Qazandıqları təcrübə tələbələri gələcək iş həyatına NECƏ HAZIRLAYIR?
Təhsil zamanı nəzəri biliklərlə yanaşı təcrübi bacarıqlara yiyələnmək gələcək karyera həyatında olduqca əhəmiyyətli rol oynayır. Nəzəri biliklərə üstünlük verilən auditoriyadan qaynar iş həyatına düşən gəncin özünü natamam hiss etməməsi üçün məhz təhsilillərində bu bacarıqları qazanması çox vacibdir. AzerTaym.az xəbər verir ki, bu baxımdan Qərb Universitetinin ənənələri, formalaşdırdığı model effektivliyi ilə seçilir.Tələbələrin istehsalat təcrübəsinin ən yüksək səviyyədə təşkil olunması üçün ardıcıl tədbirlər görülür, yeni əməkdaşlıq platformalarına çıxış əldə edilir, yerli və xarici partnyorlarla müqavilələr və ən yüksək standartlara malik olan qurumlarda, şirkətlərdə təcrübə keçmələri təmin edilir. Hazırda Qərb Universitetinin tələbələri Milli Məclisdə, bir sıra nazirlik və komitələrdə, AMEA-nın institutlarında, aparıcı banklarda və digər tanınmış şirkətlərdə təcrübə keçmək imkanına malikdirlər. Bəs tələbələr bu imkanlardan necə yararlanırlar? Özləri bu barədə nə düşünürlər: İstehsalat təcrübəsi onlara nələr qazandırır? Qazandıqları təcrübənin gələcək iş həyatında nə kimi təsirlərini gözləyirlər? Məhz bu suallar ətrafında hazırda müxtəlif qurumlarda, şirkətlərdə təcrübədə olan tələbələr arasında sorğu apardıq: Aysel Mirzəyeva, İşgüzar-inzibatçılıq fakültəsi: - Mən “Asan Xidmət” Mərkəzində təcrübə keçirəm. “Asan Xidmət”in xidmət standartları ilə tanış olmaq çox maraqlıdır, eyni zamanda deməliyəm ki, olduqca faydalıdır. Bu, əsl iş təcrübəsidir. Bu təcrübə bizi gələcək iş həyatına hazırlayır. Şeripbay Rejepbayev, Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsi: - Mən Bakı şəhər Gənclər və İdman Baş İdarəsində təcrübədəyəm. Tədbirlərdə fəal şəkildə iştirak edirəm, tədbirlərə hazırlıqla, idarənin fəaliyyəti ilə yaxından tanış oluram, iş prosesinə qoşuluram. Gələcək karyeramda bu təcübə dövründə qazandıqlarımın mühüm rol oynayacağına inanıram. Səbinə Ağayeva, Qərb dilləri fakültəsi: - Mən İçərişəhər Tarix Muzeyində təcrübədəyəm. Fikrimcə istehsalat təcrübəsi insana çox şey qazandırır. Bu, bizim daha yaxşı mütəxəssis olmağımızda çox böyük rol oynayır. Danılmaz faktdır ki, istehsalat təcrübəsi gələcək iş həyatımız üçün çox mühüm aspektdir. Rüstəm Məmmədov, İşgüzar-inzibatçılıq fakültəsi: - Özümü yeni nələrsə kəşf edən adam kimi hiss edirəm. Nəzəriyyə lazımdır, amma fakt odur ki, uğurlu karyera həyatı üçün təcrübə mütləqdir. Bu təcrübənin faydasını artıq indidən hiss edirəm. Eltur Qasımov, Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsi: - Hazırda Azərbaycan Respublikasının Milli Məclisinin Analitik İnformasiya şöbəsində istehsalat təcrübəsi keçirəm. İstehsalat təcrübəsi hər bir tələbənin həyatında böyük rol oynayır. Sırf bu təcrübə zamanı tələbələr karyeraları üçün lazım olacaq bilik və bacarıqları mənimsəyir və gələcəkdə daha güclü kadr olma şansı qazanırlar. Məhəmməd Məhəmmədli, Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsi: - İstehsalat təcrübəsi insanın gələcək həyatında böyük rol oynayır. Təcrübə zamanı qazanılan biliklər gələcəkdə karyera qurmaq üçün böyük təkandır. Kamran Quliyev, Kompüter elmləri və dizayn fakültəsi: - İstehsalat təcrübəsi tələbələrin lazımi təcrübə qazanması üçün böyük şərait yaradır. Bu təcrübə zamanı tələbələr mütəxəssislərlə təcrübə mübadiləsi apararaq daha da ixtisaslaşır və gələcəkdə daha məhsuldar fəaliyyət göstərirlər. Aida Böyukzadə, Kompüterelmləri və dizayn fakültəsi: - Elə Qərb Universitetinin özündə istehsalat təcrübəsi keçirik. Təcrübəmiz yeni başlayıb və bu qısa zaman ərzində çox şey öyrənmişik. İstehsalat təcrübəsi gələcək karyera üçün əvəzsizdir. Leyla Abbasova, Kompüter elmləri və dizayn fakültəsi: - İstehsalat təcrübəsi olmadan bir tələbə gələcək işinin necə olacağını təsəvvür edə bilməz. Təcrübə zamanı biz çox şey öyrənirik və bunu gələcəkdə öz işimizdə tətbiq edəcəyimizə inanırıq. Səadət Abıyeva, Qərb dilləri fakültəsi: - İxtisasımız üzrə keçdiyimiz istehsalat təcrübəsi bizim üçün böyük rol oynayır, inanıram ki, gələcəyimizə və karyeramıza böyük təsiri olacaq.