Sərdar Cəlaloğlu: “Pənah Hüseynə görə iclaslara kitab gətirən deyiləm”
“Müxalifətin müəyyən hissəsinin bir neçə gün əvvəl apardığı müzakirələri yeni birliyin yaranması ilə əlaqələndirmək doğru deyil. Müxalifət öz yerində, ümumilikdə cəmiyyətimizin müzakirələr aparması çox vacibdir. Konspirologiya elmi sübut edir ki, problemlərin yaranmasının bir səbəbi də birgə müzakirələrin olmamasıdır. Odur ki, birgə müzakirələr konfliktlərin azalmasına və həllə kömək edən faktorlardan biridir. Bu səbəbdən də mən müzakirələrə qoşuluram”. Bunu Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deyib. O sədri əlavə edib ki, müxalifətin bir hissəsinin KXCP qərargahında qatıldığı 8 noyabr müzakirələrində fikirlərin fərqli olması normaldır: “Pənah Hüseyn həmin müzakirələrdə fərqli mövqedən çıxış edirdi. Müzakirələrdən sonra onunla hər hansı bir fikir mübadiləsi aparmadım. Əslində ciddi fikir ayrılığı da olmadı. Pənah Hüseyn adətən, elə mövqe ortaya qoyur ki, sən nəticədə onun istədiyini edəsən. Onun özü də bilir ki, dedikləri səmimi deyil. Məsələn, biz toplaşıb insan hüquqları mövzusunda müzakirə aparırıq, Pənah Hüseyn isə deyir ki, hakimiyyət məsələsi qoyulmalıdır. Əvvəla, bu başqa müstəvidə qoyula bilər. İkincisi, bu məsələni qoymaq üçün hakimiyyət ölkədə nüfuzdan düşməlidir ki, sən bu istiqamətdə iş apara biləsən. Ancaq vəziyyət bu cür deyilsə, sən reallıqları nəzərə almalısan. Həm də bizim fərqimiz odur ki, mən məsələlərə mümkün qədər elmi yanaşmağa çalışıram, bütövlükdə dünya siyasi təcrübəsinin son nəticələrindən çıxış edirəm. Pənah Hüseyn isə məsələlərə subyektiv yanaşmaya üstünlük verir. Bu da sonda fikir ayrılıqlarına səbəb olur”. Sərdar Cəlaloğlu Pənah Hüseynin ona mənbə göstərmədən hansısa fikirlər səsləndirməsinə dair iradını da rədd edib: “Mən mənbələri göstərmək üçün gərək hər iclasa özümlə bərabər 30-50 kitab gətirəm. Məsələn, mən Şarpın adını çəkdim. Əgər, Pənah bəy inanmırsa, internetdə axtarıb oxusun. İkincisi, Çorçillin adını çəkdim. Pənah mənim həqiqətən də Çörçilin fikirlərini dediyimə inanmırsa, axtarış versin və Çörçilin maliyyə, siyasət, pul və vaxtla bağlı fikirlərini tapsın. Mənim vəzifəm Pənaha mənbələr göstərmək deyil. Bəzi adamlar var ki, kitabdan oxuyur, amma müzakirələrdə həmin fikirləri öz fikiri kimi sırıyır. Bax, bu doğru deyil. Mən dediklərimi sübut etmək üçün Pənah Hüseynə 30-40 kitab gətirməli deyiləm. Gedib oxusun da”.