“İntiharı elə cazibədar formada verirlər...” - Qulu Məhərrəmlidən jurnalistlərə İRAD

Bu gün mediamızın manşetini zəbt edən səs-küylü intihar hadisəsi və onunla bağlı olan yazılar jurnalistləri qınaq obyektinə gətirib. Bəzi aktiv sosial şəbəkə istifadəçiləri, ziyalılar ölüm xəbərlərinin bu şəkildə tirajlanmasının əleyhinə olduqlarını bildiriblər. Onlar intiharların qarşısının alınması üçün bir çox ölkələrdə bu tip xəbərlərin mediada verilməsinə qadağa qoyulduğunu əsaslanaraq, tövsiyə ediblər ki, Azərbaycanda da belə xəbərlərə məhdudiyyətlər qoyulsun.

Birmənalı qarşılanmayan bu tövsiyələrə mütəxəssislər nə deyir? İntihar xəbərlərinin belə səs-küylü şəkildə təqdim edilməsi, intiharın təbliğidirmi? Və ya intihar xəbərlərinin məksimum dərəcədə gizlədilməsi intihar sayının azalmasına kömək edə bilərmi?

Bununla bağlı BakiPost.az-ın sualını cavablandıran tanınmış televiziya mütəxəssisi və əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, intihar xəbərlərinin mediada verilməsinə qadağanın qoyulması çıxış yolu deyil: "Bütün məsələlərdə bizdə həmişə ifrat hədd götürülür. Ya başlanğıc olub, ya da ən yüksək hədd.

Əlbəttə ki, psixoloqun, cəmiyyətin çox dəyərli nümayəndələrindən birinin intihar etməsi insanı çox üzür. Biz buna çox məyus oluruq. Amma bunu doğuran səbəblər var. Hesab edirəm ki, bu sırada intihar xəbərlərin tirajlanması bəlkə də axırıncı yerlərdən birində dayanır. İnsanlar müxtəlif səbəblərdən həyatları ilə vidalaşır. Yəni elə bir səbəb olmalıdır ki, insan Allahın ona verdiyi ən böyük nemətdən - yaşamaq haqqından imtina etsin. Ona görə də bunun çox ciddi səbəbi var. Məncə bunu sosioloqlar, psixoloqlar çox dərindən düşünməlidir”.

Əməkdar jurnalist hesab edir ki, sadəcə olaraq Azərbaycan mətbuatında intihar xəbərlərinin verilməsinin təqdimatı yanlışdır və bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır: "İntiharı bizdə elə sensasiya, cazibədar və gözəl formada verirlər ki, o başqaları üçün maraqlı görünür. Bax bundan imtina etmək lazımdır. Təəssüf ki, bu cür xəbərlərin təqdimatında peşəkarlıq yoxdur. Ona görə düşünmək, media rəhbərləri ilə müzakirələr aparmaq lazımdır. Onsuz da mediamızın vəziyyəti o qədər də yaxşı deyil. Çünki xəbər palitrası çox məhduddur, mənfi ovqat yaradan xəbərlər daha çoxdur. Məsələn, qəza, ölüm, intihar, cinayətkar və kriminal xəbərlər. Amma bunların əvəzinə normal xəbərlər cəmiyyət təqdim olunmalıdır ki, bir xoş ovqat yaransın. Bütün hallarda intihar xəbərlərinin verilməsinə qadağa və ya məhdudiyyətinin qoyulması fikri yanlışdır”.






Fikirlər