QHT-lərin Bakıda “şəffaf PARÇALANMASI”

QHT-lərin Bakıda “şəffaf parçalanması”

Sabit Bağırov: “Bizim dostlardan bəziləri vətəndaş cəmiyyətinin digər problemlərinin də MSŞT çərçivəsində həllinə çalışır” 

 

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə beynəlxalq İdarə Heyətinin sədri İsveçin keçmiş baş naziri Fredrik Reinfeldt və MSŞT üzrə beynəlxalq katibliyin rəhbəri Yonas Moberq Bakıda işgüzar səfərdə olublar. Səfər çərçivəsində MSŞT sədri və katibliyin rəhbəri Azərbaycanın dövlət başçısı başda olmaqla, bir çox mühüm şəxslərlə görüşüblər. Bu səfərdən yerli vətəndaş cəmiyyətinin gözləntiləri çoxdur. 
Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, hökumətin vətəndaş cəmiyyəti ilə bağlı problemləri qalır: “Problem tam həll olunub, yaxud da hökumət problemlərin həllinə çalışmır kimi fikirləri bölüşmürəm. Hesab edirəm ki, müəyyən addımlar var. Yəni bu son dövrlər qaydalarla bağlı dəyişikliklər göz qabağındadır. Bu qaydalar İdarə Heyətinin Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planının tələblərinə tam cavab vermir. Orada, ümumiyyətlə, qrantların qeydiyyatının, bütövlükdə götürəndə, həm də xarici donorların qeydiyyatının ləğvi nəzərdə tutulub. Eyni zamanda reyestrdən çıxarışın ləğvi nəzərə tutulub. Burada qərarlardan sonra müəyyən tələblərin siyahısının azaldılması prosesi var, nəzərə alınıb. Mərkəzdən prosesin idarə olunması nəzərə alınıb. Yenə də həm donorlar üçün, həm də qrantlar qeydiyyat problemi qüvvəsini saxlayır. Təbii ki, proses davam etməlidir. Bu istiqamətdə təkmilləşmə getməlidir. Bizim növbəti İdarə Heyətinə kimi bir aydan çox vaxtımız var. Hesab edirəm ki, az müddət deyil. Bu istiqamətdə əlavə addımlar atılmalıdır ki, Azərbaycan orada fəaliyyətinin dayandırılması təhlükəsi ilə qarşılaşmasın”. 
Image result for Qubad ibadoğlu
Qeyd edək ki, MSŞA QHT Koalisiyası mətbuat üçün açıqlama yayaraq Bakıdakı toplantı haqda da məlumat verib. Toplantıda çıxış edən MSŞA Koalisiyasının üzvləri, hüquqşünaslar Akif Qurbanov və Hafiz Həsənli bildiriblər ki, Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” və 24 yanvar 2017-ci il tarixli “Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazisində qrant vermək hüququnun əldə edilməsi” Qaydalarında dəyişikliklər edilməsi barədə qərarları qanunlardan üstün hüquqi qüvvəyə malik olmadığına görə, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda məhdudlaşdırıcı hallar aradan qaldırılmayacağı halda huquqi və praktik vəziyyətin dəyişməsindən danışmaq mümkün deyildir. Onlar qeyd ediblər ki, baş verən dəyişikliklər islahedici tədbirlər planında nəzərdə tutulan fəaliyyətlərin icrasını təmin etmir. 
Image result for Sabit Bağırov
Çıxışçılar bildiriblər ki, təxminən 1 il 6 ay bundan əvvəl MSŞT-nin keçmiş sədri Kleyr Şortla görüşdə prezident problemlərin həll ediləcəyinə söz versə də, problemlər indiyədək qalmaqdadır. 
Çıxış edən Koalisiya Şurası və Çoxtərəfli Qrup üzvü Oqtay Gülalıyev bildirib ki, qanunvericiliklə yanaşı, hakimiyyətin vətəndaş cəmiyyətinə baxışı dəyişməlidir. Eyni zamanda qeyd edib ki, Koalisiyanın keçmiş Şura üzvü Fuad Qəhrəmanlı facebook sosial şəbəkəsində yazdığı fikirlərinə görə 10 il müddətinə azadlıqdan məhrum olunub. Koalisiyanın daha bir üzvü Qarabağ qazisi, 2-ci qrup əlil Asif Yusifli də 2 ildən çoxdur ki, qanunsuz həbs həyatı yaşayır. Çıxışçı Təbii Resursların İdarəedilməsi İnstitutunun Müşahidə Şurasının üzvü İlqar Məmmədovun 4 ilə yaxındır ki, həbsdə olduğunu da xatırladıb.  
Azərbaycanın MSŞT-də statusunun bərpası bir aya müzakirəyə çıxarılmalıdır. Əksər ekspertlər ölkədəki durumun “nikbin düşünməyə” əsas vermədiyini bildirirlər.Görüşün başqa bir iştirakçısı, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Azərbaycan QHT Koalisiyasının üzvü Sabit Bağırov ümidini parlamentin yaz sessiyasına bağlayıb. 
O, AzadlıqRadiosuna bildirib ki, koalisiyada iki fərqli fikir var: “Problemlərin həllinə çalışılır. Nazirlər Kabineti yanvarda iki qərar qəbul edib. O qərarlarda prosedurlara dair xeyli sadələşdirmələr nəzərdə tutulur, amma problemi kökündən çözmək üçün qanunvericilikdə dəyişikliklər edilməlidir. MSŞT-nin öz standartları var. Keçən il qəbul edilən standartda vətəndaş cəmiyyətinə dair xüsusi qeydlər var. Orda açıq göstərilir ki, MSŞT prosesində iştirak edən vətəndaş cəmiyyəti qurumları məhz Təşəbbüsün problemləri ilə əlaqədar məsələlərdə ifadə azadlığına malikdirlər. Təəssüflər olsun ki, bizim dostlardan bəziləri vətəndaş cəmiyyətinin digər problemlərinin də MSŞT çərçivəsində həllinə çalışır. Bu da düzgün deyil... Hər şeyin öz yeri var. Siyasətlə məşğul olmağa siyasi partiyalar var. Bu, Təşəbbüsün standartında açıq-aydın yazılıb. Bu gün sədr bir daha bunu təkrar etsə də, bəzi dostlarımız bunu qəbul etmək istəmir. Ona görə də problemlər yaranır”.
“Açıq Hökumət Təşəbbüsü” 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı toplantısında qəbul edilib. Hazırda adıçəkilən sənədi 70 civarında ölkə imzalayıb. Bu sənədə ilkin qoşulmaq istəyənlər sırasında olan Azərbaycan 2012-ci ildə Təşəbbüsə qoşulub. 2016-cı ilin mayında Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi Azərbaycanın bu qurumdakı statusunu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Buna səbəb kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətlər, bütün vətəndaş cəmiyyəti spektrini əhatə edən platformanın olmaması göstərilib. 

 






Fikirlər