Xocalı soyqırımı -25
Ölkənin siyasi partiyaları anım günü ilə bağlı bir sıra tədbirlər keçirməyi planlaşdırır Fevralın 26-da Xocalı soyqırımının 25 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Artıq Xocalı soyqırımının 25-ci il dönümü ilə bağlı xarici ölkələrdə vətəndaşlarımız, müxtəlif ictimai birliklər tərəfindən faciə qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri keçirilməyə başlayıb. Bəs faciə günü ölkənin siyasi partiyaları hansı tədbirləri keçirməyi nəzərdə tutublar? Sorğumuz nəticəsində öyrəndik ki, partiyaların çoxu Xocalı soyqırımının anım günü, faciə qurbanlarının xatirəsinə həsr olunan “Ana fəryadı” abidəsini saat 12:00-da ziyarət edəcəklər. Onlar bu faciəni birlikdə anmağı düşünürlər... Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”a bildirib ki, “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin üzvü olan partiyalar həmin günü saat 13:00-da toplantı keçirəcəklər: “Bununla yanaşı, ”Ana fəryadı" abidəsini də ziyarət edəcəyik". Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Yeni Müsavat”a bildirib ki, onlar 26 fevral saat 12:00-da “Ana fəryadı” abidəsini ziyarət etməyi planlaşdırırlar: “Bundan əlavə, ”Xocalı soyqırımı"na həsr olunmuş dəyirmi masa keçirəcəyik". KXCP sədrinin müavini Xəzər Teyyublu söyləyib ki, 26 fevralda saat 12:00-da KXCP, bu ağır faciə gününü yad edərək, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edəcəklər: “Bu ziyarəti biz KXCP-yə müttəfiq partiyalarla birlikdə etməyi düşünürük”. Müsavat Partiyasının isə fevralın 6-da keçirilən Divan iclasında Xocalı soyqırımının 25 illiyi ilə bağlı fevral ayının 26-da böyük yürüş keçirilməsi təklif edilib. ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib ki, Xocalı soyqırımı ilə bağlı onlar artıq tədbirlərə başlayıblar: “Hər il olduğu kimi, bu il də fevralın 26-da ”Ana fəryadı" abidəsini ziyarət edəcəyik. Bu ziyarətdə partiyanın rəhbərliyi və Bakı şəhər təşkilatlarının üzvləri iştirak edəcəklər. Çox güman ki, digər partiyaların nümayəndələri ilə birlikdə bu ziyarətə qoşulaq. Son zamanlar müxalifət birliyi istiqamətində danışıqlar gedir və abidənin ziyarətində də bu partiyaların birgə iştirakı nəzərdə tutulub. Bununla bağlı qərarımız dəqiq deyil. Ancaq yəqin ki, bu günlər ərzində yekun qərar veriləcək. Eyni zamanda fevralın 20-də partiyanın idarə heyətində müzakirələr etmişik və “Xocalı soyqırımı” ilə bağlı bəyanat da yayacağıq. Xocalı hadisələri hər zaman partiyamız tərəfindən diqqət mərkəzində saxlanılır". Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də qəzetimizə bildirib ki, artıq onların partiyası da bölgələrdə, rayon təşkilatlarında Xocalı hadisələri ilə bağlı tədbirlər keçirirlər: “Fevralın 26-da Xocalı rayon təşkilatı Gəncə şəhərində tədbir keçirəcək. Partiya rəhbərliyi və üzvlərlə isə 26 fevral saat 12:00-da Xocalı şəhidlərinin xatirəsinə həsr olunan abidəni ziyarət edəcəyik”.
AG Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirib ki, bu il faciənin ildönümü ilə əlaqədar hansısa tədbir keçirməyi planlaşdırmırlar: “Faciə günü ”Ana fəryadı" abidəsini ziyarət edərək önünə əklil qoyacağıq. Bu ziyarətdə partiya üzvlərinin kütləvi iştirakını təmin etmək niyyətindəyik. Həm də artıq AG Partiyanın da təmsil olunduğu birləşmiş müxalifət koalisiyasının da qərarı var ki, bu ziyarəti partiyalar birlikdə etsin. Biz də burada təmsil olunan digər partiyalarla ( KXCP, ADP, VİP, AXP, ALDP, AZADLIQ və s.) birlikdə ziyarətdə iştirak edəcəyik".