Raquf Mirzəyev: "Porsuq ovlanması qadağandır”
Adil Qeybulla: "Düzgün olmayan müalicə çox vaxt əks nəticə verir”
Məlum olduğu kimi porsuq piyindən hazırlanan yağ, çox müalicəvi əhəmiyyətə malikdir. Bronxial asma, vərəm və s. nəfəs yolları xəstəliklərinin müalicəsi zamanı porsuq yağından istifadə olunur. Buna görə də porsuq yağı əldə etmək istəyində olan bəzi insanlar qanunsuz olaraq porsuq ovu ilə məşğul olurlar. Bu isə ölkədə porsuqların sayının kütləvi şəkildə azalmasına gətirib çıxarır.
"4-5 porsuqdan 2-3 banka yağ düzəlir”
İnternetdə araşdırma apararkən qarşımıza porsuq yağı satışını təşkil edən bir neçə şəxs çıxdı. Onlar məhsulun təbii olduğunu, porsuqların şimal rayonolarında ovlandığını bildirdilər: "Bəli, satdığımız yağın təbiiliyinə, qatqısız olmasına təminat veririk. Dayım özü ovçudur, Qusarda qalır. 4-5 banka toplayıb göndərmişdi, hamısın satmışam, bir bankam qalıb. 750 qramını 150 manata satırıq. Elə olur aylarla ovlamaq olmur. Amma elə də olur ki, bir dəfəyə 4-5 dənəsini ovlayır, iki-üç banka yağ düzəlir. Ovlayandan sonra onun dərhal dərisini soyur, piyini çıxardıb əridib hazırlayırıq. Yəni, tam əmin ola bilərsiniz ki, özümüz hazırlamışıq, təbiidir”.
Qanunsuz ov edənləri 2 min manata qədər cərimə gözləyir
Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raquf Mirzəyev isə deyir ki, bu qanunsuz bir əməldir, ölkəmizdə porsuqların ovlanması qadağandır: "Bu, birmənalı olaraq qanunsuzluqdur. Onların hansısa məqsədlər üçün ovlanması qadağandır.
Porsuqlar daha çox ölkəmizin şimal hissəsində, Quba-Qusarda daha çox yaşayır. Onların ovlanması aşkarlandığı təqdirdə inzibati xətalar məcəlləsinə görə məsuliyyətə cəlb olunur və min manatdan 2 min manata qədər cərimələnir. Sözügedən faktı isə bizim əməliyyat qrupumuz araşdıracaqlar. Həmin şəxslərin kimliyi aşkarlanacaq və bu barədə mətbuata məlumat veriləcək”.
"Porsuq ferması yaradılmalıdır”
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bunun dövlət tərəfindən tənzimlənməli olan bir məsələ olduğunu bildirib: "Vaxtilə xalq təbabəti, türkəçarə bir çox xəstəliklərin aradan qaldırılmasına, onların müalicəsinə misilsiz xidmətlər göstərib. İndi də elm, texnika sürətlə inkişaf etsə də hələ də insanlar türkəçarəyə, xalq təbabətinə müraciət edirlər. Amma bunun heç də ürəkaçmayan nəticələri ilə üzləşirik.
Ona görə ki, bu gün porsuq yağından bronxial xəstəliklər üçün istifadə edilsə də, onun əks nəticələri də ola bilər. İnsanlar bunu kortəbii şəkildə, heç bir resept olmadan alıb istifadə edirlər. Bu da çox vaxt əks nəticə verir. Dəri üzərindən qəbul edilməli dərmanları bəzən ağızdan qəbul edirlər, bu da ciddi fəsadlar yaradır. İnsanlar bu barədə məlumatlı deyillər. Həmçinin də qeyd etdiyiniz kimi ovçular gəlir əldə etmək üçün qanunsuz porsuq ovlayırlar, flora və faunamıza ciddi zərər vururlar.
Bu barədə daha yaxşı ekoloqlar şərh verə bilər. Dövlət bu məsələyə əl qoymalıdır. Porsuqların xüsusi ferması yaradılmalıdır və onların təbiətdə sayına zərər vermədən fermalardan piyləri əldə edilməlidir. Məsələn, bildiyimiz kimi ilan zəhərindən xeyli sayda dərmanlar hazırlanır və qiyməti də həddindən artıq bahadır. Elə olduğu təqdirdə bunun çox ciddi fəsadları ola bilərdi. İnsanlar kütləvi şəkildə ilan ovlayardılar. İlan sancmalarının sayı artardı. Ona görə də xüsusi peşəkarlar tərəfindən onun fermaları yaradılır və ilan zəhərindən dərmanlar hazırlanır”. //cebhe.info