Gülər Əhmədova: "Dəyanət Rzayev insanların NAXIŞIYDI"
Keçmiş deputat, psixologiya elmləri üzrə fəlsəfə doktoru Gülər Əhmədova ötən gün intihar etmiş tanınmış psixoloq Dəyanət Rzayev barədə Ölkə.Az-a danışıb. G.Əhmədova əməkdaşımızla söhbətində bildirib ki, Rzayevi bir neçə ildir tanıyır: "Hesab edirəm ki, onun intiharının səbəbi sırf şəxsi həyatı ilə bağlı idi. Çünki onunla söhbətlərimiz, müzakirələrimiz olmuşdu. Elə şeylər var ki, onlar mətbuata danışılmır. Həm də onun xatirəsini incitmək istəməzdim. Bircə onu demək istəyirəm ki, çox yaxşı insan, yaxşı dost və əsl ziyalı idi. Millətimizin qızıl fondundan getdi və düşünürəm ki, görəsən, onun yerini doldura biləcək kimsə varmı? Onun intiharında bizim hamımızın günahı var. Bəlkə də biz onu tək qoymamalıydıq. Həmişə ancaq təklikdən şikayətlənirdi. Deyirdim ki, tənha deyilsən, evlənərsən, övladların, bacıların, anan var, daha nə istəyirsən? Övladlarıyla da görüşə bilirdi". G.Əhmədova bildirib ki, D.Rzayev son zamanlar intihara meyilli görünürmüş: "İntihara meyilli olduğunu hiss etdirirdi. Yenidən ailə qurmaq istəyirdi, tək qalmaqdan heç xoşu gəlmirdi. Onunla birlikdə çalışmağa qərar verəndə yeni ildən əvvəl idi. Dekabrda bir-iki dəfə getdim. Dedim ki, bir az səbrli ol, müalicə alım, özümü səliqəyə salım, sonra var gücümüzlə başlayaq. Ondan sonra görüşməmişdik". "Səhhətində problem var idi?" sualını Gülər Əhmədova belə cavablandırıb: "Ruhunda, psixologiyasında problem olan insanın səhhətində də problem olur. Psixologiyası sağlam olan insanın immuniteti o qədər güclü olar ki, hamı xəstələnər, o xəstələnməz. Onun yanına pasient gəlirdi, çox vaxt təmənnasız qəbul edirdi, baxmırdı ki, vaxtı gedir. O da yer haqqı verirdi axı. Saat hesabına pul alsın anlayışı yox idi. Təmənnasız insan idi. Məni ən çox yandıran odur ki, belə adamları itiririk. Azərbaycanda yeganə adam idi ki, onun imzasıyla olan arayışlar beynəlxalq səviyyədə qəbul olunurdu. Bəzən təsəlli üçün bir mənfi cəhətini yadıma salmaq istəyirəm ki, sakitləşim, xatırlaya bilmirəm. Neçə illər ərzində ondan bir dəfə artıq hərəkət görmədim. Desəm ki, qardaşım, oğlum qədər çox istəyirəm, az olar. Deyirlər, insan var ki, insanların naxışıdır. O da insanların naxışıydı". Xatırladaq ki, Dəyanət Rzayev dünən gecə yaşadığı mənzildə özünü kəmərlə boğaraq intihar edib.