ADU-da doktorantlara vəsiqələr verildi
Səməd Seyidov universitetdə təhsil alan doktorant və dissertantlarla görüşdü.
Modern.az xəbər verir ki, Səməd Seyidov ali təhsil müəssisələrinin məqsədinin ali bilikləri mənimsəmək arzusunda olan gənclərə bu yolda öz fəaliyyətini ən yüksək səviyyədə nümayiş etdirmələri üçün şərait yaratmaq olduğunu söylədi.
Doktorantların maraqlı, çətin, şərəfli sahə olan elmi araşdırmalara yenicə qədəm qoyduqlarını deyən rektor tədqiqatların aparılmasında elmi rəhbərlərlə məsləhətləşməyin önəmli olduğunu qeyd etdi. Hər sahənin bir-biri ilə əlaqəli olduğunu deyən Səməd Seyidov bu gün qlobal bir elmin formalaşdığını söylədi. Rektor Səməd Seyidov bildirdi ki, Dillər Universitetində elmi araşdırmaları yüksək səviyyədə aparmaq iqtidarında olan ordu yaranıb və bu elmi orduya köməklik göstərilir. Azərbaycan elminin dünya elminə qovuşmasını təmin etməyin zəruruliyindən danışan rektor elmin ümumbəşəri olduğunu bildirdi.
Bu gün ADU-da gedən tədris proseslərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirmənin nəticəsi olaraq universitet əməkdaşlarının yüksək vəzifələrə təyin olduğunu söyləyən rektor Səməd Seyidov professor Azad Məmmədovun da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru kimi fəaliyyətini davam etdirdiyini qeyd etdi. Universitet əməkdaşlarının beynəlxalq uğurlarından danışan rektor rəhbərlik etdiyi ali təhsil müəssisənin xarici əlaqələrinin uğurla inkişaf etdiyini dedi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) son 22 il ərzində Azərbaycanda ali təhsil müəssisələri üzrə ən yüksək və ən aşağı müsabiqə vəziyyətini müəyyənləşdirmək üçün apardığı araşdırmanın nəticələrinə əsasən Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının III qrup üzrə ən nüfuzlu ixtisas olaraq müəyyənləşdirildiyini deyən rektor Səməd Seyidov ölkə üzrə bu statsitikaya əsasən ADU-nun qərar tutduğu birinciliyi gələcək fəaliyyəti ilə qoruyub saxlamağın vacibliyini sözlərinə əlavə etdi. Rektor elmin inkişafına töhfə olaraq ADU-nun elmi tədqiqatçılarının məqalələrinin impakt faktorlu beynəlxalq jurnallarda nəşrinin, müxtəlif beynəlxalq tədbirlərdə və konfranslarda doktorant və dissertantların iştirakının, yerli təşkilatlarla əməkdaşlıqda yeni elmi ideyaların həyata keçirilməsində universitetin maddi dəstək göstərməyə hazır olduğunu bildirdi. Səməd Seyidov öz gələcəyini məhz elmlə bağlayan insanlara bu yolda uğurlar arzuladı və təbrik etdi.
Elmi rəhbərlərdən Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov, Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, İngilis dilinin fonetikası kafedrasının müdiri, professor Fərman Zeynalov çıxış edərək ADU-da elmlə məşğul olmaq arzusunda olan hər bir gənc üçün müvafiq şəraitin yaradıldığını söylədilər. Elmi rəhbərlər doktoranturaya yeni qəbul olunmuş gənc tədqiqatçılara tövsiyyələrini verərək təbrik etdi və bu şərəfli yolda uğurlar arzuladılar.
German dilləri – 5708.01 ixtisası üzrə müdafiə etmiş dissertant Aytən Allahverdiyeva, Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 5801.01 ixtisası üzrə müdafiə etmiş dissertant Günay Şirəliyeva, Dil nəzəriyyəsi – 5704.01 ixtisası üzrə qəbul olunmuş dissertant Səfiyyə Mursalıyeva, German dilləri – 5708.01 ixtisası üzrə qəbul olunmuş doktorant İzaura Şirinovanın çıxışları dinlənildi.
Sonra doktoranturaya yüksək balla qəbul olanların adlarını açıqlandı və doktorantların vəsiqələri təqdim olundu. Nəticələrə görə, German dilləri - 5708.01 ixtisası üzrə Səbinə Vəliyeva və İzaura Şirinova dövlət hesabına, 14 bal, Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası - 5801.01 ixtisası üzrə Hüzurə Ağayeva dövlət hesabına, 14 bal, Müqayisəli-tarixi və müqayisəli tipoloji dilçilik – 5714.01 ixtisası üzrə Aynur Kərimli dövlət hesabına, 13 bal toplayıblar.
Daha sonra ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov doktorantura təhsilinin prosedur qaydaları haqqında məlumat verdi. Hazırda universitetdə 200-ə yaxın doktorant və dissertantların təhsil aldığını deyən D. Yunusov məlumatda qeyd etdi ki, doktoranturada əyani təhsil fəlsəfə doktoru proqramı üzrə 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə isə 4 il, elmlər doktoru proqramı üzrə əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Doktorantları öhdəlikləri ilə tanış edən prorektor doktorantura ilə əlaqədar istisna halları da elmi tədqiqatçıların diqqətinə çatdırdı.
Sonda doktorantların təklif və iradları dinlənildi, onları maraqlandıran sualları cavablandırıldı.