16.09.2014- Səməd Seyidov: “Azərbaycan Dillər Universiteti bu gün mədəniyyət mərkəzinə çevrilmiş ali məktəbdir
ADU-dan verilən məlumata görə, görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatları Məlahət Həsənova, Asim Mollazadə, Xanlar Fətiyev, Cavanşir Feyziyev, unviersitetin prorektorları, fakültə dekanları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak edirdi.
ADU-nun akt zalında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yeni tədris ili münasibətilə professor - müəllim heyətini, tələbələri təbrik etdi.
Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan Dillər Universitetinə daxil olan tələbələrə uğurlar arzulayan rektor Səməd Seyidov 15 sentyabr “Bilik günü”nün Azərbaycanda, o cümlədən Azərbaycan Dillər Universitetində şərəfli bir gün kimi qeyd olunduğunu dedi. ADU-nun rəhbəri Azərbaycan təhsil sisteminin öncəki vəziyyətində mövcud çətinliklərə nəzər salaraq bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təhsilin inkişafı üçün yaradılmış şərait, təhsilə verilən qiymət, gənclərə xüsusi qayğı nəticəsində Azərbaycan təhsil sisteminin inkişaf etdiyini, elm, təhsil, sülh, inkişaf mühitində ADU-nun timsalında ölkəmizin ali təhsil müəssisələrinin yüksək səviyyədə mütəxəssislər hazırladığını, azərbaycanlı gənclərin təhsillərini davam etdirmək üçün dünyanın müxtəlif ölkələrinə göndərildiyini söylədi. Rəhbərlik etdiyi ali təhsil ocağının yaranması tarixi, universitetdə fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verən rektor bildirdi ki, Azərbaycan Dillər Universitetində dünyanın 20-dən çox aparıcı dilləri tədris olunur: “İndi yalnız Azərbaycan Dillər Universitetinin timsalında hər bir tələbə dünyanın müxtəlif dillərini öyrənmək imkanına sahibdir. Bu gün ADU-da 20-dən çox xarici dil tədris olunur. Onların içərisində dünyanın ən aparıcı dilləri- ingilis, fransız, alman, italyan, ispan, Koreya, yapon, Çin, ərəb, bununla yanaşı müxtəlif başqa dillər-Skandinav dilləri, Polyak dili, macar dili və başqa dillər də universitetdə mövcuddur. ADU-da, o cümlədən müxtəlif mədəniyyət və dil mərkəzləri fəaliyyət göstərir. Bu gün Azərbaycan Dillər Universiteti mədəniyyət mərkəzinə çevrilmiş ali məktəbdir”.
Azərbaycan Dillər Universitetində yeniləşmiş, dünyanın ən müasir texnologiyalarını özündə ehtiva edən, Cənubi Qafqazda ən böyük İnformasiya Resurs Kompleksi (İRK), o cümlədən İRK-nın Amerika mərkəzinin yüksək səviyyəli təmirindən sonra yenidən istifadəyə verildiyini və kompleksdə tələbələrin təhsili üçün bütün şəraitin yaradıldığını bildirdi. Müasir standartlara cavab verən ADU-da Filologiya və Jurnalistika fakültəsinin Jurnalistika ixtisasına qəbul olunmuş tələbələrin təşəbbüsü ilə universitetdə Telestudiyanın yaradıldığını və bütün müasir imkanlardan istifadə edərək bu peşəni ən yüksək səviyyədə mənimsənilməsi üçün universitetin geniş imkanlar təqdim etdiyini söylədi. Universitetdə 6000-dən çox istedadlı tələbənin təhsil aldığını söyləyən ADU-nun rəhbəri universitet tələbələri ilə fəxr etdiyini dedi.
Təhsillə elmin yanaşı addımladığını diqqətə çatdıran rektor Səməd Seyidov ən yüksək səviyyəli professor-müəllim heyətinin də ADU-da çalışdığını bildirdi və tələbələri peşəkarların biliklərindən yararlanmağa, fəal olmağa, elmi məqalələr yazmağa və universitetin Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etməyə çağırdı.
ADU-da aparılan islahatlardan söz açan rektor Səməd Seyidov universitetin təmir olunduğunu və avadanlıqların yeniləndiyini də tələbələrin diqqətinə çatdırdı. Azərbaycan Dillər Universitetinin tələbələrinin beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil olunduğunu söyləyən rektor burada oxuyan tələbələrin yaradılmış imkanlardan istifadə edərək dünyanın ən aparıcı ali məktəblərinin professorlarının mühazirələrini dinləyə biləcəklərini vurğuladı: “Bu gün Azərbaycan Dillər Universiteti Böyük Britaniya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları, İtaliya, Norveç və digər ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir, tələbə-müəllim mübadiləsi həyata keçirilir”.
ADU-nun Pedaqoji fakültəsinə 677 balla qəbul olan Gülşən Heydərova çıxış edərək ADU-ya qəbul olan tələbələri təbrik etdi. Arzuladığı universitetin tələbəsi adını qazanmaqdan sevinc hiss keçirdiyini deyən G. Heydərova ingilis dili fənninə olan sevgisindən dolayı bu gün tələbəsi olduğu ADU-da daim öz üzərində çalışaraq yüksək nəticələr əldə etməklə gələcəkdə peşəkar müəllim kimi fəaliyyət göstərmək niyyətini ifadə etdi. O, universitetin öndəgedən tələbələrindən olmaq istədiyini bildirdi. Gülşən Heydərova tələbə yoldaşlarına uğurlar arzuladı və yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirdi.
Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Esseks Universitetini fərqlənmə diplomu ilə bitirmiş Nərmin İsmayılova yeni qəbul olmuş tələbələri təbrik etdi. 4 il öncə yaşadığı hisslərini bölüşən Nərmin İsmayılova ölkənin ən aparıcı və ilklərə imza atmış universitetinin tələbəsi olmağın qürurverici bir hiss olduğunu bildirdi. ADU-ya qəbul olan tələbələri şanslı adlandıran Nərmin İsmayılova bu universitetin istər daxili, istərsə də xarici imkanlarının geniş olduğunu dedi. Onlara tələbələrə təhsil aldıqları müddətdə bu imkanlardan istifadə edərək məqsədlərinə çata biləcəyini bildirdi. Esseks Universitetini fərqlənmə diplomu ilə bitirməyini isə ADU-nun uğuru kimi qiymətləndirərək özünün Dillər Universitetinin yetirməsi olduğunu bildirdi.
661 balla Tərcümə fakültəsinin tələbəsi adını qazanan Şahanə Məmmədlinin atası Elçin Məmmədli çıxış edərək universitetdə yaradılan şəraitdən razılığını ifadə etdi və övladının ADU-da təhsil almasından fəxr etdiyini dedi. O, gənclərin öz təhsillərini başa vuraraq Azərbaycana layiqli şəxs kimi yetişəcəklərindən əminliyini bildirdi. Övladının bu sahəni seçməklə gələcəkdə öz bacarığını göstərəcəyinə, dil üzrə yüksək ixtisaslı kadrlar yetişdirən Dillər Universitetinin adını yüksəklərə qaldıracağına inamını ifadə etdi.
Milli Məclisin deputatı, Nəsimi rayonu üzrə YAP-ın Təşkilat Komitəsinin sədri Məlahət Həsənova öz dövrünün təhsil sistemindəki vəziyyəti xatırlayaraq müstəqil dövlətimizin gənclərinin yaradılan imkanlardan istifadə etməyini tövsiyyə etdi. ADU-da yaradılmış bütün imkanların dünya universitetləri ilə rəqabət aparmaq səviyyədə olduğunu deyən Milli Məslicin deputatı Məlahət Həsənova bu universitetin dünyaya, dünyadan isə ölkəmizə bir pəncərə olduğunu oynadığını dedi.
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov hər kəsi təbrik edərək Azərbaycanda və Azərbaycan Dillər Universitetində gedən inkişafın təqdirəlayiq hal olduğunu dedi. Milli Məclisin deputatı, professor Asim Mollazadə ADU-nun ölkəmiz və xalqımız üçün çox mühüm bir məkan olduğunu qeyd etdi və Azərbaycanın gələcəyinin bu universitetlə sığortalandığını vurğuladı. ADU-nun dünya ilə ünsiyyətdə qapıları açmaq üçün açar rolunu oynadığını dedi.
Milli Məclisin deputatı Cavanşir Feyziyev tələbələri qazandıqları ilk böyük uğurları münasibətilə təbrik etdi. övladının da ADU-nun tələbəsi adına layiq görülməsindən fəxr hissi keçirdiyini bildirdi. Tələbələrə tələbə adı qazanmağın uğur olması ilə yanaşı, digər uğurlarının da məhz ADU-nun tələbəsi olmaq olduğunu dedi. Dillər Unviersitetinin məzunlarına dünyanın bütün sahələrində, müxtəlif yerlərdə rast gəlməyin mümkünlüyündən danışan Cavanşir Feyziyev universitetin tələbələri böyük gələcəyə aparacağını bildirdi və bu yolda uğurlar arzuladı.
“Heç bir uğur tək əldən çıxmır. Bir yerdə çalışaraq biz həm təhsilimiz, həm elmimizi, həm respublikamızı, həm də universitetimizi yüksəldə bilərik. Bunun üçün universitetin tələbələri öz müəllimlərini qiymətləndirməlidir. Biz tələbələrimizlə fəxr etdiyimiz kimi” deyən rektor Səməd Seyidov prorektorları, dekanları və kafedra müdirlərini tələbələrə təqdim etdi.
Daha sonra yüksək balla universitetə daxil olmuş tələbələrə tələbə biletləri və qiymət kitabçaları, həmçinin qiymətli hədiyyələr təqdim olundu.
Görüş ADU-nun himninin səslənməsi ilə başa çatdı.
Qeyd edək ki, 2014/2015-ci tədris ilində 1465-ə yaxın bakalavr, 200-ə yaxın isə magistr pilləsinə daxil olmaqla ADU-ya qəbul planı 1665-ə yaxın tələbə təşkil edib.