Bu gün Azərbaycanın iki yaxın qonşusu Rusiya və Türkiyə prezidentlərinin görüşü olacaq.
Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğanın görüşündə bir sıra önəmli məsələlər müzakirə ediləcək. Əsas müzakirə mövzularından biri də NATO-nun mənfi yanaşdığı, Türkiyənin almaq istədiyi S-400 raket kompleksi ilə bağlı olacaq.
Bu gün keçiriləcək görüş Rusiya ilə Türkiyə arasında 2015-ci ilin noyabr ayında yaşanan təyyarə böhranından sonra keçirilən ən yüksək səviyyəli zirvə olacaq.
İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Rusiya-Türkiyə Ali Əməkdaşlıq Şurasının zirvə toplantısı adlandırılan tədbirdə Ərdoğan ilə Putin son 7 ayda 4-cü dəfə bir araya gəlmiş olacaq. İki ölkə arasında bir neçə sahədə razılaşma imzalanacağı gözlənilir. Münasibətlərin təyyarə böhranından öncəki səviyyəyə gətirmək planlaşdırılır.
İlk olaraq iş adamlarına vizasız səyahət, qida, əkinçilik, turizm, müdafiə, nəqliyyat sahələri müzakirə ediləcək. İki ölkənin müdafiə sahəsində rəsmi şəxslərinin "S-400" alışı ilə bağlı müzakirələrinin nəticələri də liderlərin görüşündə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, NATO raket zenit sisteminin alınması məsələsinə mənfi münasibət bəsləyir. Daha öncə də NATO standartlarına uyğunluq səbəbi ilə müdafiə sənayesi sahəsində Rusiya ilə bəzi alış razılaşmaları həyata keçirilə bilməmişdi.
Ərdoğan və Putin həmçinin Suriya, İraqdakı vəziyyəti, İŞİD, PKK, FETÖ terror təşkilatlarına qarşı mübarizədən bəhs edəcəklər.
AzerTaym.az