Qulu Məhərrəmlidən “Yoxlama” ya İTTİHAM: “Xırda TƏNQİDLƏRDİR”

ATV-də yayımlanan “Yoxlama” verilişi və onun özünü müstəntiq kimi aparan aparıcısı Azər İsmayılov medianın gündəmindən düşmür. Verilişin 171 saylı məktəbdə apardığı çəkilişdən sonra məktəb direktorunun ölməsi isə bu müzakirələri pik həddə çatdırıb.

Tanınmış jurnalist, professor Qulu Məhərrəmli Modern.az-a açıqlamasında aparıcının sərgilədiyi davranışı mütəxəssis kimi dəyərləndirib. O bildirib ki, bu cür məsələlərə konseptual yanaşmaq lazımdır:

 Tənqid qılınc çəkmək deyil

 “Media, o cümlədən televiziyalar, saytlar ona görə mövcuddur ki, cəmiyyəti məlumatlandırsın və ictimai nəzarətçi olsun. “Yoxlama” verilişi bu baxımdan uyğun addımlar atır. Mən hesab edirəm ki, televiziyada tənqidi verilişin olması çox vacibdir. Bizdə ANS-dən sonra bu cür tənqidlər verən proqram yoxdur. Amma tənqid o demək deyil ki, sən qılıncını siyirib hamıya hücum edəsən. Bunun reallaşdırılmasının konkret qaydaları var.

 Tənqiddən əvvəl insanlara qarşı həssas yanaşmaq lazımdır, problemi bilib yanaşmaq lazımdır. Həmçinin, jurnalist tənqid etmək istədiyi obyektin spesifikasını, özəlliyini bilməlidir. Məsələn, məktəb yeməkxanasını tənqid etmək olar. Amma bu yeməkxanadakı vəziyyət nəticədir. Biz bundan yuxarı qalxa bilirikmi, tənqidi obyektiv apara bilirikmi? Bunlara baxmaq lazımdır. Mən arzu edərdim ki, “Yoxlama” verilişi geniş miqyaslı, ictimai maraq doğuran, cəmiyyəti narahat edən problemləri işıqlandırsın. Tənqidin hədəfi xırda olanda, məqsədləri də kiçilir. Ona görə hesab edirəm ki, hər şeyə ilkin olaraq insani münasibətlər baxımından obyektiv yanaşmaq lazımdır”.

 “KİV haqqında” Qanun və əldə bayraq...

 Q.Məhərrəmli bildirib ki, bu cür verilişlər, obyektlərə hücum edən fərdlər sovet dövründə də, elə AzTV-də də olub:

“Amma yenə də deyirəm ki, biz tənqidin məqsədini və hədəfini düz müəyyənləşdirəndə auditoriya bizi qəbul edir. Biz böyükləri qoyub, kiçikləri qamçılayanda, səbəbləri qoyub nəticəyə hücum edəndə, tənqidin effekti olmur. Ona görə də bu məsələlərdə çox həssas olmaq lazımdır. Yəni, “KİV haqqında” Qanun bizə çox imkanlar verir. Məgər biz onların hamısını reallaşdıra bilirikmi? Biz o halda qanuna müraciət edirik ki, onlar bizim məqsədimizə uyğun gəlir. Bütün hallarda tənqidi verilişlər lazımdır və olmalıdır. Amma bu, etik çərçivədə və ictimai marağı əhatə edən səviyyədə reallaşdırılmalıdır. Belə olan təqdirdə tənqid effektli və qəbul olunan olur”.

 “Əlinə mikrofon alan, kamera qarşısında dayanan...”

 Professor qeyd edib ki, ümumilikdə televiziya jurnalistlərimizin özünü aparmaq qaydaları xoşagələn deyil:

Studiyada veriliş aparan aparıcı, jurnalist qıcıqlandırıcı davranışlara yol verməməlidir. Tamaşaçı ilə səmimi, işgüzar, pozitiv ovqat yaradan ünsiyyət qurmalıdır. Amma təəssüf ki, bizim aparıcılar, reportyorlar bəzən bu həqiqəti unudurlar. Özlərini müstəntiq kimi aparırlar. Müstəntiqin tərzi və məqsədi başqa, jurnalistin yanaşması başqadır. Ona görə bunları bir-birindən fərqləndirmək lazımdır. Əlinə mikrofon alan, kamera qarşısında dayanan aparıcılar, jurnalistlər işlərinin əsl mahiyyətini unudaraq özlərini hədsiz səlahiyyət sahibi hesab edirlər. Bundan çəkinmək lazımdır”.

 






Fikirlər