlətinin modelini təsəvvür etmək olmaz. Bizim modelimizin əsas qurucusu Məmməd Əmin Rəsulzadədir. Dövlətimizin əsasını o qoyub. Dövlətçiliyimiz isə bütün türk dövlətləri tarixidir. Əgər Səfəvilik yaxşı olsaydı, o zaman Nadir şah ondan niyə imtina edirdi? Niyə molları ölkədən qovurdu? Adam Nadirlə Şah İsmayılı bir tutmaqla nə demək istəyir? Bir Nadir şahın qurultaydakı məktublarını oxusun. Yaşca məndən böyük olduğuna və köhnə haqqı-salamımız olduğuna görə çox dərinə getmək istəmirəm.

- Yeri gəlmişkən, sizi bu mövzuda efirdə debata çağırır. Hazırsınızmı?

- İstənilən müstəvidə onlarla danışmağa hazıram. Mən indiyə kimi hansı debatdan qaçmışam ki? Sadəcə bu üslubla qabaqdangəlmişlik edir. Məni nurçuluqda ittiham edir. İndiyə qədər məni bunda ittiham edənlərin hamısı necə ifşa olundu? Sərdar Cəlaloğlunun dediyi söz birbaşa İrandan hazırlanan mətndir. Başqa ittiham etməyə ad tapa bilmirlər. Biri İrandan, biri Ərəbistandan təlimat alır. Bu ölkəni gələcəkdə xaos meydanına çevirmək istəyirlər. Sağlam şiələrin hamısı mənimlə bir yerdədir. Nə oldu, ancaq İrana işləyənlər hay-küy qaldırırlar. Azərbaycana bağlı hər hansı şiəylə bizim problemimiz yoxdur. Azərbaycanda süni-şiə davasının yaranmasının hər hansı xüsusi zəmini yoxdur. Ona görə də bunun qızışması heç mümkün deyil.

- Deyir ki, sünni şiə davası saldığınıza görə İŞİD-dən heç bir fərqiniz yoxdur...

- Açın, mənim səhifəmi oxuyun. İŞİD-i məndən çox ifşa edən, ona qarşı sərt çıxış edən ikinci adam varmı? Dində baş kəsmənin, qan tökmənin olmadığını ortaya qoyuruq təbliğ edirik. Hər yandan edilən hücumları görürsünüzmü? Bunlar türk ordusunun məğlubiyyəti üçün gecə-gündüz dua edirlər. Təsəvvür edin ki, bir Azərbaycan siyasətçisi deyir ki, ölkənin 90 faizi bir məzhəbə məxsusdur. Bu qədər məsuliyyətsiz adam ola bilərmi? Söhbət ölkəni qarışdırmaqdan gedir. Azərbaycan multikulturalist bir dövlətdir. Mənə nə aidiyyatı kim hansı məzhəbə xidmət edir. Bir yəhudi gedib Qarabağ uğrunda şəhid olursa, o mənim qardaşımdır. Primitiv yollarla ictimai rəy formalaşdırmaq sadəcə biabırçılıqdır. Mən açığı buna üzüldüm, həm də mənim üçün gözlənilən oldu. Çünki Sərdar Cəlaloğlunun sonu belə olmalı idi.

- Sizi ittiham edirlər ki, sosial şəbəkə hesabınızda daha çox dini məsələləri qabardırsınız. Sosial problemlər kənarda qalır...

- Daha çox dini mövzuda çıxış etmirəm axı. Hər mövzuda münasibətim hesabımda ifadə olunub. Dini mövzuda da ona görə çıxış edirəm ki, təhlükənin haradan gəldiyini görürəm. Mənim borcumdur ki, hansı istiqamətdə diqqətli olmağımızı bir ziyalı kimi gündəmə gətirəm.

Mənə irəli sürülən ittihamları bəzən də kobud formada cavablandırıram. Ancaq abırsız adamlara verilməli başqa cavab yoxdur. Bu gün də mən əhli-sünnə adlanan cinahdan hücumlara daha çox məruz qalıram. Hədislərin çoxundan problem olduğunu səsləndirən kimi ordan da hücumlar artır. İndi bu da məsuliyyətsiz adamdır, düşüb ortaya. Bu gün Nobeldən, sabah İslam liderliyindən danışır. Deyir ki, məqalə yazıb, ona cavab yazım. Sənin mənasız məqalənə mən nə cavab verim? Mən də kitab yazmışam, dissertasiya müdafiə etmişəm. Başqa bir sözün varmı?

- Kitablarınızda etdiyiniz istinadların müəlliflərinin təriqət nümayəndələri olduğunu qeyd edir...

- Bunun heç aidiyyatı var? Mən İslam alimlərinə müraciət edirəm. O kitabını guya özündən yazır? Kitablarının hamısı ordan-burdan köçürmədir. Onun hər hansı fikri kiminsə yaddaşında deyil ki? Razılaşmaya biərsən, amma bu əsas vermir ki, kimisə hanısasa cinahda ittiham edəsən. “Azərbaycan tarixinə məzhəbçi baxış” adlı yazı yazır. Kimin məzhəbi varsa mən onu axmaq hesab edirəm. Sərdar Cəlaloğlunun məzhəbi varsa, onu axmaq hesab edirəm. Mənim də məzhəbim varsa, o da məni axmaq hesab etsin. Mən özümü müsəlman hesab edirəm. Həqiqi müsəlmanların isə məzhəbi olmur.






Fikirlər