Şeyxin Cocuq Mərcanlıda tikdirmək istədiyi Şuşa məscidinin TARİXİ
Azərbaycan tarixinin incilərindən olan "Yuxarı Gövhər ağa" məscidi indi erməni əsarətindədir Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Xocalı soyqırımına həsr olunan tədbirdə çıxışı zamanı bildirib ki, Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar bir məscid tikiləcək. Bəs Şeyxin bəhs etdiyi Şuşa məscidi nə zaman tikilib? Tarixi mənbələrdə qeyd olunur ki, Şuşanın mərkəzi meydanında öz gözəlliyi və əzəməti ilə seçilən "Yuxarı Gövhər ağa" məscidini (Cümə məscidi) 1883-84-cü illərdə, Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib. Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Qarabağ xanı Pənahəli xanın dövründə qarqu və qamışdan bir məscid tikilib. Pənahəli xanın tikdirdiyi qarqu məscid 1768-ci ildə növbəti Qarabağ xanı İbrahimxəlil xan tərəfindən daşla əvəz etdirilib. Mənbələrdə qeyd olunur ki, bu məscid həm minarəsiz olub, həm də görünüş etibarı ilə heç də uğurlu alınmayıb. Qeyd olunur ki, məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməyib və buna görə də həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirib. Sonradan bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış "Yuxarı Gövhər ağa" məscidi kimi tanınan həmin bina inşa edilib.
Mənbələrdə məscidin binası haqqında aşağıdakılar qeyd olunub: məscidin mərkəzindəki sivri uclu günbəz, çatma tağbəndli portal, onun yan tərəflərindəki eyni örtüyə malik olan taxçalar və qoşa minarələr bu məscidin ümumi siluetini səciyyələndirir. Məscidin ümumi hündürlük səviyyəsindən başlayaraq yuxarıya doğru getdikcə nazikləşən və sonra sabit silindrik formada son zirvəsindəki yüngül çardaq örtüyünə qədər qalxan hər iki minarənin gövdəsini rombvari həndəsi qurşaqlar bəzəyirdi. Həmin minarə çardaqlarının son zirvəsində quraşdırılmış aypara şəkilli ucluqlar məscidin mərkəzindəki günbəzin sonluğu ilə həmahənglik təşkil edirdi. Məscidin ibadət zalında iki tərəfli cərgə səkkizbucaqlı daş sütun düzülməklə onu üç hissəyə ayırıb. Qeyd olunur ki, məscidin hər bir minarəsinin daxilinə səksən beş ədəd pilləkən vintvari şəkildə yerləşdirilmişdir ki, bu da onun çardağına çıxmaq üçün nəzərdə tutulub. Buranın işıqlanması üçün on bir ədəd yarıq şəkilli pəncərə qoyulmuşdur.Mənbələrdən aydın olur ki, həmin minarələr üzərindəki naxışları və ibadət zalının digər bəzək işlərini Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, xəttat və musiqişünas azərbaycanlı alim, Mir Möhsün Nəvvab işləyib. Məscidin baş fasadındakı incə relyefə malik çiçək naxışları və haşiyələnmiş kitabələr də xüsusi zövqlə işlənib. Nəstəliq xəttilə qabarıq şəkildə daşa həkk olunmuş fars dilindəki həmin kitabələrdən biri də məscidin tikilmə tarixini təsdiq edir. Bu xonçaşəkilli kitabədə “Qarabağlı memar Kərbəlayi Səfixanın işidir. H.t. 1301-m.t. 1883-84-cü illər-R.B.” sözləri yazılıb.
"Aşağı Gövhər ağa" və "Yuxarı Gövhər ağa" məscidləri Şuşada cümə məscidi kimi məşhur olublar. Mənbələrdə qeyd olunur ki, Şuşa qalasında Gövhər ağanın adını daşıyan iki məscidin tikilməsi eyni məzhəbin fərqli cərəyanlarına mənsub insanlara ibadət üçün şərait yaratmaq məqsədi güdüb. Bu məscidlər arasında məsafə təxminən iki yüz metr olub.
Məscid 1992-ci ilin mayında Şuşanın işğalı zamanı erməni silahlı birləşmələri tərəfindən ciddi dağıntıya məruz qoyulub. Ötən il xəbər yayılmışdı ki, ermənilər bu məscidi təmir edirlər. Belə ki, Ermənistan mətbuatının ötən ilin dekabr ayında yaydığı xəbərdə qeyd olunurdu ki, təmiri iranlı mütəxəssislər aparırlar. Bildirilirdi ki, İran şirkəti Dağlıq Qarabağdakı qondarma rejimin İqtisadiyyat Nazirliyinin sifarişi ilə Şuşa məscidində bərpa işlərinə artıq başlayıb. Lakin İran Xarici İşlər Nazirliyi İran şirkətinin Şuşada məscid təmir etməsinə dair yayılan xəbərləri təsdiqləmədi. Azərbaycanın müvafiq qurumları da bu xəbərə reaksiya verərək bildirmişdilər ki, Ermənistanın Azərbaycan məscidini bərpa etmək istəyi işğal etdiyi ərazilərdə mədəni-dini abidələrimizə qarşı həyata keçirdiyi vandalizm siyasətini ört-basdır etmək cəhdidir.