Dillər Universitetində məsləhətçi-professor vəzifəsi təsis EDİLDİ

 Похожее изображение

Azərbaycan Dillər Universitetində (ADU) məsləhətçi-professor vəzifəsi təsis edilib.

Universitetin Elmi Şurasının 17 fevral 2017-ci il tarixli iclasında “Azərbaycan Dillər Universitetində məsləhətçi-professor vəzifəsi haqqında” Əsasnamə qəbul olunub. Əsasnamə yüksək ixtisaslı elmi-pedaqoji kadrların, professorların (dosentlərin) təcrübəsindən ADU-nun elmi-tədris prosesində istifadə etmək, tədris və elmi proseslərdə varisliyi təmin etmək və təhsil ocağında keyfiyyətli elmi-pedaqoji kadrlar hazırlamaq məqsədi ilə hazırlanıb.

Məsləhətçi-professor ADU-da, əsasən, elmi tədqiqatlara rəhbərlik formasında elmi-pedaqoji kadrların hazırlanması, magistr dissertasiyalarına rəhbərlik, dissertant və doktorantlara elmi rəhbərlik və məsləhət, dərslik, dərs vəsaitləri və digər tədris-metodiki materialların hazırlanması işlərinə cəlb olunur.

Məhdud saatda mühazirə oxumaq hüququ da olan məsləhətçi-professor vəzifəsini professor və ya dosent elmi adı olan, qocalığa görə əmək pensiyası almaq hüququna malik, elmi-pedaqoji stajı 35 ildən az olmayan, ADU-da professor vəzifəsində 10 ildən, dosent vəzifəsində isə 20 ildən artıq işləmiş, elmi məktəb və ya elmi istiqamətə rəhbərlik edən, dissertasiyaların müdafiəsi üzrə ixtisaslaşdırılmış şuraların üzvü olan, elmi ekspertizaların müxtəlif formalarında iştirak edən, elmi və pedaqoji fəaliyyət sahəsində başqa nailiyyətləri olan ADU professoru (dosenti) tuta bilər.

Rektorun əmri ilə təyin olunan məsləhətçi-professor vəzifəsində qalmağın zəruri şərti bu vəzifəni tutan şəxsin ildə ən azı bir dərc olunmuş məqalə və ya dərsliyin (dərs vəsaiti, monoqrafiya) hazırlanmasında iştirakı, magistr, dissertant və doktorantlara elmi rəhbərlik etməsi və elmi məsləhət verməsi, həmçinin elmi və pedaqoji fəaliyyət sahəsində başqa nailiyyətlər əldə etməsidir. 

AzerTaym.az






Fikirlər